Qurban Qurbanov: “Qarabağ”da hələ hər şey qaydasında deyil”

Qurban Qurbanov: “Qarabağ”da hələ hər şey qaydasında deyil”
MÜSAHİBƏ 5 Noyabr 2013 / 16:09 4597
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytının suallarını cavablandırıb. O, ötən tur "Qəbələ" ilə baş tutan oyun və Topaz Premyer Liqanın gedişatı haqda danışıb, "Qarabağ"ın çempionluq şanslarını dəyərləndirib

- Əvvəlcə ötən tur "Qəbələ" ilə qarşılaşdığınız maraqlı oyun (4:3) haqda danışmağına dəyər.

- Həqiqətən maraqlı görüş oldu. Nadir hallarda belə hesablı oyunlara rast gəlinir. Xüsusilə də 4:0 hesabı ilə qalib gəldiyin oyunda sonradan üç qol buraxmaq az-az baş verir. Hətta "Qəbələ" bərabərlik qolunu da vura bilərdi. Ancaq belə matçların bizim çempionatda olması sevindiricidir. Deməli, bizdə də maraqlı oyunlar olur. Hesabın belə nəticələnməyini normal qarşıladım. Oyundan razı qaldım. Düşünürəm ki, get-gedə belə qarşılaşmaların şahidi olacağıq. Hər tur gözlənilməz nəticə qeydə alına bilər ki, buna da hazır olmalıyıq.

- "Qarabağ" geridə qalan 11 turda qapısından dörd qol buraxmışdı, "Qəbələ" ilə oyundan isə qapısında üç qol gördü. Bu, komandanızın ardıcıl üç oyunda böyükhesablı qələbə qazanaraq arxayınlaşmağına görə ola bilər?

- Ola bilər ki, dördüncü qoldan sonra bir qədər arxayınlaşma olsun. Ancaq deməzdim tam arxayınlıq oldu. "Qəbələ"nin birinci qoluna qədər komandam bir qədər rahat ola bilərdi. Ancaq düşünmürəm ki, sona qədər bizdə arxayınılq oldu. "Qəbələ"nin oyununu da qeyd etmək lazımdır. Komandaya tanınmış mütəxəssis gətirilib. Futbolçularının hər biri yüksək ustalıq səviyyəsinə malikdir. Hər bir qol imkanından maksimum yararlanmağı bacaran oyunçulardır. Ola bilər ki, rəqib futbolçuları oyunun sonlarında qol imkanları yaratdıqları üçün hesab belə oldu. Yəni ilk dəqiqələrdən əlllərinə yaxşı fürsət düşsəydi, dəyərləndirə bilərdilər. Matçın bu hesabla yekunlaşması daha diqqətli olmağımıza bir işarədir.

- "Qarabağ"ın futbolçusu olmuş rəqib futbolçu Elnur Allahveridyev bir neçə dəfə Reynaldoya qarşı kobud oynadı. Epizodların birində "Qarabağ"ın məşqçilər korpusu buna sərt reaksiya verdi. Bundan əlavə oyundan sonra Elnur "Qarabağ" azarkeşləri haqda xoşagəlməz ifadələr işlədib. Buna münasibətinizi bilmək istərdik.

- Belə hallara çox fikir verməmək lazımdır. Bunlar mənim üçün də xoş deyil. Çünki ən azı Elnur bizim futbolçumuz olub, rəhbərliyim altında çox oynayıb. Bizim uğurlarımızda onun da payı var. İstəməzdim belə hal olsun. Azarkeşlər də düşünməlidir ki, Elnurun "Qarabağ"da yeri olub. Elnur da bizim azarkeşləri tanımalıdır, bilməlidir ki, həmin azarkeşlər vaxtilə "Elnur" şüarları səsləndiriblər. Məncə, bu xoşagəlməz hal tez bir zamanda yoluna qoyular. Futbolumuz yenicə inkişaf etməyə başlayır. İndi-indi belə oyunların şahidi oluruq. Buna görə də azarkeşlərlə futbolçular yaxşı münasibətdə olmalıdır. Elnur bildirdi ki, Reynaldoya qarşı qəsdən sərt oynamayıb. O, hücumçuya qarşı sərt oynamağı xoşlayır. Əsas odur ki, futbolçunu sıradan çıxarmaq istəməsin. Belə hallar çempionatımızda çox olacaq. Elnurun "Qarabağ" azarkeşləri haqda xoşagəlməz ifadə işlətməsinə gəldikdə isə, əlbəttə ki, belə sözlər deməli deyildi. Bu, futboldan kənar bir mövzudur. Ola bilər hirsləndiyindən deyib. Onu yaxşı tanıyıram. Bir anda özündən çıxır, özünü idarə edə bilmir. Məncə, o həqiqəti deməyib. Sadəcə, çılğınlığına görə belə ifadə işlədib.

- Bir qədər də çempionatın gedişi haqda danışaq. Cari mövsümü necə qiymətləndirirsinz?

- Çempionat hazırda çox maraqlı və gərgin gedir. Şahidi oluruq ki, hər tur istənilən nəticə qeydə alınır. Hər bir klub daha yaxşı oyun göstərmək istəyir. Getdikcə klubların şəraiti yaxşılaşır. İldən-ilə çempionatın səviyyəsi qalxır. O cümlədən məşqçilərin və futbolçuların təcrübəsi daha da çoxalır.

- "Qarabağ" bu mövsümkü statistikası maraq doğurur. Komandanız ilk dörd turda qələbə qazandı, növbəti dörd turda xal itkiləri ilə yadda qaldı, son dörd turda isə qələbələri sıralayır. Bunu "Qarabağ"ın tədricən inkişafda olmağı ilə bağlamaq olar?

- Düşünürəm ki, komandada həm heyət, həm də keyfiyyət baxımından dəyişikliklər var. Çalışmasaq, inkişaf etməsək, uğurlu nəticə qazanmaq çox çətin olar. Hər bir futbolçumuz bu məsuliyyəti hiss edir və çalışır ki, verilən tapşırıqları maksimum yerinə yetirsin. Bu, o demək deyil ki, bizdə hələ hər şey qaydasındadır. Elə bir çempionatdayıq ki, uğursuzluğa düçar ola bilərik və ya daha yaxşı uğura malik olarıq. Əsas odur ki, uğurdan və uğursuzluqdan sonra nə etməli olduğumuzu bilək.

- Bu gün əksəriyyət "Qarabağ"ı çempionluğa ən iddialı namizəd sayır. Təbii ki, digər rəqibləri və qarşıda çox oyunların olduğunu unutmaq olmaz. Ancaq əvvəlki illərə nisbətən "Qarabağ"ın daha güclü və daha istəkli olduğunu söyləyə bilərik?

- Hər il yuxarı yerləri tutmaq istəyirik. Bunu oyunumuzla da göstəririk. Bu il istəmişik ki, komandamız daha da yaxşı oyun göstərsin. Ancaq bunu tək biz etmirik. Digər klublar da bunların üzərində çalışırlar. Həm məşqçi, həm də futbolçu dəyişikliyi edirlər. Təkcə biz inkişaf etsəydik, daha iddialı danışmaq olardı. Məsələ bundadır ki, digər klublar bəzən bizdən daha çox transferlər edir. Qeyd etdiyiniz kimi, hələ çempionatın yarısı getməyib. Ancaq çempionluq istəyi bizdə var. Çalışırıq ki, düzgün iş görək, düşündüyümüz oyun üslubunu qoruyub saxlayaq.

- Heyət baxımından və 12 tur ərzində göstərdyi oyuna görə hansı komandanı "Qarabağ" üçün daha çətin rəqib hesab etmək olar?

- Əslində asan rəqib yoxdur. Ancaq "Neftçi"ni qeyd etməliyəm. Bu komanda yenə çempion olmaq istəyir. "Qəbələ" çox dəyişib, inkişaf edib. "Xəzər Lənkəran"ın sadəcə bəxti gətirmir. Uduzduğu oyunların çoxunda rəqiblərindən üstün olublar. "İnter" oyun üslubun dəyişdi. İndi onlara qarşı oynamaq daha çətindir. AZAL-a qarşı oyunumuz çətin oldu. Bütün komandaların həm heyətində, həm də oyun üslubunda yenilk olub.

- "Qarabağ"ın yeni qapıçısı İbrahim Sehiçin durumu necədir. Onu yaxın vaxtlarda meydanda görə bilərik?

- Ona hansısa oyunlarda mütləq şans verəcəyik. Sadəcə komandaya yeni gəlib, həm də legioner limitini də nəzərə alırıq. İstəmirik ki, oyun təcrübəsi çox azalsın. Ona görə də çalışıb qarşıdakı oyunlarda ona da şans verəcəyik. Hazırda o, normal formadadı, çox istəklə çalışır.

- Məqsəd üç qapıçı ilə davam etməkdir, yoxsa digər ikisindən biri ilə yollar ayrılacaq?

- Hazırda hər üçü qapıçı ilə müqaviləmiz var. Qapıçılarda rəqabət nə qədər çox olsa, o qədər yaxşıdır. Hər birinin ustalıq səviyyəsi normaldır. Sadəcə əlimiz yaxşı fürsət düşdüyü üçün İbrahimi transfer etdik. Hazırda çalışıq ki, hər üç qapıçıdan yararlanaq.

- Bir neçə oyundur ki, Miro Varvodiçin adı 18-liyə salınmır. Bu, onun yaxşı formada olmaması ilə bağldır, yoxsa yeni qapıçının gəlişinə görədir?

- Bu, normal prosesdir. Deməzdim ki, yaxşı formada deyil. Varvodiç "Qarabağ"da çoxdan oynayır. Ancaq bu gün daha çox İbrahimin oynaması üçün şərait yaratmalıyıq. Onun 18-liyə düşməsi belə təcrübəsini artmağına hesablanmış addımdır. Çünki oyunçularla bir yerdə olur, matçı yaxından izləyir, hiss edir ki, oyuna çıxmaq ehtimalı var. Bunların ona müsbət təsiri olacaq və komandaya daha tez uyğunlaşmağına gətirib çıxaracaq.

- Qış fasiləsinə az vaxt qalıb. Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Daim yeni futbolçularla maraqlanırıq. Hərdən elə futbolçu aşkar edirik ki, onun mövqeyi dolu olsa da, gələcək üçün həmin oyunçunu almağa çalışırıq. İndi də hər bir mövqe üçün axtarışdayıq. Razılaşa bildiyimiz futbolçunu oynadığı mövqeyindən asılı olmayaraq dəvət edəcəyik. Təkcə qapıçı ilə maraqlanmırıq.

- Bir müddət əvvəl xəbər yayılmışdı ki, futbolçunuz Almeyda Flavinyo vasitəsi ilə "Neftçi"yə keçəcək. Bu haqda onunla söhbət etmisiniz?

- Bu xəbərə bir o qədər də önəm vermirəm. Çünki hər bir futbolçuya təklif ola bilər. Əgər hənsısa klub bir futbolçunu istəyirsə, mütləq bir yolla buna nail olmaq istəyir. Sadəcə, futbolçunun özünün marağı və reaksiyası əsasdır. Hal-hazırda Almeyda bizim oyunçumuzdur, onunla 1.5 ildən artıq müqaviləmiz var. Hiss edirəm ki, özünü "Qarabağ"da çox xoşbəxt
hiss edir. O, peşəkar futbolçudur və belə təkliflərə normal reaksiyanı verir.

- Topaz Premyer Liqanın növbəti turunda AZAL-la oyununuz olacaq. Cari mövsümdə yeganə məğlub olduğunuz komandaya qarşı hazırlıqlar necə gedir?

- Hazırlığa dünəndən başlamışıq. Bu gün futbolçulara istirahət vermişəm. Sabahdan tam məşqlərə başlayacağıq. Həqiqətən AZAL bizim üçün çətin rəqibdir Yaxşı baş məşqçiləri var. Vaqif Sadıqov hamımızın tanıdığı, hörmət etdiyi məşqçidir. Mübariz və döyüşkən bir komanda yaradıb. İstənilən komanda üçün AZAL-a qarşı oynamaq çətindir. İlk məğlubiyyətimiz AZAL-dan olduğu üçün oyuna çox ciddi yanaşırıq. Çalışırıq ki, rəqibi daha yaxşı analiz edək və yaxşı oyun göstərməyə çalışaq.

- Qara Qarayevlə Murad Səttarlının zədəsi nə yerdədir?

- Hər ikisi ayrıca məşq edir. Vəziyyətləri normaldır. Qara sabahdan komanda ilə məqşlərə başlayacaq. Muradın da durumu yaxşıdır. Ancaq bir neçə gün gecikə bilər. Düşünürəm ki, tez bir zamanda formalarını bərpa edəcəklər. Qalan futbolçularda hər şey qaydasındadır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki