"Qarabağ"a hər cür sürpriz edə bilərik"

"Qarabağ"a hər cür sürpriz edə bilərik"
MÜSAHİBƏ 14 Mart 2014 / 13:00 3577
-  A +

"Qəbələ" klubunun müdafiəçisi Ruslan Tağızadə Qol.Az saytına müsahibə verib. O, ölkə kubokunun 1/4 finalında "Qarabağ"la keçirilən oyun (0:0) və "Qəbələ"nin Topaz Premyer Liqanın son turlarında uğursuz çıxışları haqda sualları cavablandırıb.


- Ölkə kubokunun 1/4 finalının ilk oyununda "Qarabağ"ı qəbul etdiniz. Bu görüşlə bağlı fikirlərini öyrənək.

- "Qarabağ" bizim üçün həmişə çətin rəqib olub. Bu gün isə komanda çempionatın lideridir, öz oyunu ilə seçilən, ən güclü komandalardan biridir. Ona görə qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Bildiyiniz kimi çempionatda ardıcıl üç oyun "Qarabağ"a məğlub olmuşduq. Bu dəfə azarkeşlər önündə məğlub olmamal idik. Şükürlər olsun ki, yaxşı oynadıq. Demək olar  ki, bərabər səviyyəli oyun oldu. Sona yaxın biir qədər üstünlüyü ələ aldıq. İki əlverişli qol imkanından yararlana bilmədik.

- "Qarabağ"ın bir neçə aparıcı futbolçusu oyunda iştirak etmədi. Bu da işinizi asanlaşdırmadı?

- "Qarabağ"da ehtiyatda qalan futbolçular da daima start heyətdə oynamağa layiqdir. Yəni onlarda ehtiyat oyunçu anlayışı yoxdur. Fikir verdinizsə, "Bakı" ilə qarşılaşmada da "Qarabağ" fərqli heyətlə oynadı. Ancaq nəticədə güclü rəqibi 4:0 hesabı ilə məğlub etməyi bacardılar. Yəni bu komanda oyun üslubunu dəyişmir. Bizimlə qarşılamada da heç də zəif heyətlə oynamırdılar. Əvvəlki oyunlarda olduğu kimi bizim üçün çətin bir qarşılaşma oldu. 

 - Qeydə alınan hesab "Qəbələ" üçün nə dərəcədə sərfəlidir?

 - Çox istərdik ki, ən azı 1:0 hesabı ilə qələbə qazanaq. Ancaq 0:0  hesabı da bizim üçün pis nəticə deyil. Yəni qapımızdan qol buraxmamağımız işimizi xeyli asanlaşdırdı. Cavab oyununda ehtiyatlanan tərəf "Qarabağ" olacaq. Çünki istənilən qollu heç-heçə bizi növbəti mərhələyə çıxarır.

- Komandanızda son dövrlər eniş müşahidə olunur. Xüsusilə də ev oyunlarında "Qəbələ" qalib gələ bilmir.  Qış fasiləsindən sonra başlayan bu uğursuzluğu nə ilə izah etmək olar?

- Hər oyundan əvvəl futbolçularla müzakirə aparırıq. Deyirik ki, artıq bu dəfə azarkeşlərimizi sevindirəcəyik. Ancaq nədənsə alınmır. Komandamızda heç bir problem yoxdur. Hər şey qaydasındadır. Oyun sarıdan da geri qalmırıq. Hər bir komandanın bir uğursuz dönəmi olur. Biz də hazırda həmin dövrü keçiririk. Doğma meydanda qələbə qazana bilməməyimiz bizdə psixoloji gərginlik yaradır. Növbəti ev oyunumuz "İnter"lə olacaq. İnşallah həmin qarşılaşmada bu uğursuzluğa son qoyarıq. Çünki bundan sonra hər itirəcəyimiz xal çempionluq yarışından, mükafatçılar sırasından uzaqlaşmağımız deməkdir. Biz isə bu mövsüm maksimum nəticə qazanmağı qarşımıza məqsəd qoymuşuq.

- Çempionluq şansınızın cüzi olduğunu demək olar? Çünki lider "Qarabağ"dan doqquz xal geridəsiniz.

- Əslində doqquz xal böyük fərqdir. Ancaq çempionatın son turlarına qədər demək olmaz ki, "Qarabağ" çempiondur. Çünki "Qəbələ", "İnter" və "Bakı" "Qarabağ" üçün hər cür sürpriz edə bilər. "Qarabağ"ın adını çəkdiyim klublarla hələ oyunu var. Yəni "Qarabağ"ın çempionluq uğrunda tək mübarizə aparacağına imkan verməyəcəyik.

- Topaz Premyer Liqanın növbəti turunda "Bakı" ilə qarşılaşacaqsınız...

- Son turda "Bakı" da bizim kimi məğlub olub. Ona görə də hər iki komandada qələbə istəyi daha çox olacaq. Ancaq ən çox bizə qələbə lazmıdır. Çünki qalib gələcəyimiz halda futbolçularda ruh yüksəkliyi yaranacaq. Bununla da "Qarabağ"la kubokun cavab oyununa daha həvəsli çıxa bilərik.

Ramiq AĞAMƏMMƏDOV        

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu