Maksim Medvedyev: "Kimsə deyəndə ki, "Qarabağ"dan güclüyük..."

Maksim Medvedyev: "Kimsə deyəndə ki, "Qarabağ"dan güclüyük..."
MÜSAHİBƏ 1 Noyabr 2013 / 18:35 5418
-  A +

"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi


- Topaz Premyer Liqanın növbəti turunda komandanız "Qəbələ" ilə qarşılaşacaq. Oyuna hazırlıqlar necə gedir? Rəqib haqda nə deyə bilərsən?

- Komandamızda yaxşı əhval-ruhiyyə var. Oyuna həvəslə hazırlaşırıq. Hamı "Qəbələ"nin necə komanda olduğunu yaxşı bilir. Hazırda Azərbaycanda ən güclü hücum xətti "Qəbələ"dədir. Müdafiəçilərimizi həmin oyunda nələr gözlədiyini dərk edirik. Bizim də öz taktikamız, öz oyun planımız var. İnşallah, məşqçinin dediyini yerinə yetirsək, qalib gələcəyik.

- Konkret olaraq bu iki komandanı necə müqayisə etmək olar?

- "Qəbələ" hazırda çox yaxşı formadadır. Hər şey edirlər ki, yuxarı pillələrdə qalsınlar. Liderlərin oyunu olacaq. Məncə, hansısa komandanın üstünlüyündən danışmaq olmaz.

- Ancaq rəqib futbolçu Nikola Valentiç müsahibəsində  "Qəbələ"nin "Qarabağ"dan güclü olduğunu deyib.

- Rəqib futbolçular çox şey deyə bilərlər. Bu, onların şəxsi fikirləridir. Güclü tərəf meydanda bilinir. Hansı komanda qalib gəlsə, deməli o, güclüdür. "Qəbələ" futbolçularının özlərinə güvənməyi bizim üçün daha yaxşıdır. Kimsə deyəndə ki, "Qarabağ"dan güclüyük, daha da həvəslənirik. Belə sözləri nə qədər çox desələr, bir o qədər yaxşıdır.

- Birinci dövrədə "Qəbələ"yə ikinci heyətlə qalib gələ bilmişdiniz...
 

- Həmin oyuna baxmışam. "Qəbələ"nin qol epizodları bizdən çox olub. Növbəti matçda isə bütün aparıcı oyunçularımız iştirak edəcək. Buna görə də tam fərqli bir oyun olacaq. Ənənəvi olaraq top saxlamağa çalışacağıq.

- Qeyd etdiyin kimi "Qəbələ" güclü hücum xətti ilə diqqət çəkir. Bu mənada əsas yükün "Qarabağ"ın müdafiəsi üzərinə düşəcəyini demək olar?

- Əlbəttə, müdafiəçilərimizin işi ağır olacaq. Ancaq "Qarabağ"ın qapısı tək müdafiəçilərlə qorunmur. Bizim müdafiəmiz hücumdan başlayır. Rəqib hücumçuları fərdi şəkildə çox güclüdürlər. Əlimizdən gələni etməliyik ki, onlarla təkbətək qalmayaq. Həmişə mübarizədə say üstünlüyümüz olmalıdır.

- "Qarabağ" son oyunlarda qapısından qol buraxmır və böyük hesabla qalib gəlir. Bu uğurları nə ilə bağlamaq olar? Yəni, "Qarabağ" digər klublardan hansı üstünlüyü ilə seçilir?

- "Qarabağ"da istək çoxdur. Hər oyuna çıxanda qol buraxmadan qalib gəlmək istəyirik. Şükürlər olsun ki, bu, bizdə alınır. Çalışırıq ki, ən az qol buraxan və ən çox qol vuran komanda olaq. Digər komandalara nisbətən bizdə daha çox mehribanlıq var. Heç bir futbolçu özbaşına futbol oynamır. Artıq hamı bir-birini çox yaxşı hiss edir.

- Komandanız hazırda liderdir və uğurlu çıxışlarını davam etdirir. "Qarabağ" neçə illərdir həsrətində olduğu çempionluq üçün işin neçə faizini görüb?

- Hələ çempionluqdan danışmaq tezdir. Rəqiblərimizdən çox az xal fərqi ilə öndəyik. Qorxun ki, "İnter" və "Xəzər Lənkəran" gəlib bizi qabaqlasın. Yəni, cəmi iki oyun uduzsaq, hər şey əldən gedə bilər. Birinci pilləyə çıxmaq çətindirsə, bu mövqedə dayanmaq lap çətindir. Əsas odur ki, yerimizi qoruyaq. Bizi çox çətin oyunlar gözləyir. Çünki digər klublar bizə qarşı xüsusi taktika seçir. Belə ki, başqa oyunlarda açıq futbol oynayan komandalar növbə bizə çatanda 8 futbolçu ilə müdafiə olunur. Bilirlər ki, biz qısa ötürmələrlə oynayırıq, bu şəkildə hücum qururuq. Ona görə də müdafiəyə otururlar. Bunları nəzərə alıb, deyirəm ki, liderliyi qorumaq çox çətin olacaq.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki