Şahin Diniyev: "Millimizin qrupdan çıxmaq şansı yoxdur"

Şahin Diniyev: "Millimizin qrupdan çıxmaq şansı yoxdur"
MÜSAHİBƏ 26 Fevral 2014 / 18:00 3585
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın "Avro-2016"ın seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib. Təcrübəli mütəxəssis Qol.Az saytına açıqlamasında komandamızın çox da çətin qrupa düşmədiyini deyib. Bununla belə o, qeyd edib ki, yığmamız qrupun autsayderidir:

"Milli komandamıza daha güclü rəqiblər də düşə bilərdi. Maraqlı bir qrupda yer almışıq. İtaliya öz texniki və taktiki oyunu ilə seçilir. Xorvatiya sürətli oyunları ilə yadda qalır. Norveç atletik futbola üstünlük verir və daha çox uzun ötürmələrlə oynayır, güc futboluna üstünlük verir.  Belə deyək ki, bu üç komandanın keyfiyyətlərini özündə cəm edən bir Bolqarıstan var. Azərbaycan və Malta isə sonuncu olmamaq üçün mübarizə aparacaq. Qrupun favoritləri İtaliya və Xorvatiyadır. Norveç də bu komandalara mane olmaq gücündədir.  Məncə, Bolqarıstan üçüncü yer uğrunda Norveçlə mübarizə aparacaq.

Əfsuslar olsun ki, qrupdan çıxmaq şansımız yoxdur. Buna görə də milli komandamızın üstünə getmək lazım deyil. Yığmamızın vəzifəsi stabil oynayıb, xallar toplamaq olmalıdır. Təssüf ki, Azərbaycan Malta ilə birlikdə qrupun autsayderidir. Pafoslu, reklam xarakterli sözlər demək lazım deyil.  Bu gün reallıq budur.

Ş.Diniyev millimizin qrupunda olan komandaların "DÇ-2014"ün seçmə mərhələsindəki rəqiblərimizlə  çox fərqlənmədiyini, buna görə də komandamızdan daha artığını gözləməyin düzgün olmadığını  bildirib: "Həmin qrupda ən yaxşı halda  Şimali İrlandiyadan xal götürmək olardı. O yığma  qrupun orta səviyyəli komandası idi. İndiki qrupumuzda isə maksimum Bolqarıstanla dördüncü yer uğrunda vuruşa bilərik. Minimum isə Maltanı qabaqlamalıyıq".

Son olaraq "Rəvan" klubunu çalışdıran Diniyev Topaz Premyer Liqanın hazırkı vəziyyəti haqda da danışıb: "Çempionat hazırda daha da maraqlanıb. İkinci dövrədən sonra hamı üç komandanın birincilik uğrunda mübarizə aparacağını deyirdi. Ancaq üç xallıq sistemdə tez-tez komandaların yeri dəyişə bilir. "Bakı" və "İnter"in son oyunlarında uğurlu çıxış etməsi, "Qəbələ", "Qarabağ" və "Neftçi"nin xal itirməsi artıq lider komandaların sayını beşə çatdırdı. Yəni rəqabət daha da artdı. İndi stabil oynayan komanda yoxdur. Ona görə də kimin çempion, kimin ilk "üçlüy"ə düşməsi də sual altındadır. Ola bilər ki, qeyd etdiyim beş komanda heç Avroliqaya da vəsiqə qazanmasın".

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki