Ruslan Abışov: "Futbol əyləncəmin yarısını alıb"

Ruslan Abışov: "Futbol əyləncəmin yarısını alıb"
MÜSAHİBƏ 26 Mart 2013 / 15:27 7105
-  A +

Kamran Ağayevlə müsahibədən sonra seçdiyim ikinci futbolçu müsahib yığmanın yaraşıqlı oyunçusu Ruslan Abışov oldu. Mobil nömrəsinə zəng edib müsahibə üçün görüş təyin elədim. Abışov dərhal təklifimi qəbul elədi. Hətta mənə sonda millinin formasını da hədiyyə etdi.
Çox səmimi və içdən danışan müdafiəçimiz bütün suallarımı cavabladı. Onu yalnız Portuqaliya millisinə qarşı keçiriləcək oyunla bağlı suallarla bezdirməyib müxtəlif mövzulu suallar verdim.

- Ruslan, hər ikimizin vaxtı məhdud olduğuna görə gəlin, birbaşa suallara keçək.

- Buyurun.

- Futbol həyat tərzidi, yoxsa pul mənbəyi? Ancaq cavabda səmimi olun.

-Pul mənbəyi.

-Futbol əlinizdən nəyisə alıb?

-Deyərdim ki, əyləncəmin bir hissəsini.

-Əyləncə deyəndə gecə klubu, spirtli içki, qızları nəzərdə tutursuz?

- (gülür) Yox. Ümumiyyətlə, əyləncəmin deyərdim, hətta yarısını alıb.

-İlham mənbəyiniz nədi və ya kimdi?

-Ailəm.

- Çətindi millidə müdafiəçi olmaq?

- Yox. Çünki futbola başladığım ilk gündən bu mövqedə oynamışam.

- Niyə oyun vaxtı və müsahibələrin çoxunda aqressiv olursuz? Yerli futbolçularımızın çoxu bu problemdən əziyyət çəkir.

-Yox, belə baxanda oyun vaxtı hirsli oluram. Qərəzli suallar isə adamı daha da qəzəbləndirir.

- Amma təbiətcə sakit insana bənzəyirsiniz.

- Ayy sağ ol.

- Avropa çempionatında favoriniz kim idi?

- İspaniya.





- Qalib gəldiyinə görə?

- Yox, mən uşaqlıqdan İspaniyanın azarkeşiyəm.

- Bəs klub?

- “Real” Madrid.

- Kumiriniz kimdi?

- Bir müdafiəçi kimi “Real”ın keçmiş kapitanı Fernando Hierro. İndikilərdən isə Ramos və Xabi Alonso.

- Əgər futbolçu olmasaydınız...

- ...Musiqiçi olardım. Skripkaçı.

-Suallarımı hazırlayanda ümumi təsəvvürə malik olmaq üçün haqqınızda internetdə məlumat axtarmağa başladım. Amma çox az məlumat çıxdı qarşıma. Niyə bu qədər məhduddu haqqınızdakı məlumat? Bununla məşğul olmağa vaxtınız yoxdu?

-Bilirsiz, onunla məşğul olan adamlar olmalıdı. Azərbaycanda bu istiqamətdə işlər bir az zəif inkişaf edir.

-Xanım fanatlarınız çoxdu?

-Hə, var.

- Oyununuzu sevirlər, yoxsa “priçeskanızı” (yeri gəlmişkən, müsahibimin yeni saç düzümü mənim də diqqətimi çəkdi)?

-Oyunuma baxmasalar, məni tanımazdılar hər halda.

-Sizi narahat edirlər? Onlara münasibətiniz necədi?

- Təbii ki, münasibətim yaxşıdı və məni narahat etmirlər.

-İnternetdə bilyard, playstation oynamağınızı gördüm.Playstationu və bilyardı niyə belə zəif oynayırsız?

- (Gülür) Bilyardı sevmirəm. Playstationu isə əvvəllər sevirdim.İndi isə sadəcə vaxt yoxdu, eləcə də həvəs. Oynayanda özümü məşqçi kimi hiss edirəm.

- Sizi geyim tərziniz və stilinizə görə Kristiano Ronaldoya oxşadırlar. Burda sizin hansısa rolunuz var? Özünüzü ona oxşadırsınız?

-Yox. Qətiyyən.

- Səmimi olun.

- (Ürəkdən gülür və çox səmimi cavab verir) Yox, vallah yox. Eyni mövqedə oynasaydıq, bəlkə də kumirim kimi onu seçə bilərdim. İndiki vəziyyətdə yox.

-Sizə futboldan ayrılıb daha rahat və daha gözəl həyat təklif edən olub? Və olsa, bunu qəbul edərsiz?

-Yox olmayıb, olsaydı da qəbul etməzdim. Futbolu atandan sonra necə olacaq, bilmirəm.

- Andrey Şevçenko siyasətə keçdi, partiya üzvü oldu. Siyasi fəaliyyət sizi cəlb eləmir ki?

-Yox, yox. Siyasət məni heç vaxt maraqlandırmayıb. Siyasət adamı deyiləm.

-Karyeranızı bundan sonra hələ neçə il davam etdirməyi düşünürsüz?

-İnşallah, intensiv məşqlərlə ən az 10 il.

- Bəs, futbolçu karyeranızı bitirdikdən sonra hansı fəaliyyətlə məşğul olmağı planlaşdırırsız?

-AFFA-da işləməyi düşünürəm və ya bizneslə məşğul olmağı. Holdinq qurmaq kimi.

-Futbol izləyəndə diqqətimi həmişə oyunçuların tatuları cəlb edib. Niyə bizim oyunçularda bu hala az rast gəlinir? Tatulara münasibətiniz necədi?

-Düzdü bu, xarici futbolçularda çoxdu. Mənim də planım var idi. Amma dini baxımdam düzgün olmadığı üçün fikrimi dəyişdim.

- “Neftçi”də səhv etmirəmsə, yeddi il oynamasınız. Uzun illərdən sonra niyə klubunuzu dəyişdiz? Sizi nə qane etmədi?

-Bunlar hamısı qalıb keçmişdə. “Nefçi”ylə bütün yollarımı ayırdım. Bu gün mənim bütün planlarım gələcəklə, karyeramı inkişaf etdirməklə bağlıdı.

-Klublarımızda problem nədədi? Oyunçular illərini bir kluba həsr edirlər, sonra hansısa kiçik bir söhbət, kiminsə prinsipi ucbatından hər şeyə tüpürüb klubları dəyişirlər. Nədi problem?

- Özünüz dediniz də (gülür). Haqsızlıq görəndə istər-istəməz adam iyrənir o klubdan. “Neftçi” mənə vaxtında çox şeyi verib. Amma son vaxtlar müxtəlif problemlər var idi. “Xəzər Lənkəran” bu vaxt təklif ürəli sürdü və “Neftçi” məni saxlamaq üçün hansısa cəhd göstərmədi. Daha sonra mənim karyeram üçün mühüm əhəmiyyət kəsb edən “Rubin”dən təklif gəldi. Təbii ki, qəbul etməli idim.

- Maaşlarda fərq var?

- Əlbəttə.

- “Neftçi”dən sonra “Xəzər Lənkəran”da öz köhnə klubunuza qarşı oynadız. Bu, normal hadisədi. Amma yenə də bir vaxtlar sizi sevən fanatlar önündə köhnə klubunuza qarşı oynamaq asan olmamalıdı. Hansı duyğuları yaşadız “Neftçi”ylə qarşılaşanda?

-Çox qəribə duyğudu bu. 90 dəqiqə “Neftçi” fanatları məni tənqid etdi. Amma mən bunu qabaqcadan bilirdim və oyuna hazır vəziyyətdə çıxmışdım. Təbii haldı.

-“Rubin”də vəziyyət necədi? Sonuncu dəfə sizinlə görüşəndə mənə dediz ki, bütün planlarımı “Xəzər Lənkəran”la bağlı qurmuşam.

- (gülür). Gör, biz son dəfə nə vaxt görüşmüşdük?

- Kazan klubunda oynamamağınız nəylə əlaqədardı?

- Zədəliydim, ona görə də oynamırdım. Amma bu yaxınlarda oynayacağam.

- Bizim klublar “Rubin” arasındakı məşqlərdə nəzərəçarpacaq dərəcədə fərq görürsüz?

-Əlbəttə. Fərq böyükdü. Çox böyükdü.

-Aylıq maaşınızı açıqlamaq istəmirsiniz ki?

-Yox, yox.

- Sizi diktafon narahat edir?

- Aaa, diktafon yazır?))

- Sonda bizlə ən böyük təəccübünüzü paylaşa bilərsiz? Nə olub sizi ən çox təəccəbləndürən hadisə?

-Əsas komandaya çağırılmağım. 17 yaşımda əvəzedici heyətdən məni “Neftçi”nin əsas komandasına çağıranda çox təəccübləndim və eyni dərəcədə sevindim.

Rəfiqə MƏMMƏDOVA,
Qol.Az saytı üçün

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki