"AZAL qarşısına çempionluq hədəfi qoymayıb"
AZAL klubunun yarımmüdafiəçisi Şəhriyar Rəhimovun Qol.Az saytına müsahibəsi
- Əvvvəlcə "Rəvan"dan AZAL-a keçidin haqda danışmağını istərdik.
- Vladislav Qədirov "Rəvan"a gələndə məni bəyənmədi. Mənə bildirdi ki, sənə şans verməyəcəm, oynamayacaqsan. Məndə oynamamaqdansa getməyi lazım bildim. "Rəvan"dan qabaq 6 ay AZAL-da oynamışdım. Yəni məni tanıyırdılar. Vaqif müəllimlə əlaqə saxladım, sağolsun məni komandaya götürdü. AZAL-da olan yerli futbolçuların hamısı ilə tanış idim. Deyə bilmərəm tam uyğunlaşmışam. Ancaq özümdə heç bir problem görmürəm. Ola bilər qıraqdan başqa cür görünür. Amma məncə, oyunumda ciddi problem yoxdur.
- Baş məşqçiniz çıxışından razı qalır? Ümumiyyətlə Vaqif Sadıqovla işləmək necədir?
- Hamı bilir ki, Vaqif müəllim futbolu çox yaxşı bilən mütəxəssisdir. O, futbolu bütün xırdalıqlarına qədər bilir. Bizdən tələbləri böyükdür. Bu da çox yaxşı haldır. Tələbkarlıq olanda futbolçular da maksimum çalışır. Məndən razı qalmağına gəldikdə isə, bu barədə danışmamışıq. Vaqif müəllim özü bu haqda danışsa, daha yaxşı olar.
- Ötən tur "Bakı" ilə maraqlı qarşılaşmanız oldu. Həmin matç haqda nə deyə bilərsən?
- Həiqətən çox çətin oyun oldu. Hesabda 2 top fərqi ilə geri olsaq da, bərabərliyi əldə etdik. Elə bir oyun idi ki, həm qalib gəlməyə, həm də uduzmağa çox yaxın olduq. Hər iki komandanın bir neçə qol imkanı oldu. "Bakı" güclü rəqibdir. Həm də səfər meydanında oynayırdıq. Ona görə də 2:2 hesabı bizim üçün yaxşı nəticədir.
- "Bakı"nın baş məşqçisi oyundan sonra hakimdən çox narazı qaldıqlarını bildirdi. Həqiqətən hakim səhvləri olmuşdu?
- Ola bilər hakimin xırda səhvi olsun. Ancaq oyuna təsir edən səhv görmədim. Onu başa düşmürəm ki, nədən belə ciddi narazılıq edir. Penalti və ya mübahisəli qol epizodu da olmadı.
- Hazırda AZAL istədiyi heyəti qura bilməyib. Bu heyətlə futbolçuların iddası nə dərəcədir?
- İddiamız odur ki, bacardığımız qədər yuxarı pillələrə qalxaq. AZAL aşağı sıralarda gedəcək komanda deyil. Pis futbolçulardan təşkil olunmamışıq. Heyətimizdə kifayət qədər səviyyəli futbolçular var. Bazamız imkan verir ki, yaxşı yerlər üçün mübarizə aparaq. Gənc komanda deyilik ki, axırıncı yerlərdə olaq. Düzdür, ola bilər ki, futbolçu baxımından korluq çəkirik.
- Ancaq komandanız bu gün yuxarı pillələrdə qərarlaşıb. AZAL bunu necə bacarıb?
- Səbəbi odur ki, çox əzmkar komandamız var. Meydanın hər qarşında mübarizə aparırıq. Bizdə qələbə istəyi çoxdur.
- Baş məşqçi amilini də vurğulamaq olmaz?
- Əlbəttə, burada baş məşqçi amili də böyük rol oynayır. Vaqif müəllim hər oyuna bizi düzgün hazırlayır, hansı komandaya qarşı necə çıxış etməli olduğumuzu yaxşı bilir. Biz də onun verdiyi tapşırıqları yerinə yetirəndə uğur qazanırıq. Hər bir komanda yaxşı nəticə qazanırsa, birinci baş məşqçini, sonra isə futbolçuları qiymətləndirmək lazımdır.
- AZAL-dan bu mövsüm çempionluq gözləmək olar? Çempion olsanız, bu, sürpriz sayılmalıdır?
- Bizim qarşımıza konkret olaraq çempionluq hədəfi qoyulmayıb. Suala cavab verməyə çətinlik çəkirəm. Hər oyuna final qarşılaşması kimi yanaşırıq. Hədəfimiz mümkün qədər yuxarı pillələrdə olmaqdır.
- Bu gün çempionluğa ən iddialı komanda kimi "Neftçi" və "Qarabağ"ın adını daha çox çəkirlər.
- Hamı onların adın çəkirsə, deməli elədir. Ona görə də bizim çempionluğumuz hardasa sürpriz olardı. AZAL-ın da öz hədəfləri var. İnşallah hədəfimizin ardınca gedəcəyik.
- Sabah Premeyer Liqanın növbəti turunda "İnter"lə qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünrsünüz?
- Heyətdə müəyyən zədəlilərimiz var. Ancaq futbolda heç kim bunlardan sığortalanmayıb. Futolçularımızın yoxluğunu hiss etdirməməliyik. Yaxşı olardı ki, tam heyətlə hazırlaşaq. İtkilərimiz olmağına baxmayaraq, məqsədimiz dəyişmir. Ancaq qələbə haqda düşünürük. Rəqibimizin gücündən danışmağa ehtiyac yoxdur. "İnter" çempionata pis başlasa da, sonradan özünə gəlib. Məncə, çox ağır və maraqlı oyun olacaq. Konkret şanslarımızı dəyərləndirə bilmərəm. Yaxşı futbol oynayan iki komandanın oyunu olacaq.
- Ancaq bəzi klublar AZAL-ı baxımsız oyun nümayiş etdirməkdə qınayır. Bildirirlər ki, AZAL nə özü oynayır, nə də rəqiblərə oynamağa imkan verir.
- Mən də bunları eşitmişəm. Ancaq bu mövsüm cəmi bir dəfə - "Qarabağ"a qarşı oyunda sırf nəticəyə oynadıq. Hesabda irəli olduğumuz üçün ancaq müdafədən oynadıq. Bu da öz bəhrəsni verdi. "Qarabağ" kimi komandadan üç xal aldıq. Digər oyunlarda isə, çalışmışıq top saxlayaq, baxımlı oyun nümayiş etdirək. Bunu da bacarırıq. Deyilən fikirlərlə razı deyiləm. Bu tendensiyanı kim ortaya atdığını bilmirəm. Ancaq AZAL normal futbol oynayır.
Ramiq AĞAMƏMMƏDOV