Böyükağa Hacıyev: "Qoy onlar fikirləşsin ki, “Neftçi” ilə necə oynayacağıq?
Sabah Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubunu qəbul edəcək “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Hacıyev görüşlə bağlı sualları cavablandırıb.
- Rəqibi yaxşı öyrənmişik. İki məşqçimiz onların Avstriya toplanışındakı oyunlarına baxıb. Rəqibə hörmət edirik. Ənənəmizə sadiq qalaraq sabahkı oyuna qələbə üçün çıxacağıq. "Skenderbeu" yaxşı müdafiə olunur. Ancaq istənilən komandaya qarşı taktika qura bilərik. Qoy rəqib fikirləşsin ki, “Neftçi” ilə necə oynayacağıq? Avstriyada bir neçə gün hazırlıq keçdik. Komandam mənə lazım olan fiziki hazırlığı verə bildi. Adətən, bir komandanı yaxşı hala gətirmək üçün ən azı 4 həftə lazımdır. Təəssüf ki, bu vaxt bizdə yox idi. Ona görə də məcbur oldum ki, iki həftə futbolçulara istirahət verməyəm. Komandamızda çox böyük yorğunluq var idi. Ancaq bunun bəhrəsini görürük. Bu gün komandamız fiziki cəhətdən çox yaxşı formadadır. Bu il keçən ilkindən fərqli olaraq yetərincə ehtiyat qüvvəmiz var. Çalışırıq ki, bir futbolçumuz bir neçə mövqedə oynasın. Yeni transferimiz Kardozo həm müdafiədə, həm də dayaq yarımmüdafiəsi mövqeyində çıxış edə bilir. Hollandiyalı yeni futbolçumuz Melvin Platyeyə isə bir az vaxt lazımdır ki, adaptasiya olunsun.
- Komandada vəziyyət necədir? Sabah kimin oynayacağını müəyyənləşdirmisiniz?
- Biz Sadıq Sadıqovun səyi nəticəsində ötənilki heyəti qoruya bilmişik. İspanlar dünya futbolunda yeni səhifə açdılar. Çünki Xavi, İnyesta kimi futbolçular uzun illər bir yerdə oynadı. Bu gün bizdə yalnız Kanales yoxdur. Rəşad başını qaldıranda bilir ki, Flavinyo və ya Araz nə istəyir. Bu gün məşqə baxanda tam biləcəyəm ki, kim nə vəziyyətdədir.
- Keçən mövsüm “Neftçi” tarixi uğur əldə etdi. Bu mövsüm də hamı ən azı həmin uğuru gözləyir. Bu isə komandada psixoloji gərginlik yarada bilər. Bunun üçün komanda hansı işləri görür?
- Futbolda heç vaxt təsadüfi olmur. Bir futbolçu əgər nə vaxtsa yaxşı futbol oynayıbsa, deməli yenə oynaya bilər. Əgər biz bu problemlə üzləşəcəyiksə, biz məşqçilər nədən ötrüyük. Əgər general ordusunu qorxa-qorxa döyüşə aparırsa, aparmasa yaxşıdır. Əgər Rəşad və Flavinyonun sabah dizləri əsəcəksə, hansı təcrübədən danışmaq olar. Bizim heç bir gərginliyimiz yoxdur.
- Əgər ilk oyunda qapınıza qol vurulsa, ikinci oyunda sizə çətin olmayacaq?
- Futbolun gözəlliyi qoldur. Biz bunu bir həftədir ki, fikirləşirik. Əgər rəqib bizə uduzsa, məcburdur ki, cavab oyunda açıq futbola getsin. Mənim də açıq futboldan xoşum gəlir. Heç kim deyə bilməz ki, Böyükağa Hacıyev müdafiə futbolu oynadır. Bu gün daha etibarlı müdafiəmiz var. Bizim üçün Albaniyadakı oyun buradakından qat-qat asan olacaq. Çünki rəqib məcbur olacaq ki, öz meydanında açıq futbol oynasın.