Kaxaber Sxadadze: "Bu futbolçuya təəssüflənirəm"

Kaxaber Sxadadze: "Bu futbolçuya təəssüflənirəm"
MÜSAHİBƏ 2 İyun 2012 / 12:21 3793
-  A +

“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin klubun rəsmi saytına müsahibəsi
 

- Çox gərgin keçən bir mövsümün şahidi olduq. Mövsümün yekununda “İnter” çempionatda 3-cü yer tutaraq Avropa Liqasına vəsiqə qazandı. Başa çatmış mövsüm barədə sizin fikirlərinizi öyrənmək istərdik...
 
- Mövsüm çox gərgin mübarizə şəraitində keçdi. Çempionata elə də yaxşı başlamasaq da, sonradan komandamız öz oyununu tapdı və 19 qarşılaşmadan ibarət uzunsaylı məğlubiyyətsizlik seriyaya nail oldu. Təəssüf ki, bundan sonra komandada eniş yaşandı. Bu proses komandaları "altılıq"lara böldükdən sonra baş verdi. Bundan əvvəl çempion olmağa da yaxşı şanslarımız var idi. Lakin qeyd etmək istərdim ki, məhz mart ayında üzləşdiyimiz uğursuz nəticələrdən sonra komandamız çempionluq uğrundakı mübarizədən uzaqlaşdı. Daha sonra Azərbaycan kubokunun 1/2 final mərhələsində mübarizəni dayandırdıq. Amma Allahın köməyi ilə mövsümün son görüşlərə yaxşı köklənə bildik və bizim üçün lazım olan nəticələr əldə etdik. Çempionatın sonlarında çox vacib və lazımlı qələbələr qazanmaqla layiq olduğumuz bürünc medallara sahib çıxdıq. Əlavə edərdim ki, biz mövsümlərarası dövrdə heyəti elə də gücləndirə bilmədik və yalnız yerli kadrlara üstünlük verdik. Ümumiyyətlə, futbolçularıma mübariz keyfiyyətlətini göstərdiyinə görə və gördüyü işə görə təşəkkür bildirmək istərdim. Yadıma düşür ki, hələ mövsüm başlamamışdan əvvəl bəzi insanlar “İnter”i heç ilk “altılığa” vəsiqə əldə etmək gücündə olmadığını bildirirdilər. Futbolçular özünü yaxşı tərəfdən göstərə bildilər, onlar yaxşı və müasir futbol sərgilədilər. Mövsümün gedişində biz bir neçə dəfə taktiki sxemi dəyişdik, bunu etmək isə çox çətin idi. Futbolçuların bunun öhdəsindən gəlməyi onların böyük potensiala malik olduğundan xəbər verir. Düzdür, çatışmazlıqlar da vardı, lakin müsbət tərəflər daha çox idi.
 
- Mövsümün sonunda sizin yorğunluq da hiss olunurdu. Maraqlıdır, istirahət zamanı bu yorğunluğu ala bildinizmi? Ümumiyyətlə, istirahətiniz necə keçdi?
 
- Bəli, mən çox yorulmuşdum. Bunun birinci səbəbi də mövsümün çox ağır və gərgin keçməsidir. Etiraf edim ki, istirahətim də yaxşı alındı. Çoxdan belə yaxşı dincəlməmişəm. Həyat yoldaşımla birgə Maldiv adalarına yollanmışdım. Orada olarkən telefonu da söndürdüm və yaxşı istirahət etdim. Daha sonra Gürcüstana qayıtdım, orada bir neçə məclisdə iştirak edərək istirahətimi tamamladım və başa düşdüm ki, işdən ötrü çox darıxmışam. Bakıya cəmi iki gün əvvəl qayıtmışdım. Yeri gəlmişkən, Azərbaycana qayıdan kimi klubun sahibiylə çox pozitiv görüşümüz oldu. Bu görüşdə biz bütün sualları nəzərdən keçirdik. Uzun söhbətimiz oldu və mən bu görüşdən çox razı qaldım. İndi artıq Türkiyədəyik və Avroliqa oyunlarına hazırlıq mərhələsinə start vermişik.
 
- Mövsüm başa çatdıqdan sonra “İnter” bir neçə futbolçuyla yollarını ayırdı. Bilmək istərdik, bu qərar nə ilə bağlı oldu?
 
- İlk öncə komandamızı tərk edən futbolçulara öz təşəkkürümü bildirmək istərdim. Onların çoxu “İnter”də uzun müddət çıxış edib və komandanın uğur qazanmasında onların böyük əməkləri var. Amma həyat davam edir və dəyişikliklər tələb edir. Bu dəyişikliklər həm futbolçunun özünə, həm də klub üçün lazımdır. Komandamızı tərk edən futbolçular siyahısını nəzərdən keçirmək istərdim. İlk öncə Bronislav Çervenka haqqında danışmaq istərdim. Qeyd etmək istərdim ki, bu futbolçu hələ keçən yayda “İnter”dən ayrılmaq istəyirdi, lakin şəxsi söhbətimizdə mən onun komanda üçün lazım olduğunu qeyd etdim və o, klubda qaldı. Lakin mövsüm başa çatandan sonra Bronislav vətənə dönmək istədiyini bildirdi. Demək istərdim ki, mən ona köməkçim vəzifəsində işləmək də təklif etdim, lakin onun öz planları var və mən Bronislavın qərarına hörmətlə yanaşıb, ona uğurlar arzulayıram. O, əsl peşəkar idi və komandamızın uğurlarında Bronislav Çervenkanın böyük və danılmaz payı var. Ona “İnter” üçün gördüyü işə görə öz minnətdarlığımı bildirirəm. Həmin sözləri komandamızı tərk edən digər futbolçu Şəhriyar Rəhimov barədə də deyə bilərəm. Bildiyiniz kimi, o mövsümün ikinci hissəsini icarə əsasında AZAL klubunda keçirdi. Çempionat başa çatdıqdan sonra futbolçu mənimlə görüşərək AZAL-da qalmaq istədiyini açıqladı. Orada o daha çox oyun praktikasına malikdir və mən onun qərarını başa düşürəm.
 
Bu siyahıda Girts Karlsonsun da adı var. Bildiyiniz kimi, “İnter”in 2010-cu ildə qazandığı Azərbaycan çempionu titulunda və "Birlik Kuboku"nda bu oyunçunun böyük payı oldu. Lakin etiraf etməliyik ki, "Birlik Kuboku"ndan sonra onun oyunu istənilən kimi alınmadı. O, 1,5 il ərzində rəsmi görüşlərdə cəmi 4 dəfə fərqləndi, bu da hücumçu üçün çox aşağı göstəricidir. Zənnimcə, bu futbolçuya mühiti dəyişmək lazım idi. “İnter”də çıxış etdiyi zaman ərzində o, həm ölkə çempionu, həm ölkə çempionatın bürünc mükafatçısı, həm "Birilik kuboku"nun qalibi, həm də bu turnirin ən sərrast oyunçusu oldu və ola bilsin ki, bütün bu sadalanan uğurlardan sonra onun motivasiyasında problem yaranmışdı. Özüm də futbolçu olduğumdan, bunun nə olduğunu bilirəm. Ümumiyyətlə, mənim fikrimcə, klub dəyişikliyi Girtsin karyerasında müsbət rol oynaya bilər, ən əsas da ona görə ki, o həqiqətən də yaxşı futbolçudur.
 
Eyni sözləri 2010/11 mövsümü bitəndən sonra “İnter”dən ayrılan futbolçu Robertas Poşkus haqqında da deyə bilərəm. Düzdür, bizim aramızda baş verən hadisələr barədə çox adam çox şey söyləyir. Lakin, mənim o hadisələrdən ictimayyətə danışmağım düzgün çıxmaz. Bu, bizim daxili işimizdir. Mən bu hər iki futbolçuya təşəkkür bildirib, onlara uğurlar arzulayıram.
 
Bizdən ayrılan Dmitri Kramarenko yaşlı futbolçu olsa da, “İnter”ə böyük kömək göstərməyi bacardı. Enyo Krastovçev haqqında isə bir az ətraflı danışmaq istərdim. Bilirsiniz, Enyo çox istedadlı futbolçudur. O, çoxsaylı müsbət keyfiyyətlərə malikdir. Amma təəssüflər olsun ki, o bu keyfiyyətləri bizim komandamızda göstərə bilmədi. Bunu etmək üçün ona zədələr də mane oldu. Bu hücumçu mövsüm ərzində rəqib qapılarına cəmi iki dəfə yol tapdı və məhz bu səbəbdən biz onunla vidalaşmaq qərarına gəldik. Həmin sözləri slovakiyalı müdafiəçi Peter Xrappan barədə də deyə bilərəm. Bu oyunçu böyük potensiala və böyük ehtiyyata malikdir. O zaman bir sual yaranır: Niyə bu futbolçu özünü müsbət tərəfdən tam göstərə bilmədi? Fikirimcə, bunun cavabı psixoloji planla bağlıdır. Mən bir neçə dəfə Peterlə söhbətdə bildirmişdim ki, o, etdiyi səhvlər haqqında həddindən çox fikirləşir və onları ürəyinə yaxın buraxır. Özüm də məhz müdafiə mövqeyində çıxış etdiyimdən deyə bilərəm ki, belə bir problemlə mən də rastlaşmışdım. Məsələn, dünənki görüşdə buraxdığım səhv barədə dayanmadan fikirləşirdim və bu da gələn oyuna hazırlaşmağa problem yaradırdı. Bu, Peterin ən böyük çatışmamazlığı idi. O, çox təcrübəli, usta bir futbolçudur, amma qeyd etdiyim problem onun çıxışına mənfi təsir göstərirdi və biz onunla vidalaşmağa məcbur olduq. Vidalaşdığımız digər futbolçu braziliyalı Danildo Assioli oldu. O uzun zaman “İnter”in şərəfini qoruyurdu və mövsümdən-mövsümə meydanda daha az görsənirdi. Bu futbolçuya də dərin təşəkkürümü bildirmək istərdim.
 
Keçək Ruslan Poladova. Yaşlı olmasına baxmayaraq, o çox yaxşı bir futbolçu idi. “İnter”də az oynadığına görə biz onu “Simurq” klubuna icarəyə verdik və o, mövsümün ikinci hissəsini məhz həmin klubun heyətində keçirdi. Qeyd etmək istərdim ki, o, bu kluba böyük fayda verdi. Lakin biz əməkdaşlığımızı davam etdirməmək qərarına gəldik. Buna oxşar vəziyyət Xəyal Mustafayevla yaşandı. Bu oyunçu böyük təcrübəyə malikdir, lakin yaş öz sözünü deyir və başa çatan mövsümdə o özünü yaxşı tərəfdən göstərə bilmədi. Xəyal meydanda az görsənirdi və tez-tez zədələnirdi ki, bunu onun yaşılı olmasında bağlamaq olar. Məhz buna görə biz Xəyal Mustafayevlə ayrılmaq qərarına gəldik.
 
Qapıçı Anar Məhərrəmovun məsələsinə gəldikdə, onu deyə bilərəm ki, komandanın qapıçılarla işləyən məşqçisi Camaləddin Əliyevlə söhbətləşərək qərara qəldik ki, qələn mövsümdə əvəzedici heyətin qapısını 16 yaşlı Ağaseyid Qasımov qorusun. Bu qapıçıya daha böyük şans və oyun praktikası lazımdır. Anar isə uzun müddət bizimlə çalışsa da , onda artım yox idi. Digər qapıçı Səlahət Ağayev isə indi mütləq heyətdə yer almalıdır. Hazırki vəziyyətdə onu ehtiyyatda saxlamaq düzgün deyil. Azərbaycanın ən yaxşı qapıçıların məşqçilərindən biri olan Camaləddin Əliyevin rəhbərliyi altında o, uzun müddət məşq edərək böyük təcrübə yığıb, lakin indiki zamanda ona daha böyük təcrübə və ən əsas da qapıda yer almaq lazımdır. Səlahət özü də bunu dərk edir. O, təkcə “İnter”in yox, bütün Azərbaycanın gələcəyidir. Yaxın zamanda Səlahət birillik icarəyə yollanacaq, bu müddət bitəndən sonra isə o, mütləq “İnter”ə qayıdacaq. Qeyd edim ki, bu gediş Səlahətin Lomaya ilə rəqabətdən qaçması kimi dəyərləndirilməməlidir, əksinə, bu hər iki tərəf üçün daha faydalı variant kimi qəbul olunmalıdır.
 
Elnur Abdulovun məsələsiylə bağlı isə mən heç danışmaq belə istəmirəm. Mən bu futbolçuya təəssüflənirəm. Onun qərarı başqa insanların təsirindən irəli gəlirdi. Hazırda Elnurun “İnter”in heyətində olmaması onun özünün problemidir. Çünki bu müqavilə onun yanında nə az nə çox, düz ay yarım kimi böyük müddət ərzində oldu, lakin o, bəzi insanların sözünə qulaq asaraq həmin müqaviləni bağlamırdı və situasiya məhz bu həddə çatdı...

Daha çox


Son xəbərlər
16.11.24  16:28

Fliki boğaza yığıb