Tərlan Əhmədov: “Baş məşqçilik yadıma da düşmür”

Tərlan Əhmədov: “Baş məşqçilik yadıma da düşmür”
MÜSAHİBƏ 18 Oktyabr 2013 / 15:05 4116
-  A +

Bu mövsümdən "Neftçi" klubunda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Tərlan Əhmədov Qol.Az saytının suallarını cavablandırıb. O, milli komandamız, "Neftçi"dəki işi və oktyabrın 23-də "Xəzər Lənkəran"la keçiriləcək superkubok oyunundan danışıb


- Milli komandamızın sabiq üzvü kimi əvvəlcə yığmamızın Rusiya ilə oyunu və ümumilikdə komandamızın hazırkı durumu haqda fikirlərinizi bilmk istərdik.

- Qazanılan hər bir nəticə Azırbaycan xalqının, futbolumuzun uğurudur. Evdə oynamağımızdan və ya son oyunlar olmağından asılı olmayaraq, son iki oyunda 4 xal qazanmağımızı qənaətbəxş hesab etmək olar. Nəticə etibarilə dördüncü yeri tutmağımız sevindirici haldır. Ancaq itirilən xallarımız da oldu ki, bu, bizi təəssüfləndirir. Daha da yaxşı nəticə qazana bilərdik. Rusiya ilə oyunda millimiz çox gözəl mübarizə apardı. Düzdü, rəqib bizdən birbaş üstün oynadı. Ancaq komandamız qrupda vurduğu qollarla, qazandığı xallarla göstərdi ki, hər seçmə mərhələdə öz sözümüzü deyə bilərik. Millimizin ümumi oyununa gəldikdə isə artıq bir qədər irəliləyiş görünür. Çünki əvvəllər sırf müdafiə futbolu oynayırdıqsa, indi iki hücumçu ilə meydana çıxırıq. Bu göstərir ki, artıq hücum futboluna üstünlük veririk. Hücum futbolunun nəticəsini də gördük. Artıq xətlər arasında əlaqə də yaxşılaşır. Araz Abdullayevlə Mahir Şükürovun tandemi çox yaxşı alınırdı. Mahirin müdafiədə inamlı oynaması, Arazın hücumlara yaxşı qoşulması, Mahirin cərimə zərbəsindən qol vurması inkişafın olduğundan xəbər verir.

- Bu mövsümdən "Neftçi"nin sükanı arxasına keçmisiniz. Rəhbərliyiniz altında komanda ilk dövrəni başa vurdu. Arxada qalan 9 oyunda "Neftçi"nin çıxışını necə qiymətləndirmək olar?

- Sevindirici haldır ki, ilk dövrəni liderlər qrupunda başa vurduq. Qarşımızda ümumi məqsəd var ki, mövsümün axırında keçən ilki nəticəni təkrar edək və çempion olaq. Bu baxımdan birinci dövrəni ikinci yerdə başa vurmağımız yaxşı haldır. Bu o deməkdir ki, komanda öz ruhundadır, qələbə əzmindədir, çempionluq uğrunda sözünü deməyə qadirdir.

- Qələbə əzmindən söz düşmüşkən, “Neftçi” ardıcıl üç mövsümdür çempion olur. Buna görə komandada eyforiya hissi yarana bilər? Bu, dördüncü çempionluğa mane olmayacaq?

- Futbolçular özləri başa düşürlər ki, dördüncü çempionluqla tarixdə ad qoya bilərlər. Onların istəkləri, işləri budur. İstəyimiz dördüncü çempionluqdur. Amma bilirik ki, bu il çox ağır olacaq. Rəqiblərimizin çoxu çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, hamısı eyni gücdə olan klublardır. Buna görə builki çempionluq uğrunda mübarizə daha ağır olacaq. Yenə də biz qarşımıza qoyulan məqsəd üçün əzmkarlıq göstəririk.

- Keçən mövsüm "Neftçi"nin çempionluq yolunda əsas rəqibi "Qarabağ" idi. Bu il hansı komanda işinizi şətinə salacaq gücdədir?

- Hazırda 10 klubun hamısı yüksək yerlər uğrunda mübarizə aparır. Hələ qarşıda 27 oyun var. Bu oyunlarda hər şey dəyişə bilər. Hansısa klubu xüsusi qeyd edə bilmərəm. Çempionluq uğrunda hamının şansını eyni görürəm. Çünki bizi uzun bir marafon gözləyir.

- Bəzi klublar keçən mövsümlə müqayisədə güclənib, bəziləri isə əksinə. "Neftçi"ni ötən  mövsümlə necə müqayisə etmək olar? Müdafiənin güclənməsini, hücum xəttinin isə bir qədər zəiflədiyini demək olar?

- Düzdü, biz mövqelərimizdə dəyişikliklər etmişik. Müdafiənin mərkəzini Denis Silva və Karlos Kardozoya etibar etmişik. Onlar işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Heç kimi siyahıdan silməmişik. Klubun hər bir üzvü oynamağa layiqdir. Bizim bugün sırf hücum xəttində problemimiz var. Biz hücumçusuz oynayırıq. Keçən il Kanales bu işin öhdəsindən gəlirdi. Ancaq bu gün sırf hücumçumuz olmadığına görə sıxıntımız var. Qalan mövqelərimiz isə daha da inkişaf edib. Əsasən cinah müdafiəçilərinin hücumda iştirakını ön plana çəkmişik. Bunun da bəhrəsini görməkdəyik.

- Bahodir Nasimov Kanalesə qədər "Neftçi"nin bombardiri olurdu. Ancaq, nədənsə, komandanın sükanı arxasına keçdikdən sonra ona az şans verirsiniz.

- Nasimov bir müddət zədə səbəbindən oynamadı. Sonra Özbəkistan millisinə getdi və oradan yorğun qayıtdı. Daha sonra yenidən zədələndi, uzun müddət oyunları buraxmalı oldu. Nasimovun ardıcıl üç oyunda vurduğu qollar bizi sevindirirdi. Ancaq yığma komandanın heyətindən döndükdən sonra zədəsi ona mane oldu. İnanıram ki, o, yenə komandamıza xeyir verəcək və bombardir olduğu dövrləri geri qaytaracaq.

- Ernest Nfor və Melvin Platye istədiyiniz nəticəni vermir. Onları əvəzləməyi düçünürsünüz?

- Nfor hücumameylli yarımmüdafiəçidir. İndi açıqlamaq istəmirəm, ondan başqa məqsədlər üçün istifadə edirik. Onun tamamilə başqa özəllikləri var ki, biz ondan istifadə edirik. Qol vurmaqda çətinlik çəksə də, onun oyun sistemi tamamilə "Neftçi"yə uyğun gəlir. Platyeyə gəldikdə isə, o, komandaya uyğunlaşa bilmir. Onun Hollandiya çempionatında vurduğu qollar var ki, istəyirik burda da vursun. Yəqin ki, qış fasiləsində yeni futbolçulların gətirilməsi haqda düşünəcəyik. Ancaq hələ ki, bu haqda məsələ qaldırılmayıb. Əlimizdə olan materialla qış fasiləsinə qədər maksimum nəticə əldə etməliyik.

- Hazırda "Neftçi"nin durumu necədir?

- Hazırlıq dövründə tam heyətlə məşq edə bilmədik. Xeyli futbolçumuz milli komandaların heyətində idi. Buna baxmayaraq, həmin futbolçulardan arxayınam. Bilirəm ki, onlar mütəmadi olaraq məşqlərini ediblər, oyun təcrübələri də qaydasındadır. Rəşad Sadiqovun millidə oynamaması bizi bir qədər narahat edir. Ancaq ümumilikdə hər şey qaydasındadır. Düşünürəm ki, “Rəvan”la sabahkı oyunda uğurlu nəticə əldə edəcəyik.

- Yeri gəlmişkən, həmin qarşılaşmada "Rəvan" yeni baş məşqçi Şahin Diniyevlə oyuna çıxacaq. Bu mənada fərli bir oyun olacağını gözləmək olar?

- Hər bir kluba yeni məşqçi gələndə futbolçular oyunda can qoyur ki, özlərini məşqçiyə göstərsinlər. Ona görə də bilirik ki, oyun ağır olacaq. Ancaq bu, bizi narahat etmir. Şahin Diniyevə yeni işində uğurlar arzulayıram. Biz ancaq qarşımıza qoyulan Biz ancaq qarşımıza qoyulan məqsədi düşünürük.

- "Neftçi"ni "Xəzər Lənkəran"la superkubok oyunu gözləyir. Əvvəlcə görüşün Naxçıvanda keçirilməsinə münasibətinizi bilmək istərdik.

- Bunu çox müsbət qarşılayıram. Naxçıvan blokada şəraitində olan Azərbaycan torpağıdır. Uzun müddətdir ki, futboldan uzaqdır. Gəliş-gedişi asan deyil. Oyunun orada keçirilməsi Naxçıvan üçün bir bayramdır. Hansısa idman tədbirinin regionlarda keçirilməsi idmanda olan diqqətin nəticəsidir. Məncə, oyun normal şəkildə gedəcək və Naxçıvan futbolsevərlərini sevindirəcək.

- "Xəzər Lənkəran" son vaxtlar uğurlu nəticələr verməsə də, superkubok oyununun fərqli keçəcəyi gözləniləndir. Bu gün "Nefçi"nin qalib gələrək daha bir kubok qazanmaq şanslarının çox olduğunu demək olar?

- Hər bir komanda son oyunlarda necə çıxış etməyindən asılı olamyaraq, bir oyun üçün elə hazırlaşa bilər ki, maksimum nəticə qazanar. Futbol öz möcüzələri ilə doludur. Bəli, biz istəyirik ki, çempionluq kuboku ilə yanaşı superkuboku da qazanaq, titullarımızın sayını artıraq. Klub prezidenti Sadıq Sadıqovun biz cavan məşqçiləri yaratdığı şəraitin müqabilində komandanın titullarını artırmalıyıq.

- "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev hazırda klubda fəaliyyətini davam etdirir. Onunla komanda ilə bağlı hər hansı bir məsləhətləşməniz olur?

- Yox,yox. Bizim işimizə heç kim qarışımır. Sadıq müəllim bizə şərait yaradıb ki, öz işinizi görün. Böyükağa müəəlimin öz iş funksiyası var. O, öz işi ilə məşğuldur. Dediyim ki, heç kim bizim işimizə müdaxilə etmir.

- Klub rəhbərliyi ilə baş məşqçi postu ilə bağlı son vaxtlar söhbətiniz olmayıb?

- Biz məşqçilər korpusu olaraq birlikdə çalışırıq. Burada önəmli olan bizim birliyimizdir. Bütün qərarlar da bir yedə qəbul olunur. İnanın ki, baş məşqçinin olub-olmaması yadıma da düşmür.

- Yaxın vaxtlarda bu məsləylə bağlı yekun qərar veriləcəyi gözlənilir?

- Yox. Heç bu haqda heç bir plan yoxdur. Bizim üzərimizə düşən işin öhdəsindən gəlməyə hazırıq. Bütün qərarları da bir yerdə veririk.

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki