Şahin Diniyev: "Utanmıram, əksinə "Rəvan"la fəxr edirəm"

Şahin Diniyev: "Utanmıram, əksinə "Rəvan"la fəxr edirəm"
MÜSAHİBƏ 31 Oktyabr 2013 / 18:19 4024
-  A +

"Rəvan" klubunun yeni baş məşqçisi Şahin Diniyev Qol.Az saytının suallarını cavablandırıb. Milli komandamızın sabiq çalışdırıcısı "Rəvan"a gəlişindən, komandanın durumundan, qarşıya qoyulan məqsədlərdən və növbəti oyun haqda danışıb.


- Adətən sinizlə klublarımız haqda danışmaq istəyərkən oyunları izləmədiyinizi deyirdiniz. Yəqin "Rəvan"a gəlişiniz anidən verilən qərar olub...

- İnanın ki, "Rəvan"a gələndə bu komandanın cəmi bir oyununu izləmişdim. Həmin matçı isə "İnter"ə qarşı keçirmişdilər. Oğlum "İnter"də çıxış etdiyi üçün oyuna getmişdim. Yəni, heç "Rəvan" haqda məlumatım yox idi. Bəli, ani qərar oldu. Üç gün ərzində klub prezidenti ilə söhbətimiz yekunlaşdı. İstəklərimiz üst-üstə düşdü və razılığa gəldik.
 
- Xeyli vaxtdır ki, işsiz qalmışdınız. Bu, sizə təcrübə baxımından mənfi təsir etdi, yoxsa futbola kənardan baxış daha rahatdır?

- Futbola baxış eyni cür qalmır. 2010-cu ildəki baxışla 2013-cü ildəki baxış arasında böyük fərq var. Futbol daima inkişafda olan idman sahəsidir. Bir məsələ var ki, insan işsiz qala bilər, ancaq insanın savadını almaq olmur. Sadəcə, onu təkmilləşdirmək lazımdır. Həmişə dünya futbolu ilə maraqlanırdım. Avropa ölkələrinin çempionatlarında olan dəyişiklikləri görürdüm. Məşqçilərin daha çox hansı takitikaya üstünlük verdiyinə diqqət edirdim. Yəni, futboldan kənarda qalmamışdım. O sarıdan çətinlik çəkmədim. Bəzi çatışmayan məqamlar olur ki, onu da 1-2 günün içində qaydasına salmaq olur.

- Sonuncu pillələrdə gedən bir komandanı seçəndə tərəddüd etdinizmi?

- Səmimi deyim ki, əvvəlcə istək yox idi. Təklif gələndə mədəni bir bəhanə ilə razılaşmaq istəmədim. Ancaq bir neçə dəfə klub prezidenti ilə görüşümüz oldu. Səmimi olaraq nə istədiyimi dedim. Qarşı tərəfin də məqsədini, mövqeyini öyrəndim. Dəyirmi masa arxasında bir saata yaxın söhbət etdik və istəklərimiz üst-üstə düşdü. Qərara aldıq ki, biz bura çempionatda qalmaq üçün çırpınmağa gəlməmişik. Təbii ki, məqsədlərimiz də olacaq. Mən "Rəvan"a gələrkən komandanın 6 xalla 9-cu pillədə olması, transfer pəncərəsinin bağlı olduğu üçün köklü dəyişikliyin mümkün olmaması və başqa məqamlar hamısı nəzərə alındı. Gördüm ki, bu insanlar doğrudan da futbol oynaya biləcək bir komanda yaratmaq, uşaq futbolunu inkişaf etdirmək istəyirlər. Mən də həmişə çətinliklərə qarşı mübarizəni sevirəm. Klub rəhbərliyindən zəmanət və səlahiyyətlərimi aldıqdan sonra razılıq verdim. Məncə, hazırda düz yolun başlanğıcındayıq. Gələcəkdə böyük işlər görməyə çalışacağıq.

- Siz "Rəvan"a gələrkən komandada hansı çatışmazlıqlar var idi və hansıları aradan qaldıra bilmisiniz?

- Hələ çox problemlər qalır. Komanda bu gün 9-cu pillədədirsə, bu hər şeyin normal olduğunun göstəricisi deyil. Əvvəlki məşqçilər haqda danışmaq istəmirəm. Onların da komandada əziyyəti olub. Taktiki cəhətdən bir çox axsamalar var. Bunu mənim sözlərim yox, komandanın tutduğu yer göstərir. "Rəvan"da funksional hazırlıq çox aşağı səviyyədədir. Burada tək əvvəlki məşqçilərin günahı olmayıb. Bilirsiz ki, "Rəvan" çempionata 3-4 gün qalmış formalaşıb. İndi əsasən taktiki çalışmalara üstünlük veririk. Ancaq bilirsiniz ki, fiziki hazırlıq yoxdursa, taktikanı yerinə yetirmək olmaz. O sarıdan əfsuslar olsun ki, təlim-məşq toplanışında görüləcək işləri biz indi görürük. Xal itkilərimiz də mütləq olacaq. Çünki biz yenicə ayağa durmağa çalışırıq. Məncə, müəyyən vaxtdan sonra komanda öz oyununu tapacaq. İndidən görünür ki, komandamız ruslar demiş "döyülən uşaq" deyil, bütün komandalarla mübarizə apara biləcəyik, heç kimə baş əyməyəcəyik.

- Problemlərdən danışdıq, bəs ümidverici məqamlar hansılardır?

- Sevindirici hal odur ki, komanda mənim oyun fəlsəfəmi tez qavrayır və tədricən səhvlərimizi minumuma endirə bilirik. Yəni nə istədiyimi futbolçular başa düşə bilirlər. Komandamız meydanın hər qarşında vuruşur, asan məğlub olmaq istəmir. Gələcəkdə də boşluq olan mövqelərimizi doldurmağa çalışacağıq. Təxminən 3-5 yaxşı futbolçu transfer etməliyik ki, komanda daha irəli getsin. Məşqlərdə görürəm ki, komandada istək var, oynamağa çalışırlar. Futbolçular tam intizamla yolunu davam etdirmək istəyir.

- İntizamdan söz düşmüşkən, komandanızın isveçli hücumçusu Sebastyan Telyo ölkəsinə gedib və ona verilən vaxt başa çatsa da, geri dönməyib. Onunla bağlı hansı tədbirlər görüləcək?

- Həmin futbolçunu görməmişəm. Mən gələndə artıq o, getmişdi. Məni hazırda ondan çox komandadakı oyunçular maraqlandırır. Bildiyimə görə onun meneceri ilə problemi var. Ancaq səhv addım atıb. Dediyim kimi məni əlimdə olan futbolçular maraqlandırır. Qayıtsa belə, onun dekabra qədər heyətə düşmək şansı minumum olacaq. Yaxşı və ya pis futbolçu olmağı haqda xəbərim yoxdur. Bəlkə də məşqlərdə özünü doğrultsa, heyətə düşə bilər.

- Heyətdə olan futbolçular haqda nə deyə bilərsiniz?

- Konkret kiminsə haqqında pis və ya yaxşı demək istəmirəm. Uduzanda da, qalib gələndə də bunu birgə edirik. Artıq futbolçular da uduzmaqdan beziblər. Hiss edirəm ki, onlar qələbəyə layiq olduqlarını sübut etmək istəyirlər. Ona görə də hamısı eyni istəyə malikdir və bir məqsədə xidmət edir. Bütün oyunçularımız eyni statusa malikdir.

- Qışda hansı mövqeləri göcləndirmək fikrindəsiniz?

- Boşluq olan bütün mövqelərimizə futbolçu alınacaq. Bunu daha dəqiq dekabrda biləcəyik. Gələn oyunçular isə boşluqlarda oynayan futbolçulardan ikiqat güclü olmalıdır ki, komandanı arxasınca apara bilsinlər. Orta səviyyəli yox, komandaya xeyir verə biləcək futbolçular alacağıq. Aldığımız futbolçular ulduz yox, ulduz olmaq istəyən oyunçular olacaq.

- Ötən tur "Bakı" ilə qarşılaşdınız. "Rəvan"da ilk xalınızı qazandığınız oyun (0:0) haqda nə deyə bilərsiniz?

- "Bakı" heyət baxımından bizdən qat-qat üstündür. Oyundan qabaq da onlar favorit hesab olunurdu. Ancaq futbolda həmişə favoritlər qalib gəlmir. Komandamız oyuna yaxşı köklənmişdi. Məncə, komandamız 90 dəqiqə ərzində düzgün taktika ilə oynadı. Sevindirici haldır ki, "Neftçi" ilə oyunda fiziki hazırlığımız 45 dəqiqə bəs etdisə, "Bakı" ilə oyunda bu göstərici 70-75 dəqiqə oldu. Qalib də gələ bilərdik, uduza da bilərdik. Məncə, hesab oyuna görə oldu.

- "Bakı"nın baş məşqçisi Milinko Pantiç oyundan sonra "Rəvan" futbolçularının hərəkətinə görə utandığını bildirib. Futbolçularınızın bilərəkdən vaxtı uzatdığını deyib. Buna münasibətiniz necədir?

- Onların bir fikri ilə razıyam ki, fiziki hazırlığımız yüksək səviyyədə deyil. Ancaq mən "Rəvan"a baxıb utanmazdım. Əksinə, komandamla fəxr edirəm. Oyuna baxın, görün biz necə çıxış etmişik.

- Növbəti turda "İnter"lə qarşılaşacaqsınız. Rəqibi necə qiymətləndirirsiniz?

- Rəqib oturuşmuş bir heyətə malik komandadır. Bir-birini başa düşən futbolçulardan ibarətdir. Həm onlar Kaxaber Sxadadzenin sisteminə yaxşı uyğunlaşıblar. Bizim üçün çətin olacaq. Rəqibin bizə yox, bizim rəqibə qarşı seçdiyimiz taktikadan çox şey asılı olacaq. Heyətimiz o qədər də rəngarəng deyil. Ancaq sevindirici haldır ki, Miloş Adamoviç yenidən komanda ilə birgədir. Əsas heyətdə olmasa belə, oyunçumuzun birinin artdığını demək olar.
 
- Birinci dövrdə "Rəvan" bu komandaya 1:5 hesabı ilə uduzmuşdu.

- Keçmişlə yaşamaq düzgün deyil. "Rəvan" "Bakı"ya da 0:5 hesabı ilə uduzmuşdu. Ancaq son oyunda inamlı çıxışımızı gördününüz. Məncə, "Rəvan" həmin "Rəvan" olmayacaq. "İnter"lə ilk oyundakı səhvlərə yol verilməyəcək.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki