"Qarabağ"la oyunda hücumçularımıza güvənəcəyik"

"Qarabağ"la oyunda hücumçularımıza güvənəcəyik"
MÜSAHİBƏ 29 Oktyabr 2013 / 18:00 3905
-  A +

"Qəbələ" klubunun müdafiəçisi Ürfan Abbasovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın son turunda "Sumqayıt"la qarşılaşdınız. Qalib gəliyiniz oyun (2:0) haqda fikirlərini bilmək istərdik. 

- "Sumqayıt"la ilk oyunda uduzmuşduq deyə bu görüşə daha ciddi hazırlaşmışdıq. Həm də öz azarkeşlərimiz qarşısında oynayırdıq. Sübut etdik ki, səfərdəki məğlubiyyət sırf təsadüf olub və biz "Sumqayıt"dan güclüyük. Keçən oyunda sadəcə oyunumz alınmadı. Futbolda belə şeylər olur. Maraqlıdır ki, "Sumqayıt" bu mövsüm bizdən başqa heç bir komandaya qalib gəlməyib.

- Növbəti oyununuz "Qarabağ"ladır. Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alanda bu matçın çox əhəmiyyətli olduğunu demək olar. Bu görüş haqda nə deyə bilərsən?

- "Qarabağ" Azərbaycanın ən güclü klublarından biridir. Bu komanda Avropada da sözünü demiş bir kollektivə malikdir. Bu oyun bizim üçün çox vacibdir. Var gücümüzü  qoyacağıq ki, qalib gələk. Hazırlığımız yaxşı gedir. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik.

- Futbola "Qarabağ"da başlamısan. Yəqin rəqibin oyununa daha yaxşı bələdsən.

- Bəli. Əvvəlcə 17 yaşlılarda, sonra isə əvəzedici heyətdə oynadım. Əsas komanda ilə də məşqlərdə olmuşam. Demək olar ki, bütün oyunçuları yaxşı tanıyıram, onlara bələdəm.

- Niyə "Qarabağ"da qalmadın və "Qəbələ"yə gəldin?

- Yəqin ki, baş məşqçi məni bəyənmədi. Əsas heyət oyunçusu ola bilmədim. Gənc futbolçu olduğum üçün mənə daima oynamaq lazım idi. Ona görə "Qarabağ"dan ayrılmağı və "Qəbələ"yə gəlməyi üstün tutdum. Burada isə özümü yaxşı tərəfdən göstərdim. İndi isə əsas heyət üzvüyəm.

- "Qarabağ" birinci dövrədə ikinci heyətlə "Qəbələ"yə qalib gəlmişdi. Bu mənada rəqibi daha şanslı hesab etmək olar? 

- Biz də bilirik ki, bizi çox çətin oyun gözləyir. Çünki ilk oyunda "Qarabağ"ın əsas oyunçuları olmasa da, bizə qalib gələ bildilər. Bu görüşdə isə rəqibin bütün aparıcı üzvüləri çıxş edəcək. Bunu nəzərə alanda oyunun necə çətin olacağını anlamaq olur. Rəqibimizin səfərdə "Xəzər Lənkəran"a qalib gəlməyi onlarda ruh yüksəkliyi yaradıb. Bu mənada "Qarabağ" psixoloji cəhətdən də oyuna tam hazır olacaq. Ancaq biz də səfərdən qələbə ilə qayıtmaq istəyirik. Şansları isə bərabər görürəm.

- "Qəbələ" ilə "Qarabağ"ı oyun üslubuna görə necə müqayisə etmək olar?

- "Qarabağ"ın futbolçuarı xeyli vaxtdır ki, bir yerdə oynayırlar Onlar bir-birini daha yaxşı başa düşürlər. Yaxşı aparıcı futbolçuları var. Bizdə isə hücum xətti daha yaxşıdır. Konkret olaraq hansı komandanın daha üstün olmağını deyə bilmərəm. Bizdə hücum xətti güclüdürsə, "Qarabağ"da orta xətt və müdafiə daha inamlı təsir bağışlayır.

- Demək istəyirsən ki, qarşıdakı oyunda "Qəbələ" əsasən hücumçularına bel bağlayacaq?

- Bəli. "Qarabağ"la oyunda hücumçularımıza güvənəcəyik. Çalışacağıq ki, hücumlarımızın sayı çox olsun. Ön xətdə yaxşı oynasaq, sərfəli də nəticə qazanacağıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki