Rauf Əliyev: "Səmədovun cavabını vermək lazım idi"
Milli komandamızın və "Bakı" klubunun hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsində yığmamızın Rusiya ilə oyunu (1:1) haqda Qol.Az saytının suallarını cavablandırıb
- Rusiya ilə oyun haqda fikirlərini bilmək istərdik...
- Maraqlı və çətin oyun oldu. Rusiya kimi güclü komandaya qarşı oynayırdıq. Ruslar Bakıya qrup lideri kimi gəlmişdilər. Əsasən oyunumuzu müdafiədən qururduq. Gözlənilməz bir qol buraxdıq. Qapımızda 15-ci dəqiqədə qol görməyə hazır deyildik. Buna baxmayaraq komandamız dağılmadı, kompakt şəkildə oyunumuzu davam etdirdik. Şükürlər olsun ki, 90-cı dəqiqədə hesabı bərabərləşdirdik. Rusiyadan bir xal almaq böyük nəticədir.
- Oyun komandamız üçün nə dərəcədə prinspial idi?
- Rusiya ilə həmişə oyunlarımız prinsipial olub. Gördüyünüz kimi dünən də yaxşı mübarizə var idi. Bunu qıraqdan da görmək olardı. Məğlub olmaq istəmirdik. Çünki oyundan qabaq ruslar xoş olmayan müsahibələr vermişdi. Bu da bizə təsir edirdi. Onlar bizə çox yuxarıdan aşağı baxırdılar. Yadınızdadırsa, Türkiyə millisi ilə oynayanda da belə bir hal yaşanmışdı. Türklər Bakıdakı oyundan əvvəl stadiona çıxanda bizə elə baxırdılar ki, sanki bizim komandanı küçədən yığıblar. Allaha şükür ki, həmin oyunda onlara qalib gəldik. Ruslar da bizə saymazyana yanaşırdılar. Buna görə də onlara uduzmadıq.
- Aleksandr Səmədovun oyunboyu azarkeşlər tərəfindən fitə basılmağına münasibətin necədir?
- Məncə, azarkeşlər onun cavabını yaxşı verdilər. Ancaq Səmədovu da başa düşmək lazımdır. Çünki o, Rusiyada böyüyüb, oranın çörəyini yeyib. Ona görə də Rusiya millisini seçib. Sadəcə bizim azarkeşləri qıcıqlandıran onun oyundan qabaq verdiyi açıqlama oldu. Azarkeşlərin bu reaksiyasını təbii sayıram. Onun cavabını vermək lazım idi.
- Səmədov oyundan sonra Rəşad Sadıqovla danışanda sən də orda idin. Onlar nə danışdılar?
- Səmədov bildirdi ki, məni düzgün başa düşməyiblər, istəməzdim ki, belə bir hal yaşansın. Rəşad da ona bildirdi ki, ona qarşı bu təzyiqlər verdiyi açıqlamaya görədir. Buna qədər də Rusiya millisi ilə oynamışıq və belə hal yaşanmayıb.
- Qol vurmasan da, oyun ərzində çox fəal oldun, oyunun ən yaxşılarından idin. Ancaq Rüfət Dadaşovla tandemin alınmırdı. Rüfət sənin qədər fəal deyildi. Baş məşqçi sənin hücumlara daha çox qoşulmağını tapşırmışdı?
- Rusiyaya qarşı hücum təşkil etmək çətin idi. Çünki arxada oturmuş bir komanda güclü müdafiəçilərə qarşı çətin mübarizə aparır. Əsasən müdafiədən oynadığımız üçün hücumda azlıq təşkil edirdik. Rüfətlə tandemim o qədər də pis alınmır. Sadəcə ikimizin də sırf hücumçu kimi oynamağımız. ortada boşluq yaradırdı. Baş məşqçinin tapşırı idi ki, mən irəlidə, Rüfət isə bir qədər arxada oynasın.
- Geridə qalan seçmə mərhələdə millimizin çıxışını necə qiymətləndirmək olar?
- Lüksemburqla itirilən xallar, Şimali İrlandiiya ilə səfərdə son saniyələrdə buraxdığız qolu fikirləşəndə təəssüflənirik. Ən azı bu oyunlardan 6 xal toplaya bilərdik. Ancaq yenə də qrupda pis çıxış etmədik. Məğlubiyyətimizn sayı az oldu. Bundan artığına da qadir idik. Ancaq 9 xal toplamağımız da pis nəticə deyil.
- Berti Foqtsun müqaviləsi başa çatır. Onun milli komandada qalmasını istərdiniz?
- Əlbəttə. Bütün futbolçuların fikri budur ki, Foqts yığmada qalsın.
Ramiq AĞAMƏMMƏDOV