Ağasəlim Mircavadov: "Qarabağ" çempion ola bilərdi"

Ağasəlim Mircavadov: "Qarabağ"  çempion ola bilərdi"
MÜSAHİBƏ 15 May 2013 / 00:01 4166
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- Artıq 2012/13 mövsümü başa çatmaq üzrədir. “Nefçi” sona bir tur qalmış çempion adını qazandı. Bunlar haqda fikirlərinizi bilmək istərdik.

- “Neftçi” demək olar ki, çempionat ərzində daha çox lider olan komanda idi. Çempionluğa da layiq idilər. Sizin saytınız vasitəsi ilə başda “Neftçi”nin prezidenti Sadıq Sadıqov olmaqla bütün kollektivi təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. “Qarabağ”a gəldikdə isə çox gözəl haldır ki, birinci və ikinci yerləri yerli baş məşqçilər çalışan komandalar tutdu. “Qarabağ” çempion da ola bilərdi. Nədənsə alınmadı. İnşallah gələn il alınar. Ən çox ona heyfsilənirəm ki, iki bölgə komandamız, “Turan”la “Kəpəz” Premyer Liqanı tərk edir. Bu yaxşı hal deyil. Azərbaycan çempionatı başlayandan “Turan” Premyer Liqada iştirak edir. Yəqin ki, rəhbərlik çalışacaq ki, heç olmasa bir ildən sonra “Turan” güclülər dəstəsinə qayıtsın.

- Artıq medalçılar müəyyənləşib. “Neftçİ” qızıl, “Qarabağ” gümüş, “İnter” isə bürünc mükafatın sahibi oldu. Bu sıralanma haqqında nə deyə bilərsiniz? Sizcə, komandalar layiqli yerlərdədir?

- Məncə, sıralanma normaldır. “Simurq”un ilk “altılığ”a düşəcəyini çoxdan demişdim. Amma medallar uğrunda mübarizə aparmağa gücü yox idi. “Bakı”nın zəif oynadığını deyə bilərəm. Onların da medallar üçün gücü çatmadı. “Qəbələ”yə gəldikdə isə, bu komanda əvvəl çox yaxşı təsir bağışlayırdı. Amma hansısa səbəbdən sonradan komanda zəiflədi. İlk “altılığ”a düşə bilməyən komandalardan yalnız AZAL-a heyfim gəldi. AZAL ilk “altılığ”a düşə bilsəydi, güclü mübarizə gedərdi.

- Bu mövsüm hansı komandalar yaxşı və pis mənada sürpriz etdi?

- “Xəzər Lənkəran”ın ilk “altılığ”a düşə bilməməyi sürpriz oldu. Mən bu komandada çalışmışam. İddialı komandadır. Güclü azarkeş dəstəyinə malikdir. Belə komanda ilk “altılığ”a düşməli idi. AZAL-ın da ikinci “alıtılıq”da qalması mənim üçün gözlənilməz oldu. “Simurq” çempionatın əvvəlindəki çıxışlarını davam etdirsəydi, sürpriz komanda olardı.  Qalan bütün komandalar gözlənilən oyunu göstərdi.

- Kəşf etdiyiniz, çıxışını bəyəndiyiniz bir futbolçu oldumu?

- Elə bir futbolçu görmədim. Keçən mövsüm yaxşı oynayan oyunçular bu il ortabab oynadılar. Stabil oynayan olmadı. Ancaq “neftçi”nin hücumçusu Nikolas Kanales stabil olaraq komandasının qollarını vurdu.

- Çempionatımızın səviyyəsi necə əvvəlki illərə nisbətən inkişaf var?

- Klublarımızın Avroliqadakı çıxışından sonra bu ilki səviyyə necə olduğunu görəcəyik. Keçən mövsüm “Neftçi” Avroliqanın qrup mərhələsinə düşməklə böyük iş gördü. İndi də heç olmasa 1-2 komandamız qrup mərhələsinə düşməlidir ki, səviyyəmiz də artsın. Çempionun bir tur qalmış məlum olmağı yaxşı əlamətdir. Komandaların gərgin mübarizəsindən xəbər verir. Yenə deyirəm əsas səviyyə Avroliqadakı oyunlardan sonra bilinəcək. Məqsəd Avropada çıxış etmək yox, qrup mərhələsinə düşmək olmalıdır.

- Hansı komandamızdan daha yaxşı uğur gözləmək olar?

- Komandaların dördündən də gözləmək olar. Bir şərtlə ki, uğurlu transfer etsinlər. Ancaq hazır futbolçular cəlb olunmalıdır. Səhv etmirəmsə, iyulun 4-də “Qarabağ”la “İnter”in Avroliqada ilk oyunu olacaq. On gün sonra isə “Xəzər Lənkəran”la “Neftçi”nin oyunları olacaq. Artıq vaxt az qalıb. Komandalarımız bu vaxt ərzində yaxşı heyət yığıb, istirahət etdikdən sonra Avropadakı oyunları düşünməlidir.

- Avropa təcrübəsi olduğu üçün “Neftçi” və “Qarabağ”dan daha çox gözləntilər var. Bu komandalar ən azı əvvəlki uğurları təkrar etmək gücündədir?

- Yaddan çıxartmayaq ki, “Neftçi”də oyunçu qıtlığı var. Start heyətdə meydana çıxan oyunçuları yetərincə əvəz edə biləcək futbolçular lazımdır. “Neftçi”yə əlavə qapıçı mütləq lazımdır. Hər xətdə onlara bir oyunçu gərəkdir. “Qarabağ”a da futbolçular lazımdır. Hücuma və orta xətdə mütləq oyunçu gətirilməlidir. Digər iki klubumuza da oyunçular çox lazımdır. Hansı klub ki, hazır, səviyyəli oyunçular cəlb edəcək, Avroliqada işi asan olacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki