“Bizim klublar hələ də tənqidlə qərəzin nə olduğunu bilmirlər”

“Bizim klublar hələ də tənqidlə qərəzin nə olduğunu bilmirlər”
MÜSAHİBƏ 8 Oktyabr 2013 / 12:24 3338
-  A +

Oktyabrın 10-da Azərbaycanın ən populyar idman saytlarından olan fanat.az-ın beş yaşı tamam olur. Bununla əlaqədar fanat.az-ın baş redaktoru Əli Sahib Qol.Az saytının suallarını cavablandırıb

- Əvvəlcə Fanat.az-ın 5 yaşının tamam olması münasibəti ilə sizi təbrik edirik.

- Çox sagolun, minnətdaram.

- Ənənəvi sualla başlayaq, "Fanat.az" necə yarandı? İdeya kimdən oldu?

- 2007-ci ildə qaynarinfo.az adlı ictimai-siyasi sayt yarandı. Həmin dövrdə mən "Alma" qəzetində çalışırdım. Zahid Əzəmət isə həmin vaxt "Qaynarinfo"nu təsis etdi. Mən də saytın idman bölməsinin baş redaktoru oldum və kollektiv formalaşdırdım. Sonradan Zahid Əzəmət belə bir təklif etdi ki, bəlkə bir sayt açasan? O dövrdə isə cəmi 2-3 idman saytı var idi. Mən də təklifi dəyərləndirdim və başladım saytı praqramlaşdırmağa. 2008-ci ilin oktyabrın 10-da "Fanat.az" saytı fəaliyyətə başladı. 2007-2008-ci illərdə isə "Qaynarsport" kimi fəaliyyət göstərmişik.

- Saytı yaradanda qarşıya hansı hədəflər qoymuşdunuz?

- Birinci olaraq qarşımıza ictimai rəyə təsir etmək hədəfi seçmişdik. Amma bunu o dövrdə etmək çətin idi. Oxucu kütləsi çox az idi. Maddi imkanlarımız da ürəkaçan deyildi. Amma iki il gecə-gündüz o dövrdəki kollektivlə - Natiq Muxtarlı, Pərvin Kazımoğlu, Kənan Məstəliyevlə sərasər işlədik.  Rəşad Ergün və Elçin Cəlilovun da bizə böyük dəstəyi oldu. Həqiqətən o vaxt oxucu kütləsi toplamaq çox çətin idi. İki böyük sayt var idi. Demək olar ki, hamı onları oxuyurdu. Özümüzü oxuculara tanıtdırmaq və bazara girmək üçün geniş imkanlarımız da yox idi. Ancaq buna baxmayaraq qeyd etdiyim insanların köməkliyi ilə özümüzü sübut edə bildik.

- Qarşıya qoyulan hədəflərinizə nə dərəcədə nail olmusunuz?

- Qismən nail olmuşuq. Hədəfə çatdıqca qarşıya yeni hədəflər çıxır, ideyalar gəlir. fanat.az-ın bu günə qədər olan fəaliyyəti məni tam qane edir. İndi şükür Allaha ki, üzdə olan 3-4 idman saytından biriyik. Düzdür, bəzi çatışmazlıqlarımız var. Bu da maliyyə problemi ilə bağlıdır. Özünüz də bilirsiniz ki, ölkədə reklam bazarı nə səviyyədədir. Deməzdim klublardan tam asılıyıq, ancaq elə saytın gəlirləri də klubların reklamındandır. Digər sahələrdən reklam gəlirimiz yoxdur. Buna baxmayaraq sözümüzü deyirik, çətinliklərə dözürük. Elə olur ki, reklam tam kəsilir və fanat.az könüllülük prinsipi ilə işləyir. Çətinliklə olsa da, işi yola veririk.

- Hazırda maddi vəziyyətiniz hansı durumdadır?

- Ən azından saytımız bu gün öz kollektivini dolandıra bilir.

- Həyata keçirmək istədiyiniz layihələr varmı?

- Çox layihə var. Ancaq hamısı maddi durumdan asılıdır. Layihəni AFFA-ya, PFL-ə ya da klublara təqdim etməliyik. Hamısına da təqdim etmişik. Hamısı da təqdim etdiyimiz kimi qalıb. Həddindən artıq çox planlarımız var. Ancaq maddi durumumuz buna imkan vermir. Qəzet deyilik ki, satışımızdan pul gələ. Əlavə gəlirimiz ancaq reklamdan ola bilər. Özünüz də bilirsiniz ki, bir çox klub haqda sərt söz dedinsə, həmin dəqiqə reklamı dayandırır. Şükür Allaha ki, hər klubu o sıraya qoymaq olmaz. Məsələn, "Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran" kimi klublar heç vaxt tənqidə sərt reaksiya verməyiblər.

- Zaman-zaman fanat.az-ın tənqidi yazılarla çıxış etdiyinin şahidi olmuşuq. Bu yazılar futbolumuzda hansısa problemi həll edə bilibmi?

- Əslində tənqid inkişafa doğru aparır. İş olan yerdə nöqsan olur. Nöqsan da varsa, tənqid olmalıdır. Tənqid varsa, deməli, iş var, inkişaf var. Gəlin danmayaq, beş il əvvəllə müqayisədə futbolumuzda inkişaf var. Tərif yağdıran mətbu orqanlarımıza da rast gəlirik. Mən bunu ayırmıram. Tərif də lazımdır. fanat.az isə tərif olan yerdə tərif, tənqid olan yerdə isə tənqid edir. Ancaq tənqid çox gözəl şeydir. Təəssüflər olsun ki, bir çox klubumuz tənqidi qərəz kimi başa düşür. Hamısının da bir sözü var: "tənqid yaxşı şeydir, amma təhqirə keçməsə". Yəni heç bunun mənasını da anlamırlar. Sadəcə, bu sözləri əzbərləyiblər. Hakimliklə bağlı da deyirlər ki, səhv ola bilər, ancaq qərəz olmasın. Hələ də bilmirlər ki tənqid nədir, qərəz nədir. Heyif ki, klublarımız bunları qarışıdırırlar. Bunun da səbəbi klub rəhbərlərinin mütaliəsinin olmamasından irəli gəlir. Bu gün Azərbaycanda həddindən artıq idman saytları var. Baxırsan ki, klublar ucdantutma hamıya reklam verir. Ancaq "Fanat.az" artıq beş ildir fəliyyət göstərsə də, eyni vaxtda beş klubdan reklam pulu aldığı dövrü olmayıb. Ən çoxu eyni vaxtda üç klubdan reklam almışıq. Ancaq yeni yaranan saytlar 4-5 klubdan reklam alır. Klub rəhbəri fikirləşir ki, mətbuatdı, reklam vermək lazımdır. Ancaq gəlin görək siyasi mətbuatda bunu etmək olar? Hansısa bir təzə yaranan sayt gedib 4-5 iri şirkətdən, hansısa deputatdan, partiyadan onu piarını aparmaq üçün pul ala bilər? Deputatlar, siyasətçilər mütaliə edirlər, bilirlər ki, hansı mətbu orqan ciddidir, hansı qeyri-ciddidir. Siyəsətdə ağıllı insanlar var. Ancaq təəssüflər olsun ki, klub rəhbərlərimiz qeyri-ciddi saytları ayıra bilmir. Ona görə də idman mətbuatında durum çox ciddidir. Hamı idman mətbuatı kimi təqdim olunur. Ancaq inanın ki, klublar reklamı dayandırsa, ortada 4-5 sayt qalacaq.

- Belə çıxır ki, bunun da kökündə klubların qeyri-peşəkarlığı durur.

-  Bəli. Klubların mətbuata qeyri-peşəkar yanaşmasına görə bu vəziyyətlə üzləşmişik.

- İdman saytlarından söz düşmüşkən, qeyd etdiyiniz saytların durmadan artmasına münasibətiniz necədir?

- Onların sayının durmadan artması klubların "səxavət kisəsi"ni mətbuata axıtmasıdır. Ancaq fanat.az kimi mətbuata reklam vermirlər. Çünki biz reklam alsaq da, tənqidimizi edirik. Bəzi klublar  elə bilir ki, reklam pulu verirsə, onlar tənqid olunmamalıdır. Təbii ki, belə klublar bizimlə yox, bəzi xırda saytlara pul buraxırlar. Onların əli ilə iyrənc kampaniyalar aparırlar. Bir şeyi başa düşmürlər ki, belə qeyri-ciddi saytlar ictimai rəyə təsir edə bilmirlər.

- Bəs, ümumiyyətlə,  idman jurnalistikası özünü doğrulda bilibmi?

- Mənim bu haqda rəy verməyim bir qədər düz olmazdı. Çünki idman jurnalistikasına 6-7 il bundan qabaq gəlmişəm. İdman jrnalistikasında can qoyan insanlar var. Bu haqda onlar rəy versə yaxşı olar.

- Hazırda fəaliyyət göstərən idman saytları arasında gedən rəqabəti necə qiymətləndirirsiniz?

- Rəqabət mütləq olmalıdır. Bu gün qol.az, azerisport.com, apasport.az fəaliyyət göstərməsə, fanat.az çox zəif olar. Həmçinin biz olmasaq, qol.az zəif olar. Rəqabət çox yaxşı şeydir. Adını çəkdiyim saytları həmişə özümə yaxşı mənada rəqib görmüşəm. Tutaq ki, görürəm qol.az qabağa gedir, mən də dizimi yerə qoyub, uşaqları başıma yığıb deyirəm ki, bir iş görmək lazımdır. Nəysə bir yenilk edirik. Ona görə də həmişə rəqabət olmalıdır. Biz fanat.az-ı yaradanda apasport.az və azerisport.com saytları var idi. Biz də onlarla rəqabətə girdik. Səhv etmirəmsə, qol.az bizdən bir ay sonra yarandı. Həmçinin qol.az da bizimlə rəqabətə başladı. Biz o vaxt düzgün rəqabət apardıq ki, bu gün qol.az da, fanat.az da sayılıb-seçilən saytlardandır.

Ramiq AĞAMƏMMƏDOV


Redaksiyadan: Qol.Az saytı beş yaşının tamam olması münasibəti ilə fanat.az saytını təbrik edir, orada çalışan həmkarlarımıza yeni-yeni uğurlar arzulayır.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki