"İndiyədək futboldan xəbərimiz olmayıb"

"İndiyədək futboldan xəbərimiz olmayıb"
MÜSAHİBƏ 27 Fevral 2014 / 18:47 4626
-  A +

Milli komandamızın sabiq üzvü Kamal Quliyev Qol.Az saytına müsahibə verib. "Neftçi"nin əvəzedici komandasında məşqçi işləyən veteran futbolçu hazırkı fəaliyyətindən, yığmamızın "Avro-2016"ın seçmə mərhələsindəki rəqiblərindən danışıb, vaxtilə İtaliya millisinə qarşı keçirdiyi oyunu xatırlayıb.

- Əvəzedici komandada işləriniz necə gedir?

- Başımı aşağı salıb, işimlə məşğul oluram. Futbolçularının düzgün inkişafı üçün çalışıram. Onların həm futbol oynamağı, həm də maariflənməyi üçün əlimdən gələni edirəm. Həmçinin B kateqoriyalı məşqçi kurslarına gedirəm. Çox təəssüf ki, bir neçə dəfə bu kursa yazılmaq istəsəm də, alınmadı. Əsas komandada çalışarkən Avroliqa və Çempionlar Liqasının oyunlarına görə vaxtım olmadı. Gec də olsa, oxuyuram. İndi mənə məlum olur ki, demə, bu günə qədər futboldan xəbərimiz olmayıb. Bizə məşq keçən məşqçilərimiz futbol haqda bizə heç nə öyrətməyib. Hazırda Nikolay Adam bizə dərs keçir. Həmişə demişəm ki, futbol böyük bir elmdir. Ancaq biz bu elmi öyrənə bilməmişik.

- Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində yer aldığı qrup haqda nə deyə bilərsiniz?

- Ağır qrupa düşmüşük. Türkiyə millisinin baş məşqçisi Fatih Terim müsahibəsində çətin qrupa düşdüklərini deyib. Əslində türklər bizimlə müqayisədə çox asan qrupa düşüblər. Ancaq hər bir komandaya qarşı oynamaq olar. İtaliya, Bolqarıstan, Norveç və Malta ilə qarşılaşmışıq. Təkcə Xorvatiya bizim üçün yeni rəqibdir. İtaliya və Xorvatiya bizə üstdən aşağı baxacaqlar. Bundan istifadə etmək lazımdır. Rəqibin arxayınlaşmasını yaxşı dəyərləndirməliyik. Heç bir komandanın adından, tutduğu reytinqindən çəkinmək lazım deyil. Meydançada başabaş mübarizə aparmaq lazımdır. Qeyd etdiyim kimi, güclü rəqiblər olsa da, hər birindən xal almaq olar. Sadəcə, meydanda futboldankənar heç nə etmək lazım deyil.

- "Avro-2004"ün seçmə mərhələsində İtaliya millisinə qarşı çıxış etmisiniz. 2002-ci ildə Bakıda keçirilən oyunu necə xatırlayırsınız?

- Həqiqətən o vaxt stadionda çox gözəl futbol ab-havası, futbol bayramı var idi. Azarkeşlərimiz sağolsun, hamı stadiona gəlmişdi. Əlbəttə, onların qarşısında, o dəstəyin qarşılığında yaxşı oynamalı idik. Başqa cür ola da bilməzdi. Oyunumuz da pis alınmırdı. Ancaq bayaq dediyim futboldan kənar hərəkətin hesabına qapımızda qol gördük. Müdafiəçimiz Emin Ağayev cərimə meydançamız yaxınlığında rəqibi aldatmaq istədi və topu itirdi. Rəqib isə qapıya zərbə endirdi, top Tərlan Əhmədova dəyib, qapıya daxil oldu. Emin Ağayev həmin kobud səhvə yol verməsəydi, oyunun nəticəsi başqa cür olardı. Erkən qapımızda qol görməyimiz bizi bir qədər ruhdan salmışdı. Buna baxmayaraq, 90 dəqiqə ərzində mübarizə apardıq. İnzagi və del Pyero kimi futbolçulara qarşı yaxşı oynayırdıq. Əlbəttə ki, səviyyə, ustalıq öz sözünü deyirdi. Ancaq biz əzmkarlığımızla oyunu bərabər səviyyəyə çatdırmağa çalışırdıq. İndi də belə güclü rəqiblərlə düşməyimiz yaxşıdır. Belə ki, gənc futbolçularımız belə qarşılaşmalardan böyük təcrübə qazanacaqlar. Bu cür oyunlar futbolçularımızın Avropa klublarında çıxış etməsi üçün üçün ən qısa yoldur.

- Həmin qarşılaşmada bəzi azərbaycanlı azarkeşlər İtaliya millisini dəstəkləmək üçün stadiona gəlmişdi. Sizcə, bu, nədən irəli gəlirdi?

- Deməli, onlarda vətənpərvərlik hissi yoxdur. Hər bir milli komandanın və klubun azarkeşi olmaq olar. Ancaq həmin komanda öz yığmamızla oynayırsa, necə ola bilər ki, rəqibə azarkeşlik edəsən? Azarkeşlərimizə onu deyə bilərəm ki, belə ağır oyunlarda futbolçularımızı tək qoymasınlar. Futbol təcrübəm bunu deməyə imkan verir ki, onların dəstəyi böyük amildir. Heç bir futbolçu istəmir ki, stadiona yığılan minlərlə azarkeşin qarşısında aciz görünsün.

- Milli komandamızın hazırkı səviyyəsi "Avro-2016"ın final mərhələsinə çıxmağa imkan verir?

- Gəlin, real danışq. Qrupdan çıxmağımız reallığa sığan deyil. Futbolumuz bu gün inkişaf edir. Dövlətin də idmana qayğısını görürük. Ancaq hazırda potensialımız onu imkan vermir ki, heç olmasa pley-off mərhələsinə çıxaq. Çünki rəqiblərimiz bizdən qat-qat güclü komandalardır. Qrupdan çıxmaq bizim üçün hələ tezdir.

- Bir qədər də "Neftçi"dən danışaq. Komandanızın son uğursuz çıxışlarını nə ilə əlaqləndirmək olar?

- Əlbəttə ki, bu, bir məşqçi kimi mənim də ürəyimcə deyil. "Xəzər Lənkəran"la oyunda hakimlər komandamızın yarısını iflic vəziyyətinə saldı. Fikir verin, "Barselona" kimi klub üç əsas futbolçusunun yoxluğuna görə "Real Sosyedad"a 1:3 hesabı ilə uduzdu, rəqib qarşısında aciz qaldı. Təbii ki, əsas heyətin 4 futbolçusunun oynamaması "Neftçi"yə daha çox təsir göstərməlidir.

- "Neftçi" ardıcıl dörd oyundur qalib gələ bilmir. Bunun səbəbi sırf cəzalı futbolçularla bağlıdır?

- Məncə, bunların hamısını hakimlərin üzərinə atmaq olmaz. "Sumqayıt"a məğlub olmamalı idik. Bu komanda keçiləsi rəqib idi. Sadəcə baş məşqçinin planına əsasən 4-5 futbolçuya istirahət verildi. Həm də onların sarı vərəqə limitini doldurmaq təhlükəsi var idi. Növbəti görüş "Qarabağ"la olduğundan baş məşqçi bir qədər ehtiyatlı davrandı. Əvəzində cavan oyunçulara şans verildi. Gənclər "Sumqayıt"la görüşdə də etimadı doğrultmurlarsa, onlar daha hansı futboldan danışa bilərlər? Yenə də hər bir vəziyyəti dəyişmək öz əlimizdədir.

- Sabah "Neftçi"ni "Qarabağ"la çətin oyun gözləyir... 

- "Qarabağ" həmişə "Neftçi" üçün çətin rəqib olub. Sabah da gərgin bir qaşılaşmanın şahidi olacağıq. Yenə də iki futbolçumuzun olmamağı bizim üçün çətinlik yaradacaq. Ancaq bu gün qələbə hamıdan çox "Neftçi"yə lazımdır. Ümid edək ki, "Neftçi" sabah uğursuz seriyaya son qoyacaq. İnşallah futbolçular bunun da öhdəsindən gələrlər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki