Rəşad Sadıqov: "Qrupa düşmək şansımız tükənməyib"

Rəşad Sadıqov: "Qrupa düşmək şansımız tükənməyib"
MÜSAHİBƏ 28 Avqust 2013 / 17:50 4585
-  A +

“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Avroliqanın pley-off mərhələsinin “Ayntraxt”la (Frankfurt) cavab oyunu öncəsi Qol.Az saytının suallarını cavablandırıb

- Əvvəlcə komandanızın Topaz Premyer Liqanın dördüncü turunda “Qəbələ” ilə matçı haqda danışaq. “Qarabağ” ikinci heyətlə meydana çıxmışdı. Komandanız aparıcı üzvləri olmadan necə təsir bağışladı?

- Son 20 dəqiqəyə qədər çox yaxşı oynadılar. Özlərinə inamlı olduqları və qələbə qazanmaq istədikləri görünürdü. İkinci hissədə rəqib yüzfaizli qol imkanı yaratdı. Bundan sonra futbolçularımızda bir az qorxu hissi yarandı. Bu da gənc və təcrübəsizlikdən irəli gəlirdi ki, həyacanlandılar və rəqibdən qorxdular. Ancaq 70-ci dəqiqəyə qədər çox əla oynadılar. Ondan sonra “Qəbələ” bir neçə qol epizodu yaratdı. Bu vaxt ərzində futbolçularımız yoruldular. Dəyişiklik etməyə də futbolçu yox idi. Əsas odur ki, çox vacib olan 3 xalı qazandıq.

- Komandanız bu istirahətdən istifadə edib fiziki durumunu yaxşılaşdıra bildimi?

- Çox sıx qrafiklə oyunlar keçirdik. Elə oldu ki, “Gefle”dən sonra “Sumqayıt”la qarşılaşdıq, millinin düşərgəsinə qoşulduq, daha sonra “Xəzər Lənkəran”la ağır oyunumuz oldu. Buna görə də futbolçularımızda həm fiziki, həm də psixoloji cəhətdən yüklənmə var idi. Məşqçilər də bunu gördülər və “Qəbələ” ilə oyunda riskə getdilər. Şükürlər olsun ki, əsas futbolçularımız yetərincə istirahət edə bildilər. Düşünürəm ki, fiziki durumumuzda problem yoxdur.

- Sıx qrafiklə oyunlar keçirən “Qarabağ”ın “Qəbələ” ilə oyunu PFL tərəfindən təxirə salınmadı. Buna münasibətini bilmək istərdik.

- Buna münasibət bildirmək istəmirəm. Belə qərar verdilər, məşqçilərimiz də lazım olan addımı atdılar, futbolçulara istirahət verildi. Çox yüklənmə olan yerdə artıq zədələr də yaranır. Gördüyünüz kimi Avropada hər vacib oyunqabağı bir ciddi itkimiz olur.

- Sabah “Ayntraxt”la vacib oyuna çıxacaqsınız. Azarkeşlər “Qarabağ”dan ən azı qələbə gözləyə bilər?

- Oyundan qabaq söz vermək istəmirəm. Amma onu deyə bilərəm ki, oyuna yaxşı hazırlaşmışıq. Ümidimizi itirməmişik. Allahın köməkliyi ilə daha yaxşı oyun nümayiş etdirəcəyik. Final fitinə qədər mübarizə aparacağıq.

- “Ayntraxt”ın hücumçusu Lakiç zədə səbəbindən sabahkı görüşdə iştirak etməyəcək. Bu, işinizi asanlaşdıra bilər?

- “Ayntraxt” elə rəqibdir ki, heyətində yetərincə güclü futbolçular var. Oynamayan futbolçunun əvəzinə də güclü bir oyunçu çıxacaq. Yəni heyətləri çox genişdir. Bir oyunçunun olmamağı onlar üçün itki olmayacaq.

- Bəs Reynaldolu “Qarabağ”ın oyununda nə kimi fərq olacaq?

- Təbii ki, Reynaldo “Qarabağ”da böyük fiqurdur, onun komandada özünəməxsus yeri var. Reynaldonun güclü driblinqi sayəsində yaxşı hücumlar təşkil edirik. İlk oyunda da onun olmaması işimizə yaramadı. Sabahkı matçda da yəqin ki, əsas heyətdə olmayacaq. Ola bilsin son 15-20 dəqiqəni oynadı.

- İlk matçda etmədiyiniz nələri cavab oyununda həyata keçirməlisiniz ki, uğur qazanasınız?

- Ən əsası odur ki, daha inamlı oynamalıyıq. Bu dəfə çalışıb topa biz nəzarət etməliyik. Öz oyunumuzu diqtə etməliyik. Bunu etməsək, bizə çətin olacaq. Top bizdə olanda rəqib çox yaxşı müdafiə olunur, əks-hücumda təhlükəli olurlar. Bunlara da çox fikir verməliyik.

- “Ayntraxt”ın futbolçusu Stefan Ayqner deyib ki, məsələnin 80 faizini həll ediblər. Sən necə düşünürsən?

- Biz səfərə təslim olmağa getmirik. Qarşıda 90 dəqiqəlik oyun var. Öz meydanımızda 1:0 hesablı qələbə qazansaq da, eyni söhbəti edərdim. Hər şey qarşıdakı 90 dəqiqədə həll olunacaq. İndidən heç kim deyə bilməz ki, məsələ neçə faiz həll olunub. Çalışacağıq ki, rəqibə qol vuraq. Onu da deyim ki, ilk oyunun ikinci hissəsində çox yaxşı qol epizodları yaratdıq. Futbolçularımız da başa düşməlidir ki, öz oyunumuzu oynamayıq, inamlı olmalıyıq. Allahın köməkliyi ilə yaxşı olar.

- Əgər “Qarabağ” qrupa düşməsə, pley-off-a qədər gəlməyinizi klub özü üçün uğur sayacaq? Nəzər alaq ki, digər komandalarımız ikinci təsnifat mərhələsində mübarizəni dayandırdı.

- İdman bu günlə yaşanan bir şeydir. Biz futbolçular da istəyirdik ki, Avroliqanın qrup mərhələsinə düşək. Yenə də bu istəyimiz davam edir. Hələ qarşıda oyunumuz var. Maksimum çalışacağıq ki, yaxşı nəticə qazanaq. Aydın məsələdir ki, digər klublarımız mübarizəni dayandırdıqdan sonra “Qarabağ”ın nəticəsi hamının gözündə uğur görsənir. Hələ ki, qrupa düşmək şansımız tükənməyib.

- “Neftçi”nin əvəzinə “Qarabağ” Çempionlar Liqasında iştirak etsəydi, demək olarmı indi ən azı Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı?

- Xeyr. Qətiyyən belə düşünmürəm. Özünüz də gördünüz ki, “Neftçi” kimi komanda “Skenderbeu” ilə bacarmadı. Yəni çempion komandaların mübarizəsi çox çətin olur. Çempionlar Liqasında hər ölkənin çempionu oynayır. Ona görə də hər bir komandanın güclü xüsusiyyətləri var. Avroliqada ola bilər ki, zəif komandalarla düşəsən, ancaq Çempionlar Liqasında nadir hallarda zəif rəqib olur. Gördüyünüz kimi Qazaxıstan “Şaxtyor”u “Seltik” kimi komandanı 2:0 hesabı ilə məğlub etdi. Yəni Çempionlar Liqası başqa aləmdir.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki