Rövşən Binnətli: "30 ildən çox bu arzu ilə yaşamışam"
Bu gün Azərbaycanın tanınmış idman jurnalisti Rövşən Binnətlinin 55 yaşı tamam olur.
Qol.Az saytı bu münasibətlə sabiq futbol şərhçisinə bir neçə sual ünvanlayıb
- Əvvəlcə, 55 yaşınızın tamam olması münasibətilə sizi təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm.
- Oxucuları tanış etmək üçün bilmək istərdik ki, neçə ilinizi jurnalistikaya həsr etmisiniz?
- 1980-ci ildən juranlistikadayam. Bunun 11 ilini telejurnalist kimi fəaliyyət göstərmişəm. 2001-2012-ci illərdə "Lider" televiziyasında işləmişəm. Ondan əvvəl də, indi də yazılı mediadayam - hazırda "new Baku Post" qəzetində redaktor kimi çalışıram. İki ilə yaxındır televiziyadan ayrılmışam.
- Səbəb?
- Başlıca səbəb o oldu ki, "Lider" TV mövzu baxımından istiqamətini dəyişdi. Bilirsiniz ki, bu telekanal idmana çox yer verirdi. Amma "Lider"in ənənəvi kursundan dönməsi həm də Azərbaycanda ayrıca İdman televiziyasının açılması ilə bağlı idi. Mən təbiətən işgüzar adamam, işin azlığı həmişə məni sıxıb. Orada isə işin çevrəsi getdikcə daralırdı və mən seçim qarşısında qaldım - ya yeni fəaliyyətə başlayan TV-yə getməliydim, ya da başqa sahəyə üz tutmalı idim. İş elə gətirdi ki, həmin vaxtlarda "new Baku Post" qəzeti təsis olundu və oradan sərfəli təklif aldım. Qəzet işi də ürəyimcə olan fəaliyyət sahələrindəndir və 11 illik fasilədən sonra yenidən qəzetə qayıtdım.
- Sizi televiziya ekranlarından görüb tanımışıq, səsiniz doğmalaşıb, ona görə daha çox telejurnalist kimi qəbul olunursunuz. Yenidən televiziyada işləməyiniz mümkündür?
- Mən televiziyada işə başlayanda artıq 42 yaşım vardı. Məncə, bu, televiziyaya gəlmək üçün bir az gec idi. Ancaq nə etmək olar, belə alınmışdı. Ona görə fikirləşirdim ki, bundan sonrakı fəaliyyətim elə televiziya ilə bağlı olacaq. Ancaq bu, bizim düşüncəmizdir. Talenin öz yazısı var. Bu mənada, hökm şəklində deyə bilmərəm ki, gələcəkdə nə olacaq. Əlbəttə, hər şey ola bilər. Nə vaxt ehtiyac duyulsa, təklif olsa, yenidən televiziyada işləməyə hazıram. Bunun üçün kifayət qədər enerji də var, həvəs də, istək də. Sadəcə, yaxşısını, xeyirlisini Allah bilir.
- İdman mediasının təcrübəli simalarından biri kimi, bu sahənin hazırkı səviyyəsi haqda nə deyə bilərsiniz?
- Nailiyyətlərə göz yummaq olmaz. Getdikcə idman mediasında həvəsi olanlar çoxalır. 10-15 il əvvəl həvəsi olan da, olmayan da idman mediasına gəlirdi. Çünki yaradıcılığın bu sahəsi bir çoxlarına kənardan çox asan görünürdü. İndi vəziyyət dəyişib, bəsit məlumatlı, təcrübəsiz adamlar qısa müddətdə çıxdaş olurlar. Peşəkarlıqlarını artırmağa çalışan gənclərin artması sevindirici haldır. Lakin bu, yalnız başlanğıcdır, görülməsi vacib olan işlər çoxdur. Əslində, narahatlıq doğuran məqamlar da az deyil. Məsələn, bu gün idman mediasında bir yolavermək xarakterli fəaliyyət nəzərə çarpır. Saytlarda təkrarçılıq həddən artıqdır, hamısında təxminən eyni məlumatlardır, fərqli xəbərlərə rast gələ bilmirsən. İnformasiyalar eyni mənbədən götürülür, əksər vaxt məzmununa qədər eyni olur. İdman mediası sanki muxtar qurumdur və ümumi jurnalisitakanın aparıcı, mühüm qollarından biridir. Ona görə də, hər bir idman yazarı, ilk növbədə, bu məsuliyyət hissini dərk etməlidir.
- Azərbaycan teleməkanında şərhçiliyin səviyyəsi necə, sizi qane edir?
- Bayaq dediyim peşəyə sevgi, istək şərhçilikdə də olmalıdır. Bir işin əsl peşəkarı olmaqdan ötrü gərək onun üçün alışıb-yanasan, həsrətini çəkəsən. Azərbaycan şərhçiliyində o istəyi görmək, duymaq çətinləşib. Əvəzində danışıq tərzindən həvəssizlik yağır, səsdən ətrafa pessimizm yayılır. Elə bil bütün gün daş daşımaqdan yorulmuş, əldən düşmüş kimsə nəsə danışır, yaxud bu adamı kimsə danışmağa məcbur edib. Siz mənimlə ad günümlə əlaqədar söhbət etdiyinizdən, nöqsanlardan bəhs etmək bəlkə bir az düz deyil. Ancaq mən də medianın içindəyəm və nöqsanları demək o anlama gəlməsin ki, özümü kənara çəkirəm. Xeyr, söhbət Azərbaycan idman şərhçiliyinin hazırkı ümumi mənzərəsindən gedir. Çalışmaq lazımdır ki, səhvlər təkrarlanmasın. Ən pisi odur ki, səhvlər yalnız təkrarlanmır, əksinə, artır. Bəzən hansısa qüsur deyiləndə dərhal eşidirsən ki, flankəs özü nə reportaj aparıb ki, ona-buna da irad bildirir? Yəni, əsas məsələ qalır qıraqda. Şərhçi olmaq o demək deyil ki, şərh elədiyi idman növünü hamıdan yaxşı bilir. Şərhçi daim öz-özünə təlqin etməlidir ki, ekran qarşısında əyləşib mənə qulaq asanlar arasında savadlı, intellektual səviyyəsi çox yüksək, oyun qaydalarını, Azərbaycan dilini gözəl bilən insanlar var. Şərhini məhz onlar üçün etdiyini düşünməlisən. Başqa cür yanaşsan, şərhin nə çəkisi, nə də keyfiyyəti olacaq. Ancaq düşünəndə ki, mənə akademiklər, bu oyunun biliciləri baxır, onda işinə ciddi münasibət bəsləyəcəksən və o zaman uğur mütləq səni tapacaq. Bəzən şərhçi 15-20 saniyə, hətta daha çox müddətə susur, hiss edirsən ki, hansısa məlumatı əldə etmək üçün başı internetə qarışıb. Bu zaman oyunda elə maraqlı hadisə baş verə bilər ki, şərhçinin tamaşaçıya çatdırmaq istədiyi məlumatdan daha önəmlidir. Ona görə də, efirə tam hazır çıxmaq şərtdir. Şərhçinin efirdən əsnəməyini eşitmək məni bir vətəndaş kimi, vaxtilə bu işlə məşğul olmuş insan olaraq narahat edir.
- Şərhçilik etdiyiniz vaxtlar sizi çoxmu tənqid ediblər?
- Əlbəttə, mənə də çoxlu iradlar tutulub və mən onları qəbul edirəm. İstər "Avro-2004"də, istərsə də yay Olimpiya oyunları Azərbaycanda ilk dəfə yayımlananda xeyli çatışmazlıqlar vardı. Ancaq unutmayaq ki, o zaman bizim istinad yerimiz yox idi. Bugünkü şərhçilərin isə belə bir imkanı var. Onlar əvvəlki illərin videoyazılarına baxmaqla ortaya daha səviyyəli məhsul qoya bilərlər. Təəssüf ki, belə işgüzarlıq nümunəsinə rast gəlmirik. Bəlkə də bu, şərhçilərin çox yüklənməsindən irəli gəlir. Ola bilər, amma bunlar televiziyanın daxili problemidir, onun tamaşaçıya qətiyyən aidiyyatı yoxdur. Tamaşaçı, oxucu öz haqqını tələb edir, səviyyəli məhsul istəyir. Kim həmin missiyanı boynuna götürübsə, o da işi yüksək səviyyədə görməlidir.
- Yəqin bunun nəticəsidir ki, xarici kanallara üz tutan tamaşaçılar çoxluq təşkil edir...
- Biz hamımız tamaşaçıyıq, siz də, mən də, şərhçi özü də. Oyunlar elə şərh olunmalıdır ki, Türkiyə, Rusiya kanallarına baxan Azərbaycan tamaşaçısı desin ki, yox, deyəsən, özümüzünkülər daha gözəl şərh edirlər. Buna çalışmaq lazımdır, hədəf bu olmalıdır. Daha bir mühüm məsələ: stadiondakı ab-hava tamaşaçıya çatdırılmalıdır. Əksər vaxt görürsən ki, stadion, yaxud idman sarayı tamaşaçı uğultusundan dağılır, amma efirə ancaq hərəkətlər gəlir, səsi alıblar. Belə məqamlarda şərhçinin yüksək səslə, emossional danışmağı bir cür qüsurdur, sakit tərzə üstünlük verməsi də başqa cür. Çünki həmahənglik pozulur. Yəni, tamaşaçının kanalı dəyişməsinin bütün təqsirini şərhçilərdə axtarmaq da ədalətsizlikdir. İndi bütün dünya televiziyalarında tamaşaçını cəlb etmək üçün ən müxtəlif üsullara əl atılır. Bizim bu sənət artistizmi də xoşlayır. Bunlar kompleks işlərdir, ona görə gərək dayanmadan öz üzərində işləyəsən.
- Bu sahədə olan çətinliklərdən və problemlərdən danışdıq. Bir qədər də çətin sənət olan şərhçiliyin sizin həyatınızda oynadığı roldan danışardınız.
- Təxminən 9-10 yaşlarımda nə vaxtsa şərhçi olmaq arzusu içimdə baş qaldırıb. 30 ildən çox bu arzu ilə yaşamışam. Şərhçi olmaq həyati arzularımdan olub. Şərhçilik qismətim olanda istəmişəm ki, 30 ildən çox içimdə yığılan enerjini tamaşaçı ilə paylaşım. Müəyyən məqamlarda buna nail olmuşam. Xüsusilə voleybol reportajlarımı tamaşaçılar çox yaxşı qarşılanıb. Öz komandalarımızın oyunu olduğu üçün həmin oyunları bir başqa ab-hava ilə, ovqatla şərh edirdim. Məşhur sovet şərhçisi Kote Maxaradze 40 il ərzində təxminən 20 idman növündə 3 minə yaxın şərhlər edib. Məndə 10-11 il ərzində reportajların sayı 1000-ə çatmadı. Ancaq Azərbaycan teleməkanında futbol üzrə ilk Avropa çempionatı, dünya çempionatı, qış və yay Olimpiya oyunlarını kimi irimiqyaslı idman yarışlarının şərhi mənim qismətimə düşdü. Bu da talenin işidir, bu sahəyə gec gəldim, amma tarixi missiyanı yerinə yetirənlərdən oldum. Mən xəyal kimi görünən bu işləri çox arzulayırdım. Xoşbəxtəm ki, o cür yarışları ilk dəfə Azərbaycan dilində tamaşaçıya çatdırmaq mənim qismətimə düşdü. Təxminən iki ildir televiziyadan ayrılmışam, ancaq bu günə kimi mənə zəng edib, gedişimin səbəbi ilə maraqlanan insanlar var. Onların hamısına hədsiz təşəkkür edirəm. Deməli, çəkilən əziyyət hədər getməyib. Sonda onu vurğulamaq istərdim ki, qeyd olunan iradlardan gənc həmkarlarım inciməsin. Onların hamısına böyük hörmətim var və çox istəyirəm. Bəzilərinə jurnalistikanın cığırlaırnı açmaqda köməyim də dəyib. Özümü heç vaxt onlardan ayırmamışam - uğursuzluqlar da, uğurlar da hamımızındır, bizimdir.
Ramiq AĞAMƏMMƏDOV
P.S. Qol.Az saytınn kollektivi 55 yaşının tamam olması münasibətilə Rövşən Binnətlini təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır.