Qurban Qurbanov: “Mən diktator deyiləm, amma istəyəndə oluram”

Qurban Qurbanov: “Mən diktator deyiləm, amma istəyəndə oluram”
MÜSAHİBƏ 21 Fevral 2013 / 14:42 5090
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bu dəfə futbol mövzusuna mümkün qədər az toxunmağa çalışdıq. Niyə? Çünki futbol da bəzən insanı yora bilər. Amma nə xeyri var, hər nə qədər başqa şeydən danışsaq da, yenə də sevdiyimiz bu idman növünə gəlib çıxırıq və çıxdıq da.
Nə isə… Sizi çox yormuram. Vaxtınız varsa, Qurban müəllimlə bu müsahibəni oxuyun. Darıxmayacaqsınız.


- Çoxları sizi keçmiş futbolçu və hazırkı baş məşqçi kimi tanıyır. Bəs insan olaraq, özünüzü necə xarakterizə edərdiniz?

- Məncə, çoxları məni insan olaraq da tanıyır. Əlbəttə, ilk növbədə çalışırıq ki, insanlığımızı qoruyub saxlayaq.  Mən də hamıya hörmətlə yanaşır, onlarla normal ünsiyyət qururam.

- Özünüzdə bəyənmədiyiniz hansısa keyfiyyətlər var?

- O qədərdir ki... (gülür)

-Məsələn?

- Qoy, bu sirr olaraq qalsın (gülür).

- Yaxşı məşqçi, yoxsa yaxşı atasınız?

- Ailə ümumiyyətlə böyük məsuliyyətdir. Valideynlərin məsuliyyəti həddən artıq çoxdur. Bu hissi daim qoruyub-saxlamayıyıq ki, övladlarımız da valideylərinin olduğunu hiss etsinlər. Məşqçilikdə də məsuliyyət  böyükdür. Məşqçi, yoxsa ata? Bunları eyniləşdirmək istəmirəm. Çünki hər biri başqa-başqa həyatdadır.

- Amma yəqin ki, hər ikisində də yaxşı olmağa çalışırsınız.

- Mütləq. Baxmayaraq ki, ailədə 3-5 nəfər, məşqdə isə 25 fərqli insanla bir yerdə olursan. Bəlkə də buna görə də məşqçilikdə işim daha çətindir. Futbola daha çox vaxt ayırırıq, nəinki ailəmizə.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Açığı, boş vaxtım çox az olur. Olan kimi bunu ailəmə həsr edirəm, bəzən də idmanla məşğul oluram. Çünki birdən-birə idmandan uzaqlaşmaq olmaz. Mən də daim çalışıram ki,  fiziki formamı qoruyub saxlayım.
 
- Bəs kitab oxumağa vaxt ayırırsınız?

- Bədii ədəbiyyatı oxumağa imkan tapmasam da, idmana aid kitabları oxuyuram. Çünki belə kitablarda futbola dair yeni fikirlər, ideyalar olur.

- Mütamadi olaraq oxuduğunuz qəzet, yaxud izlədiyiniz telekanal var?

- Əsasən idman qəzetlərini oxuyuram. Televiziyanı  isə demək olar ki, ancaq futbol baxmaq üçün izləyirəm.

- Bəs, dünyadan baş verən hadisələrdən necə xəbərdar olursuz?

- Onsuz da indi elədir ki, bir hadisə baş verən kimi, ya kimdənsə eşidirsən, ya da internet saytlarından xəbər tuturam.

- Həyatda nəyəsə peşman olmusunuz?

- Peşman olduğum bir şey yoxdur. Çünki çalışmalıyıq ki, peşman olmayaq. Amma iş elədir ki, yaşımız, təcrübəmiz artdıqca peşmançılıq azalır. Çünki əvvəlcə olan səhvləri təkrarlamırsan. Peşman olmaq istəmirəm, istəyirəm olmayım da.

- Sosial şəbəkələr az qala həyatımızın bir parçasına çevrilib. Amma sizi facebook və a tvitterdə görmürük. Niyə?

- Bunu peşəmlə əlaqələndirərəm. Əgər işini sevirsənsə, nəticə vermək istəyirsənsə, digər bu kimi şeylərə çox baş qoşmamalısan. Gündəlik toplantılar, məşqlər rəqib komandanın, o cümlədən öz oyunumuzu analiz etmək... Vaxtımı daha çox bunlara həsr edirəm.

- Müasir idman mediamıza münasibətiniz necədir?

- Normaldır. Ümumiyyətlə, hər bir peşə elədir ki, get-gedə müasirləşir. Futbol və media da həmçinin. Təbii ki, hər birində hansısa sıxıntılar var. O cümlədən bizim  işimizdə də. Mən bir məşqçi olaraq çalışıram ki, hansısa yeni fikir, ideyaları komandamda tədbiq edim. Bilirəm ki, media da bunu həyata keçirir.

- Bildiyimə görə, namaz qılırsınız.

- Bəli.

- Bu sualı ona görə verdim ki, bəzən “Qarabağ” komandasında bəzi futbolçuların adı vəhabiliklə hallanır.

- Ümumiyyətlə, İslam dininsə belə bir firqə yoxdur. Sadəcə, bu sözbərləri hansısa  boşboğazlar ortaya atdılar. Hansı ki, onlar bununla nəsə fikirlərində tuturdular. Əslində, belə bir şeylərə fikir versək, qabağa gedə bilmərik. Mənə elə gəlir ki, get-gedə bundan daha pis fikirlər olacaq və səslənəcək. Çünki  bəzi insanlar var ki, onlar ancaq bir kollektiv haqda belə bir fikirlər yaymaqla məşğul olurlar. Onlar üçün bu bir məşğuliyyətdir.

- Qurban müəllim, 2009-cu ilə qayitmaq istəyirəm. Avroliqada iki mərhələ adladıqdan sonra prezident İlham Əliyev sizə zəng vurdu. Bildiyimə görə, siz Azərbaycanda yeganə futbol məşqçisiniz ki, qazandığınız uğura dövlət başçısı şəxsən zəng vuraraq sizi təbrik edib. Həmin an hansı hissləri keçirdiniz?

- Hər şey yaxşı oldu. Elə söhbət etdiyimiz bu otaqda (Qurban müəllimin “Qarabağ”ın bazasındakı iş otağı nəzərdə tutulur – red.) idim. Finlandiya“Honka”sına qalib gəldiyimiz günün ertəsi günü idi. İşə gəldim, zəng vurub söylədilər ki, cənab prezident sizinlə danışacaq. Buna qədər onun futbola böyük marağının olduğunu eşitmişdim. Telefon söhbətindən sonra isə buna tam əmin oldum. Əslində, “Honka” ilə matçımız böyük oyun deyildi. Ancaq prezidentimiz ən kiçik uğuru belə qiymətləndirir, oyunları izləyir. Etiraf edim ki, gələcək karyeramda həmin zəngin çox böyük rolu oldu və olacaq da.

- Nə mənada?

- Məsuliyyətim daha da artdı. Bizim uğurlarımızla cənab prezident də maraqlanır. Biz idmançılar da çalışmalıyıq ki, daha yaxşı naliyyətlər əldə edək.

- Qurban müəllim, oyunlarda niyə bu qədər soyuqqanllı olursunuz?

- Düzdür, belə hallar olur. Amma bəzən mən də özümdən çıxıram. Maksimum oyunumuza idarə etmək barəsində düşünürəm. Futbol bir uğurla, yaxud bir məğlubiyyətlə bitmir. Gərək daim hər şeyə hazır olasan. Əgər bilsəm ki, bir oyun qurtarandan sonra hər şey bitir, çox sevinərdim. Çünki bir  oyundan sonra başqası gəlir... Görünür, çox fikirləşməyim də soyuqanlı olmağıma təsir edir.

- Siz özünüzü məşqçi kimi diktator sayırsınız?

- Mən diktator deyiləm, amma istəyəndə oluram.  Futbol elədir diktator ola da bilərsən, olmaya da.

- Rəşaq Sadıqov komandanızın futbolçusu olmaqla yanaşı, həm də sizin köhnə dostunuz. Sirr deyilsə, heyəti formalaşdıranda ondan məsləhət alırsınız?

- Bir tərəfdən mən şadam ki, Rəşadla dostluğumuz həmişə nəzərə çarpır. Dostu olan insanlar çoxdur. Sadəcə biz çalışırıq ki, əsl dost olaq. Amma işdə biz başqayıq. Rəşadın və mənim öz vəzifələrim var. Həyatda məsləhətləşiriksə, bunu işdə niyə etməyək? Amma komandamız təkcə Rəşaddan ibarət deyil. Lazım olanda digər təcrübəli futbolçulardan da məsləhət alıram. Amma bildim siz nə sual vermək istəyirsiniz. Sizin düşündüyünüz kimi deyil...

- Siz Zaqatalada anadan olmusunuz. Nə vaxtsa doğma şəhərinizin komandasının baş məşqçisi olmaq fikriniz var?

- Zaqatalada futbol son vaxtlar çox yaxşı səviyyədədir. Ona görə də bu klubun rəhbərliyinə həmişə təşəkkür etmişəm. Çünki orada heç nədən futbol yaradıblar. Zaqatalada futbol yerli camaat tərəfindən çox sevilir. Çox yaxşı azarkeşləri var. Bunu mən özüm orada oynayan vaxtdan görmüşəm. İşləməyə gəlincə, həyatda hər şey ola bilər. Ancaq hazırda elə bir dövrdü ki, yalnız futbolu inkişaf etdirmək barədə düşünməliyik. Buna görə də fərqi yoxdur, istər bu “Qarabağ”da olsun, ya da başqa klubda. Amma açığı, hazırda Zaqatalada işləməyə özümü tam hazır hesab etmirəm. Bu gələcəyin işidir.

- Niyə özünüzü hazır etmirsiniz?

- Səbəb çoxdur. Birincisi, işlədiyim klubum var, onu daha yaxşı formalaşdırmağa çalışıram. İstəyirəm ki, sabitl və öz oyun üslubu olan komadam olsun.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin sizinlə bağlı son açıqlamalarından xəbəriniz var,  yəqin. Deyir ki, “Qurban məni gözləsin, futboldakı məğlubiyyəti heç kəsə bağışlamıram”.

- Böyükağa müəllim hər zaman maraqlı fikirləri ilə seçilir. Mən onun bu sözləri pis mənada dediyinə inanmiram. Biz bir-birimizi yaxşı tanıyırıq. Sadəcə bu sözlərə ilə Böyükağa müəllim öz prinsipiallığını göstərir. İdmanda belə hallar olmalıdır. Bizdə də hansısa bir rəqibə qarşı prinsipiallıq olur. Etiraf edirəm ki, bəzən üzdə bildirməsək də, içərimiz də bu hissləri keçiririk. Ona görə də Böyükağa Hacıyevin  fikrinə normal yanaşıram. Futbol mübarizə oyunudur.

- Bəs onun “Neftçi”yə rəqib varsa, o “Neftçi” özüdür” fikrinə münasibətiniz necədir?

- Hər bir komanda bir-birinə rəqibdir. Ümumiyyətlə, Böyükağa müəllimin hər fikrinə reaksiya vermək lazım deyil.

- Kimi dünyanın ən yaxşı məşqçisi sayırsınız?

- Mənim üçün ən yaxşı məşqçi yox, ən yaxşı məşqçilərin adını çəkə bilərəm. Onların iş prinsiplərin daima izləyirəm. Aleks Fergüsson, Arsen Venger, Xosep Qvardiola, Joze Mourniyo kimi məşqçilərin işi çox maraqlıdır.

- Müsahibələrinizin birində demişdiniz ki, uğur qazanmaq üçün yaxşı heyat qurmaq lazımdı. Bu heyəti qura bilmisiniz?

- Heyətdə hər il problem olur. Çünki bəzi futbolçuları böyük umidlə gətirirsen komandaya, amma sonradan görürsən ki, onda sabit oyun yoxdur. Bu isə mənim işimə mane olur. Buna görə də hər il yeni 1-2 il futboçunu komandaya gəlməsi vacibdir. Digər tərəfdən, öz oyun üslubunu qurmaq üçün minimum istədiyin 6-7 futbolçu olmalıdır ki.

- Qurban Qurbanov “Qarabağ”ı  nə zaman çempion edəcək?

- Mən təkcə klub rəhbərliyimizin yox, hamının qarşısında deyirəm ki,bu il çempion olmaq istəyirəm. Çünki bu, mənim məşqçi kimi hədəfimdir. Amma bəzən hansısa problemlər, çatışmazlıqlar olur. Bunu nəzərə almaq lazımdır.. Bu gün mən və yaxun başqa bir məşqçi desə ki, yüzdə yüz çempion olacağam, düzgün çıxmaz.  Çünki bəzən elə hallar olur ki, nə qədər yaxşı oyun müayiş etdirsən də, qalib gələ bilmirsən, zəif güclüdən daha yaxşı nəticə əldə edir.

- Hazırda Azərbaycan çempionatının lideri “İnter”dir. Onlar bu yerə layiqdilər?

- Bəli. Çünki “İnter”in öz oyun üslubu və yaxşı məşqləri var. Baxmayaraq ki, komandada bir o qədər tanınmış fubolçu yoxdur, amma yaxşı heyət qurulub. Məncə, “çempion olmağa söz verdi” kimi xirdalıqlara getmək lazım deyil. Əksinə komandanın oyun üslubuna və oynadığı futbola fikir verilməlidir. Azərbaycan komandaların hərəsin öz oyun üslubu olmalıdır.

-  Dünya futbolunda azarkeşi olduğunuz klublar hansılardır?

- “Barselona”nın oyununa hər zaman maraqla baxmışam və mütəmadi izləyirəm də. İkinci belə komanda isə “Mançester Yunayted”dir.

Aysel BƏXTİYARLI

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki