Reynaldo: "Qarabağ"ın çox güclü olduğunu bütün komandalara göstərəcəyik"
Xəbər verdiyimiz kimi "Qarabağ"ın futbolçusu Reynaldo Silva Topaz Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu adına layiq görülüb. Peşəkar Futbol Liqasının təşkil etdiyi mükafatlandırma mərasimindən sonra braziliyalı yarımmüdafiəçi Qol.Az saytının suallarını cavablandırıb
- Bu yerə layiq görüləcəyini özün də gözləyirdinmi? Yəni son ayda çıxışın səni də qane edibmi?
- Belə nəticəyə görə çox xoşbəxtəm. Ancaq ayın futbolçusu seçiləcəyimi gözləmirdim. Çünki ümumiyyətlə digər futbolçuların oyununu izləmirəm.
- Öz yerində başqa bir futbolçunu görürdün, yoxsa sadəcə bu yerə layiq görülməyin gözlənilməz oldu?
- Xeyr. Sadəcə məni əsas komandamın qələbəsi düşündürür. Fərdi uğurlara o qədər də marağım yoxdur. Mənim üçün əsas "Qarabağ"ın uğurudur. Digər futbolçulara gəldikdə isə, elə "Qarabağ"ın futbolçularını qeyd edərdim. Almeyda və Çumbinyo da bu mükafata layiq görülə bilərdi.
- Əvvəlki ayların hansısa birində də bu mükafata layiq olduğunu düşünürsən?
- Mövsümün əvvəlində həm çempionatda, həm də Avropa Liqasında yaxşı çıxış etmişəm. Həmin ərəfədə ayın futbolçusu seçilməyə layiq ola bilərdim. Ancaq sonrakı aylar haqda bunu deyə bilmərəm. İndi isə yenə həmin formamı bərpa etmişəm.
- Ən yaxşı formada olduğunu demək olar?
- Əvvəlki turlarla müqayisədə son oyunlar özümdə irəliləyiş olduğunu hiss edirəm. Ancaq bundan da yaxşı çıxış edə bilərəm. Komandama kömək etməklə yanaşı öz oyunumla da seçilmək istəyirəm.
- "Qarabağ"ın çempionluq şansını necə görürsən və digər komandalardan hansını sizə əsas rəqib saymaq olar?
- Mənim hədəfim sadəcə qalib gəlmək, "Qarabağ"a kömək etməkdir. Futbolçu gərək digər klublarla yox, öz komandası ilə maraqlansın. Məncə, biz elə birinciliyimizi sona qədər davam etdirəcəyik. Ancaq "Qəbələ" və "Neftçi"ni də yaddan çıxarmaq olmaz.
- Bu yaxınlarda ata olmusan. Bu münasibətlə səni təbrik edirik. Oğlunun gələcəkdə futbolçu olmağını və onun "Qarabağ"ın formasını geyməyini istərdinmi?
- Təşəkkür edirəm. O vaxta qədər hələ çox var. Əgər oğlum futbol oynamağı bacarsa təbii ki, gələcəkdə "Qarabağ"da çıxış etmyini istəyərəm. "Qarabağ" gözəl komandadır, yaxşı futbolçuları, mehriban kollektivi var.
- Yəni Avropadan "Qarabağ"a gəlməklə qazandığını düşünürsən?
- Əlbəttə, "Qarabağ"da özümü xoşbəxt hiss edirəm. Klubda hamı ilə gözəl münasibətim var. Çalışacam ki, mümkün qədər "Qarabağ"da çox oynayım. Komandamla hələ iki ildən artıq müqaviləm var. Yəni iki ildən sonra da "Qarabağ" istəsə, burada qalacam.
- Növbəti oyununuz AZAL-ladır. Cari mövsümdə sizə yeganə məğlubiyyət acısı yaşadan komanda ilə qarşılaşmada revanş haqda düşünürsüz?
- Biz bu oyuna üç xal üçün çıxacağıq. Revanş haqda düşünmürük. Ancaq təkcə AZAL-a yox bütün komandalara göstərəcəyik ki, "Qarabağ" çox güclüdür.
Ramiq AĞAMƏMMƏDOV