"Superkubokdakı məğlubiyyətin təsadüf olduğunu sübut etməliyik"
"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Ötən tur komandanız "Simurq"la qarşılaşdı. Oyun haqda fikirlərini bilmək istərdik.
- Komandamız oyuna bir qədər yorğun çıxmışdı.Buna baxamayaraq, hər şey qaydasında idi. Yaxşı da mübarizə aparırdıq. Xeyli qol imkanımız oldu ki, yararlana bilmədik.
- Razısan ki, "Neftçi" "Simurq"a qarşı həmişə çətinlik çəkir?
- Hamıya bəllidir ki, "Simurq" sırf müdafiə futbolu oynayır. Elə komandalar olur ki, "Simurq"la qarşılaşmada bir epizod belə yaxalaya bilmir. "Simurq" da belə taktika seçib. Buna baxmayaraq, hər iki hissədə yaxşı qol epizodlarımız oldu. Məncə, "Simurq" özünə lazım olan maksimum nəticəni qazandı. "Nefçi"dən bir xal almaq elə maksimum nəticədir. Bu xal itkisi ilə "Qarabağ" bizi qabaqladı. Ancaq qarşıdakı oyunlarda itirilən xalları qaytaracağıq. Elə vaxtlar olub ki, rəqiblərimizdən 5-6 xal geridə olsaq da, sonda çempionluğu qazanmışıq. Yəni hər şey qabaqdadır.
- Komandanızda son vaxtlar qol vurmaq problemə çevrilib.
- Ola bilər ki, hücumçuların daima oynamaması, Bahadır Nasimovun zədəli olması buna gətirib çıxarıb. Buna baxmayaraq, orta xətt oyunçularımız fərqlənə bilirlər. Sadəcə, komanda olaraq son nöqtəni qoya bilmirik. Məncə, qol imkanlarından istifadə edə bilməməyimiz hücumçuların zəifliyi ilə bağlı deyil. Dəfələrlə olub ki, qalib gəldiyimiz oyunlarda hücumçular qol vurmayıb. "Neftçi"nin oyun sistemi elədir ki, hər bir futbolçumuz qol vura bilər. Düzdü, xeyli qol imkanlarından yararlana biməməyimiz komandanın oyununa mənfi təsir edir, ruhdan düşürük. Ancaq bilirik ki, komandamızda hər şey normaldır. Təkcə qol çatışmır.
- Adətən, yeni baş məşqçi gələndə komanda özünü ən yaxşı tərəfdən göstərir. "Simurq"la oyunda bunu bacardınız?
- Əlbəttə, hər bir futbolçu özünü yeni baş məşqçiyə göstərmək istəyirdi. Məşqlərdə də hamı səylə çalışır. "Simurq"la oyunda qol vura bilməsək də, yaxşı təsir bağışladıq. Bunu Nazim Süleymanov özü də təsdiqlədi ki, komanda pis çıxış etmədi. Ancaq qol yoxdursa, yaxşı oyundan danışmağın da mənası yoxdur. Baş məşqçimiz də bizə tövsiyə etdi ki, əsas qol vurmaqdır. Həm də bizə təmkinli olmağı tapşırdı. Yəqin "Simurq"la oyundan qol vurmaq qismət deyilmiş.
- Nazim Süleymanovun gəlişi komandada necə ab-hava yaradıb?
- Hər bir komandaya yeni baş məşqçi gələndə oyunçulara yeni ruh gəlir. Hamı özünü göstərməyə, əsas heyətdə yer almağa çalışır. Bu baxımdan yaxşıdır. Hələ ki, komanda öz dəsti-xətti ilə oynayır. Taktiki sixemdə elə bir dəyişiklik yoxdur. Qarşıdakı oyunlarda rəqiblərdən asılı olaraq yəqin ki, müəyyən taktiki dəyişikliklər olacaq. Ancaq "Neftçi" hücum futbolunu heç vaxt dəyişməyəcək.
- Növbəti turda "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsünz?
- "Simurq"la oyundan sonra xal itirməyə haqqımız yox idi. "Xəzər Lənkəran"la superkubok oyununda məğlub olduq. Həmin oyunun çempionatın ortasında keçirilməsi düzgün olmadı. Çünki tez bir zamanda belə vacib matça istədiyin kimi hazılaşa bilmirsən. Ancaq superkuboku qazanıblarsa, deməli, onların qismətidir. Bu dəfə isə fərqli oyun olacaq. Öz meydanımızda oynayırıqsa, deməli, rəqibi məğlub yola salmalıyıq.
- Superkubok oyununda məğlubiyyətin səbəblərini araşdırmısınız?
- Demək olar ki, həmin matçın analizi olmadı. Çünki həmin ərəfədə məşqçi dəyişikliyi oldu. Çempionat oyununa görə, həmin məğlubiyyətin üzərində dayanmadıq. Rəhbərlik və məşqçilər korpusu da bildirilər ki, rəqib bizdən daha çoxi stəkli idi. Biz də superkuboku qazanmaq istəyirdik. Ancaq oyuna hazır ola bilmədik. Çünki milli komandaların heyətində gəlmişdik. Ona görə də oyuna tam köklənə bilmədik.
- Revanş haqda düşünürsünüz?
- Əlbəttə, ən azından superkubok oyunundakı məğlubiyyətin əvəzini çıxmalıyıq. Ölkə çempionluğunu və kuboku qazandıqdan sonra superkuboku "Xəzər Lənkəran"a vermək fikrimiz yox idi. Bu rəqiblə tez bir zamanda qarşılaşmağımız bizim üçün əlavə gücdür. Çünki həm üç xalı götürməliyik, həm də superkubok oyunundakı mığlubiyyətin təsadüf olduğunu sübut etməliyik.
Ramiq AĞAMƏMMƏDOV