Maksim Medvedyev: "Milliyə çağırılmamağımın səbəbini Foqts mənə deyib"
"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev Qol.Az saytına müsahibə verib. Milli komandamızın üzvü "Neftçi" üzərində qələbədən və Berti Foqtsun Dubay toplanışı üçün ona dəvət göndərməməsinin səbəblərindən danışıb.
- Başlayaq "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldiyiniz oyundan...
- Əvvəlcə azarkeşlərimizi minnətdarlığımı bildirirəm. Bizi dəstəkləmək üçün stadiona xeyli sayda insan gəlmişdi. Biz də onlara ləzzət edən oyun nümayiş etdirdik. Demək olar ki, imkanlarımızdan yüz faiz istifadə etdik. Hesabda 2:0 irəlidə olduğumuz ana qədər çox maraqlaı oyun gedirdi. Ancaq qırmızı vərəqədən sonra "Neftçi" bir qədər fərqli futbol oynamağa başladı. Sanki hesabla razılamışdılar, bilirdilər ki, 10 nəfərlə onlara çətin olacaq. Üçüncü qolu vurduqdan sonra isə aydın oldu ki, qələbə qazanacağıq. Həqiqətən də həmin üç xal bizə çox vacib idi. Artıq "Neftçi" ilə xal fərqimizi ona çatdırdıq. "Qəbələ" ilə olan 6 xallıq fərq isə hər an aradan qalxa bilər.
- Oyunun əvvəlindən sonuna qədər futbolçular arasında olan gərginliyin səbəbi nə idi?
- "Neftçi"ni başa düşmək olar. Fevral ayı onlar üçün uğursuz oldu. Rəqibimiz oyuna çox aqressiv çıxmışdı. Futbolçularımızı tez-tez vururdular. Ancaq biz yenə də təmkinlə oynayırdıq. Belə prinsipial oyunlarda həmişə gərgin mübarizə gedir. Dava da düşə bilərdi. Əsas odur ki, bu, baş vermədi. Bəzi gərgin anlarda təcrübəli futbolçular məsələni yoluna qoyurdu ki, oyun teatra bənzəməsin.
- Oyunda müəyyən mübahisəli məqamlar oldu. Araz Abdullayev qırmızı vərəqə aldı, sonra isə "Qarabağ"ın vurduğu qol hakim tərəfindən hesaba alınmadı. Bunlar haqda münasibətini öyrənmək istərdik.
- Arazın qırmızı vərəqə aldığı epizodu görmədim. Ancaq hakimin fitindən sonra oyuna başladıq və qol vurduq. Qolun niyə hesaba alınmamasını bilmirəm.
- Çünki komanda yoldaşın Rəşad Sadıqov hakimə yaxınlaşıb, qolu ləğv etməsini istəyib.
- Bəli, mübahisə olan zaman mən də yaxınlıqda idim. Aləm bir-birinə dəymişdi. Azarekeşlər də etiraz edirdi. Sanki "Neftçi" futbolçuları da gözləmirdi ki, biz oyuna belə tez başlayarıq. Ona görə də biz hakimə bildirdik ki, qolu ləğv etsin. İstəmədik ki, rəqib qələbəmizə hər hansı bir bəhanə ilə kölgə salsın. Ancaq hakimin qərarını ləğv etməsi anlaşılmaz oldu. Bu isə bizi qətiyyən məyus etmir. Həm də heç beş dəqiqə keçməmiş üçüncü qolu vurduq və başqa sözə ehtiyac olmadı. Artıq bunlar arxada qaldı. Bizə lazım olan üç xalı götürmüşük.
- "Neftçi" tərəfi yenə hakimlikdən narazı qalıb. Səncə hakim oyunu necə idarə etdi?
- Uduzan komanda həmişə günahkar axtarır. Hakimin bizə qarşı da haqsızlığı oldu. Bir neçə dəfə səhv ofsayt qərarı verdi. Hansı ki, həmin epizodlarda futbolçumuz rəqib qapıçısı ilə təkbətək çıxacaqdı. Ancaq hakimlər haqda çox danışmağı düzgün hesab etmirəm.
- Bütün amilləri nəzərə alanda "Qarabağ"ın indiyədək çempionluğa bu qədər yaxın olmadığını demək olar?
- Bir dəfə ən yaxın rəqibimizi dörd xal qabaqlamışdıq. Ancaq sonradan öz səhvimizdən uduzduq və rəqibimizi irəli buraxdıq. Bu dəfə isə daha yaxşı şansımız var. Ancaq bizim üçün hələ çempionluqdan danışmaq tezdir. Hələ qarşıda 12 tur var. Sona 3-4 tur qalmış belə fərqlə irəlidə olsaq, onda nəsə deyə bilərik. Ancaq hələ qarşımızda bütöv bir dövrə var. Bütün komandalar bir-biri ilə yenidən qarşılaşacaq və xal itirənlər olacaq.
- Artıq əsas rəqiblərinizdən sayılan "Neftçi"ni ilə 10 xal qabaqlayırsınız. İndi rəqiblərinizin dəyişdiyini demək olar?
- Əsla. "Neftçi"ni son iki mövsüm ərzində beş dəfə məğlub etsək də, bu komandaya qarşı həmişə çətin oynamışıq. Digər rəqiblərlə tam açıq futbol oynayırıq. "Neftçi" və Qəbələ"yə qarşı isə həmişə ehtiyatlı olmuşuq. Çünki bu rəqiblər kiçik bir səhvi bağışlamır. Düzdü, bu gün "Neftçi"ni 10 xal qabaqlayırıq. Ancaq demək olmaz ki, "Neftçi" aşağı pillələrdə qalacaq. Növbəti tur "Qəbələ" ilə "Neftçi" qarşılaşacaq. Bizim üçün yaxşı fürsət yaranıb. İkirəqibdən biri mütləq xal itirəcək. Biz isə "Bakı" ilə oynayacağıq. Fikirmcə, biz "Bakı"ya qalib gəlsək, digər rəqiblərin nəticələri bizi maraqlandırmaz.
- Növbəti rəqibinizdən söz düşmüşkən, "Bakı" da qış fasiləsindən sonra uduzmayan yeganə komandalardandır.
- Biz də statistikaya nəzər salmışıq. Rəqibimizin 6 oyunun cəmi birində xal itirib. "Bakı"nın oyununu daha yaxşı analiz etməliyik. Nə qədər də yaxşı formada olsalar da, zəif tərəfləri mqtləq var. Həmişəki kimi öz oyunumuzu oynayacağıq. Ancaq ola bilər ki, "Bakı" bizə qarşı fərqli taktika ilə oynasın. Çünki baş məşqçiləri "Neftçi" ilə oyunumuzu izləyib və yəqin ki, müəyyən nəticələr çıxarıb.
- Çempionatda yaranan fasilə komandanıza necə təsir edə bilər?
- Məncə, fasilə bir tərəfdən yaxşıdır. Çünki son vaxtlar çox sıx qrafiklə oynayırdıq. Bakıda qalan futbolçularımız həm fikizi həm də psixoloji cəhətdən dincələcəklər. Ancaq bunun pis tərəfi də var. Yəni yaxşı tempdə davam etdiyimiz bir vaxtda futbolçular ayrı düşür, bir yerdə məşq edə bilmirik.
- Millimizin Dubay toplanışına dəvət olunmamağın gözlənilməz oldu.
- Mənim üçün gözləniməz deyildi. Foqts bu barədə mənimlə danışıb. Dubaya aparılmamağımın səbəbni də deyib. Ancaq ikimizin aramızda olan söhbəti açıqlamaq istəmirəm. İnşallah növbəti toplanışda məni millinin heyətində görə bilərsiniz.
- Millimizin "Avro-2016"ın seçmə mərhələsindəki rəqibləri haqda nə deyə bilərsən?
- Çoxdan gözləyirdim ki, İtaliya ilə bir qrupa düşək. Çünki bu komandaya qarşı oynamamışam. Xorvatiya və İtaliya çox güclü komandalardır. Ancaq qrupun favoritlərinə qarşı da ən azı yaxşı oyun nümayiş etdirəcəyik.
Ramiq AĞAMƏMMƏDOV