Vaqif Sadıqov: “Heç kimdən zəif deyilik”

Vaqif Sadıqov: “Heç kimdən zəif deyilik”
MÜSAHİBƏ 20 Avqust 2013 / 00:01 3091
-  A +

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqasında “İnter”ə də qalib gəldiniz. Qazanılan son iki qələbədən sonra komandada ab-hava necədir?

- Məsələ ondadır ki, bizdə həmişə ab-hava yaxşı olub. Çünki klub rəhbərliyi ilə bir-birimizə hörmətlə yanaşırıq. Klub rəhbərliyi ilk gündən bildirmişdi ki, yaxşı gündə də, pis gündə də bir olmalıyıq. Büdcəmiz az olanda da demişik ki, ilk növbədə nüfuzumuzu və mənliyimizi qoruyub saxlamalıyıq. Heç vaxt məğlubiyyəti büdcənin az olması ilə bağlaya bilmərik. Yəni hər şeyi büdcənin üstünə atmaq düz olmaz. Hazırda elə bir komanda yaradırıq ki, hər bir rəqibə qarşı ilk dəqiqədən sona qədər mübarizə apara bilsin. Buna uyğun futbolçular yetişdirməyə çalışırıq.

- Yeni mövsümə məğlubiyyətlə başlamaq AZAL üçün nə dərəcədə gözlənilən idi?

- Ümumiyyətlə məğlubiyyətlə barışan məşqçi deyiləm. Komandam da belədir. Futbolçulara da bildirdim ki, AZAL-la çıxdığım 43 oyunun cəmi 9-unda məğlub olmuşam. Hər dəfə oyunçulara bildirirəm ki, oyuna çıxanda ancaq qələbəni fikirləşməliyik. Heç nədən çəkinməli deyilik. Çünki biz də xeyli iş görmüşük. Biz də peşəkarıq. Hesab edirəm ki, bu gün komanda şəklində heç kimdən zəif deyilik. Ola bilər ki, bəzi komandaların oyunçularının fərdi ustalığı keyfiyyət baxımından bizdən üstündür. Ancaq zəif tərəfimizi göstərməmək şərti ilə komanda oyunu ortaya qoyuruq. Əzmkar və mübariz, 90 dəqiqə tempi saxlaya bilən bir futbol ortaya qoyuruq. Rəqibin keyfiyyətli futbolçularına öz imkanlarından istifadə etməyə də imkan vermirik. “İnter”lə oyunda da onların aparıcı futbolçularını təzyiq altında saxlamaqla imkan vermədik ki, yaxşı oyunlarını göstərsinlər. Rəqibi demək olar ki, əks hücumlarda yaxalayıb qol epizodları əldə etdik.

- Bu gün yaxşı büdcəsi olan bəzi klublarımız türnir cədvəlinin sonlarında yer alıb. Komandanız isə ardıcıl iki qələbə qazandı. Daha az büdcə ilə AZAL-ın bu nəticəsi klub rəhbərliyini qane edirmi?

- Yəqin ki, qane edər. Qeyd etdiyiniz kimi, bu büdcə ilə qələbələr qazanırıqsa, bundan məmnun qalmaq olar. Buna baxmayaraq, komandada xeyli problem var. Bunları aradan qaldırmaq üçün birləşib həll yollarını axtarmalıyıq.

- Hazırda heyətdə nə kimi problemləriniz mövcuddur?

- Zədəli futbolçularımız çoxdur. Cavid Tağıyev tam formada deyil. Dünənki oyundan sonra da həkim müayinəsindən keçdi. Yuri Fomenko və başqa zədəli oyunçularımız da var. Ancaq heyətimizi qorumalıyıq. Rəqabətli bir komanda yaratmalıyıq. Rəqabət olan yerdə komandada inkişaf olacaq.

- Bildirmişdiniz ki, yeni transferlərə ehtiyac var. Bunun üçün AZAL-ın büdcəsi kifayət edəcək?

- Bu məsələni büdcəmiz çərçivəsində həll etmək istəyirik. Ona görə də şərtlərdən asılı olaraq minimum bir, maksimum iki transfer həyata keçirəcəyik. Daha doğrusu, transfer etmək istəyirik. Transfer pəncərəsinin bağlanmasına hələ 10 gün vaxt qalıb. Bu müddət ərzində çalışıb transfer etməliyik. Baxmayaraq ki, hər bir mövqeyi gücləndirmək üçün oyunçuya ehtiyacımız var, belə qərara gəldik ki, müdafiə və hücum xəttinə bir futbolçu gətirək.

- İlk turda məğlubiyyət, sonra ardıcıl iki qələbə AZAL-ın getdikcə inkişafda olmağına işarədirmi?

- Əlbəttə. Mən daha əvvəl də demişdim ki, ilk oyuna qədər komandadakı problemləri aradan qaldıra bilmədik. Çempionatın əvvəlində həmişə çətin olur. Getdikcə AZAL-ın daha yaxşı çıxışlarının şahidi olacaqsınız.

- Sonda, digər komandalarımızın çıxışı haqda da fikirlərinizi bilmək istərdik. Artıq 3 tur arxada qaldı. Komandaların çıxışına əsasən hansı klublar arasında əsas mübarizə gedəcəyini demək olar? AZAL üçün çətin rəqib hansı komandaları görürsünüz?

- Bu gün çempionatımızda zəif komanda yoxdur. Ona görə də hər bir oyunda tam gücümüzü ortaya qoymalıyıq. Xal qazanan da, qazanmayan da hamısı yaxşı hazırlıq dövrü keçib. Xeyli transferlər ediblər. Hər bir komanda demək olar ki, ildən-ilə güclənir. Bu onu göstərir ki, çempionatımız get-gedə inkişaf edir. Yeni mövsümdə üç komanda ilə oyun keçirmişik. Bu rəqiblər haqda – “Neftçi”, “Bakı” və “İnter”dən danışa bilərəm. Hər üç komanda yüksək yerlər uğrunda mübarizə apara bilər. Bunu tam səmimi deyirəm. Ona görə demirəm ki, bu komandaların ikisnə qalib gəlib, birinə məğlub olmuşuq. “Bakı” çox böyük potensiala malikdir. Eyni səviyyəyə malik iki heyəti var. “Nefçi” öz dəsti-xəttini qoruyub saxlayıb. “İnter” isə baxmayaraq ki, böyük dəyişikliklərə məruz qalıb, ancaq bu gün oyunçu keyfiyyətinə görə çox güclü komandadır. Məncə, bizi çox gərgin bir çempionat gözləyir. Azarkeşlər üçün də çox maraqlı olacaq. Əvvəlcədən heç bir nəticəni demək olmayacaq. Bundan da azarkeşlərimiz və futbolumuz qazana bilər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
10.03.25  23:00

PSJ fikrini dəyişdi