“Baku United”in hədəfi Avropa çempionluğudur”

“Baku United”in hədəfi Avropa çempionluğudur”
MÜSAHİBƏ 15 Mart 2013 / 18:39 4271
-  A +

İngiltərənin futzal liqasının birinci mərhələsi başa çatır. Bu mərhələdə son oyunda da qələbə qazanan “Baku United” komandası ölkə çempionatında yerini möhkəmləndirdi. Çempionatın ikinci mərhələsinə isə apreldə start veriləcək. “Baku United” uğurlarını bu mərhələdə də davam etdirə bilsə, İngiltərə çempionu olmaq şansını əldə edəcək. Britaniya analitikləri hesab edir ki, Azərbaycan paytaxtının adını daşıyan komandanın belə mövqeyə çıxması Avropa idman ictimaiyyəti üçün maraqlı hadisə olacaq. Bəs komandanın bu iddiaları həyata keçirməyə gücü çatacaqmı?
Qol.Az saytına müsahibəsində “Baku United” klubunun rəhbəri İlham Nağıyev artıq görünməkdə olan çempion titulu uğrunda mübarizəni bir an dayandırmayacaqlarını deyir.
 
- “Baku United” çempionatın birinci mərhələsində cəmi 3 dəfə uduzub. Uğursuzluq zolağı turnirin əvvəllərinə təsadüf etdi ki, bu da heyətin yeni olması ilə əlaqədar idi. “Baku United”in oynadığı Cənub liqasında 8 komanda arasında keçirilən birinci mərhələni 2-ci yerdə başa vurduq. Birinciliyi yalnız son illərin lideri və hazırkı çempion “Helvesia” klubuna uduzduq. Bununla belə, bu komanda ilə aramızda keçirilən son oyunda 4-1 hesabı ilə inamlı qələbə qazandıq. Bu oyundan sonra İngiltərənin idman kuluarlarında “Baku United”in adı tez-tez hallanmağa başlayıb. Artıq ingilislər Azərbaycan paytaxtının adını daşıyan komandaya ciddi rəqib kimi yanaşırlar. Ikinci mərhələni də keçsək, Helvesia komandası ilə yarımfınalda bir də görüşə bilərik. Komandanın hazırkı forması çempionatın ikinci mərhələsində uğurlara ümid etməyə əsas verir. Biz son altı oyunda qələbə qazanaraq rəqiblərimizin qapısandan 39 top vurmuşuq, öz qapımızdan cəmi 6 top buraxmışıq.

- Çempionatın ikinci mərhələsi barədə məlumat verərdiniz.

-  İngiltərədə futzal liqasının birinci mərhələsində 3, regional liqanın 4 ən yaxşı komandası növbəti mərhələyə çıxaraq mübarizəni davam etdirir. 12 komanda hərəsində 3 rəqib olmaqla 4 qrupa bölünür. Qrupların 4 qalibi isə üçünçü, yəni Böyük Final mərhələsinə çıxır. Biz “Lafboro” və “CYDC Lids” komandaları ilə bir qrupa düşmüşük. Hər iki komanda olduqca təcrübəlidir, heyətlərində İngiltərə yığmasının oyunçuları çıxış edir. Bununla belə “Baku United” qrupun favoriti sayılır. Lakin bu favoritliyi biz meydanda sübut etməliyik. İlk oyunumuzu aprelin 7-də “Lafboro” klubuna qarşı keçirəcəyik. Sonuncu oyun isə may ayının 12-də “Lids”ə qarşı olacaq.

- Gələcək hədəfləriniz nədir?

- Bizim klubumuzun fəlsəfəsi bir qədər fərqlidir. Bizim planlarımız hər oyuna görə qururuq. Yəni hazırkı hədəfimiz aprelin 7-də qələbə qazanmaqdır. Biz yalnız bu haqda düşünürük. Bu oyunun final fiti bitəndən sonra növbəti hədəfimiz sonrakı oyunu qazanmaq olacaqdır. Hər oyun bizim üçün böyük hadisədir. Yalnız qeyd etdiyim yanaşma ilə uğur qazana bilərik. Əks halda, idman termini ilə desək “yanarıq”. Amma mən belə başa düşdüm ki, siz strateji hədəf barədə soruşursuz.  Bununla bağlı onu deyə bilərəm ki, bizim indi qarşıda duran bir məqsədimiz var – Avropa kuboklarında İngiltərəni “Baku United” adlı klubunun təmsil etməsinə nail olmaq. Təsəvvür edin, İspaniya, Portuqaliya, Almaniya və s. ölkələrin komandaları ilə Avropa çempionluğu uğrunda mübarizədə “Baku United” də iştirak edəcək. Düzdü, Avropada çox güclü futzal komandaları var, onlara qalib gəlmək elə də asan məsələ deyil. Elə Azərbaycanın güclü futzal liqası vardır, Zaur Axundovun rəhbərlik etdiyi “Araz” klubu İngiltərənin futzal çevrələrində olduqca məşhurdur, bir neçə il əvvəl “Araz” Avropanın ən güclü 4 komandası arasında özünə yer tutmuşdu. Ola bilər ki, bizim komanda Avropa çempionatında “Araz”la qarşılaşsın. Azərbaycanın komandası və Azərbaycan paytaxtının adını daşıyan Britaniya komandası. Bu, hər kəsi maraqlandıra biləcək hadisə olacaq.

- Ancaq bu da bir faktdır ki, İngiltərənin futzal komandası Avropa çempionatında heç vaxt yaxşı nəticələr göstərə bilməyib, çox vaxt heç qrup mərhələsindən çıxmayıb.

- Düzdür. Buna səbəb də İngiltərədə futzalın yarı-peşəkar formada olmasıdır. Məsələn, İspaniya, Portuqaliya, elə Azərbaycan komandaları peşəkar stildədir, hər gün məşq edirlər, yüksək hazırlıq səviyyəsinə malikdilər. Təbii ki, bizim komanda hələ bu səviyyəyə çatmayıb. Amma biz ilk addımı artıq atmışıq, İngiltərə Liqasını peşəkarlaşdırmaya doğru aparırıq.

- Maraqlıdır, nəyə görə komandaya “Baku United” adı qoyulub? Nəzərə alsaq ki, heç bu komandada azərbaycanlı oyunçu və ya məşqçi də yoxdu. Gurultulu ad qoymaq mümkün idi, həm də futzal yox, elə futbol komandası yaratmaq olardı.

- Bu adın yaranmasının iki səbəbi var. Birinci səbəb bu adın təbii şəraitdə meydana gəlməsidir. Belə ki, 5 il əvvəl “Odlar Yurdu” Təşkilatı Londonda keçirilən həvəskar turnirlərdə iştirak etmək üçün Bakıdan olan tələbələrdən ibarət bir neçə bazar günü komandasını birləşdirərək komanda yaratdı və “Baku United” adı özü-özünə meydana gəldi. İkincisi isə, futzal oyunu İngiltərədə çox populyardı. Təsəvvür edin, həftə sonu bu ölkədə boş meydança tapmaq mümkün deyil. Cəmiyyətin bütün təbəqələri futzalla maraqlanır. Biz də ilkin olaraq Azərbaycanı təbliğ etmək, özümüzü tanıtmaq üçün mini futbol komandası yaratdıq. İndi nəticələrə baxanda hesab edirəm ki, biz düzgün addım atmışıq. Həm İngiltərədə tanınırıq, istər-istəməz “Baku United” adını eşidən bu sözün haradan gəldiyi ilə maraqlanır, həm də idman sferasında nüfuzlu komandaya çevrilmişik. Klubumuzun rəsmi gerbində isə Bakı şəhərinin gerbini əks etdirmişik. Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı kimi bizim də əsas məqsədimiz Vətənimizi tanıtmaq, onun nüfuzunu qaldırmaqdır. 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki