“Damarında başqa qan axan futbolçu millidə necə oynaya bilər?”
Azərbaycan millisinin sabiq üzvü Xaqani Məmmədov Qol.Az-a müsahibə verib
- Hazırda nə işlə məşğulsan?
- “İnter” klubunda uşaq futbolunda çalışıram, 2001-ci il təvəllüdlü futbolçularla məşğul oluram.
- Başa çatan Premyer Liqanı izlədin?
- İmkan daxilində oyunlara baxırdım.
- Kənardan oyunları izləmək necə hissdir?
- Çox pis. Bəzən düşünürsən ki, kaş, mən özüm meydançada olardım. Çünki futbolçuların ustalığını görürsən, adamın ürəyi ağrıyır. Açığı, çempionatın səviyyəsi aşağıdır. Oynanılan futbol məni qane etmir.
- Yeri gəlmişkən, karyeranı bitirməyin gözlənilməz oldu. Qalıb daha bir neçə il oynaya bilməzdin?
- Əlbəttə, istərdim. Amma zədə imkan vermədi. “Xəzər Lənkəran” da oynayanda aldığım zədə tam sağalmamışdı. Mən də riskə getmək istəmədim.
- “İnter”ə gəlişin necə oldu?
- Valentin Xodukinlə Georgi Nikolov dəvət etdilər. Buradan onlara da öz minnətdarlığımı bildirirəm, sağ olsunlar.
- 2008-ci ildə çempionatın bombardiri adını qazandın. İndi artıq bu sahədə legionerlər yerliləri tam üstələyib. Səncə, yerli futbolçular niyə bombardir ola bilmir?
- Yerli futbolçu oynayır ki, bombardir də ola? Hamısı legionerlərdi. Yerli gərək oynasın ki, qol da vura bilsin.
- Bəlkə, günahı elə futbolçuların özündə də axtarmaq lazımdır? Sən özün “İnter”də 10 legionerin əhatəsində meydançaya çıxırdın amma, bombardir adını qazandın...
- O da düzdür, futbolçudan da aslı olan məqamlar var. Məsələn, ustalıq səviyyəsi aşağıdır, bunu da qeyd etmək lazımdır. Yerli futbolçular lazım olan səviyyədə oynaya bilmirlər.
- Lazımı səviyyədə oynamaq üçün neyləmək lazımdı?
- Bunun həlli yolu uşaq futbolundan keçir. Bünövrədən gərək hər şeyi düzgün qurasan. Birincisi, futbolda futbol adamları işləməlidir. İkincisi, uşaq məşqçiləri savadlı mütəxəssislər olmalıdır ki, uşağı da düzgün yola istiqamətləndirə bilsinlər. Yoxsa, elə-belə, təsadüfi adamlar gəlib uşaq məşqçisi işləməməlidir.
- Bir vaxtlar milli komandanın da şərəfini qorumusan. Millinin son oyunlarına sənin münasibətin necədir?
- Bilirsiniz, hələ milli tələb olunan səviyyədə oynaya bilmir. Bizim qol epizodlarımızın sayı az olur. Gərək ondan da maksimum istifadə edəsən. Ancaq bizim futbolçular tam yetişməyib ki, iki epizoddan birində qol vura bilsinlər. Yəqin ki, zamanla bu da düzələr. Konkret oyunlara gəlincə, Yaponiya güclü komanda idi, bu, məlum məsələdir. Yenə də heç olmasa bir top vurmaq olardı. Andorranı isə məğlub etməliydik. Yadımdadır, biz 2008-də o komandanı 2:1 hesabıyla məğlub etmişdik. Əgər bu gün heç-heçə oynayırıqsa, deməli geriyə getmişik.
- Millidə legionerlərin oynamasına necə baxırsan?
- Çox pis. Damarında başqa qan axan futbolçu millidə necə oynaya bilər?
Anar XANLAROV