Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazandığımız xal qızıla bərabərdir”

Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazandığımız xal qızıla bərabərdir”
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2026 / 10:22 331
-  A +

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının IX turunda “Sabah”la bərabərə qaldınız (0:0). Görüşü necə şərh edərdiniz?

- Yaxşı oyun alındı. “Sabah” indi yaxşı formadadır. Matça çox ciddi hazırlaşmışdıq. Rəqib topla yaxşı oynamağı bacarır. Matçın bəzi anlarında üstünlük bizim tərəfimizdə idi, bəzi anlarda rəqibin. Ümumilikdə hesab edirəm ki, bərabər oyun idi. Buna qədər “Neftçi” ilə 3:3 oynamışdıq. Həmin matçdan sonra toparlandıq, yaxşı çıxış etdik. Bəzi futbolçularımız zədədən yeni qayıdıb, tam hazır deyillər. Bütün bunları nəzərə alaraq, nəticəni qənaətbəxş hesab etmək mümkündür. Düşünürəm ki, biz doğru yoldayıq. 

- Azarkeşlər bol qollu matç gözləyirdi, lakin 90 dəqiqə ərzində hesab açılmadı...

- Belə də olur (gülür). Bəzən gözləntilər reallıqla üst-üstə düşmür. Hər iki tərəf matça ciddi hazırlaşmışdı. Üstəlik, heç kim risk etmək istəmirdi. Bəzi anlarda ağıllı oynadıq. İstənilən halda görüşün baxımlı alındığını düşünürəm. Həm qol epizodları var idi, həm ləğv olunan qol oldu. Məncə, azarkeşlər oyundan zövq ala bildilər. 

- Buna qədər 9 oyun idi ki, “Qarabağ” “Sabah”ı məğlub edə bilmirdi. Bu məqam üzərinizdə təzyiq yaradır?

- Xeyr, bu barədə heç düşünmürük. Bilirik ki, rəqibin heyətində yaxşı futbolçular var. Hazırda da formadadırlar. Bu özü də bizim üçün motivasiya idi. Azərbaycan çempionatında bu cür komandanın olması xoşdur. Rəqabət nəticəsində həm biz inkişaf edirik, həm onlar. 

- “Neftçi” və “Sabah”la oyunları nəzərə alaraq, “Qarabağ”ın 2 xal qazandığını söyləmək mümkündür? Yoxsa 4 xal itirdiniz?

- Baş məşqçimiz də hər zaman deyir ki, qazanılan hər xal xeyrimizədir. “Neftçi” ilə matçda qazandığımız xalı hətta qızıla bərabər saymaq olar. Çünki 1:3 hesabı ilə geridə idik. Ona görə də qazanılan bütün xallar xeyrimizədir. Vacib olan isə daha da inkişaf etməkdir. Çünki üzərində işləməli olduğumuz məqamlar var. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. 

- Sizcə, azarkeşlər əvvəlki kimi, əzəmətli “Qarabağ”ı nə vaxt görə biləcəklər? Daha nə qədər zamana ehtiyac var?

- Oyundan oyuna artırırıq. Amma istənilən halda zaman lazımdır. Çünki komandada yeni oyunçuların sayı çoxdur. Üstəlik, bəzi futbolçular zədədən yeni bərpa olunublar. Özlərinə gəlmək üçün vaxta ehtiyac duyurlar. Ola bilər, bəziləri baş məşqçinin tələblərini sonadək tam anlamırlar. İstənilən halda komandanın təslim olmaması, hesabda geri olarkən belə mübarizə aparması sevindirici məqamdır. Komandamızın oyunu zamanla daha da yaxşılaşacaq. 

- Hazırda avrokubokların Liqa mərhələsində çıxış etmirsiniz. Bu məqamı “Qarabağ” üçün üstünlük saymaq olar?

- Artıq fikrimiz yalnız çempionata yönəlib. Çatışmazlıqlar üzərində çalışmaq üçün vaxtımız daha çox olur. Yəni indiki halda avrokuboklardan kənarda qalmaq bizə ziyan vermir. Dediyim kimi, üzərimizdə daha çox işləmək üçün vaxtımız var. Əlbəttə, avrokuboklarda oynamaq istərdik. Bu mövsüm də əlimizdən gələni edəcəyik ki, eyni səhvləri təkrarlamayaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner