"Onlar da məəttəl qalıblar ki, "Turan Tovuz" niyə bu gündədir" - Mütəxəssis tənqidi

"Onlar da məəttəl qalıblar ki, "Turan Tovuz" niyə bu gündədir" - Mütəxəssis tənqidi
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2026 / 12:21 594
-  A +

"Hər klub büdcəsinə və oyunçu potensialına uyğun hədəflər müəyyənləşdirir. Son vaxtlar “Turan Tovuz”un çempionluq uğrunda mübarizə apara biləcəyi barədə çox danışılır".

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Çempionluq uğrunda mübarizə aparan "Turan Tovuz"un Misli Premyer Liqasının son turunda büdcəsi və heyəti özündən xeyli zəif olan, son pillələrdə qərarlaşan "İmişli"yə uduzması (0:1) düşündürücü oldu. Həm də əsas heyətində 11 nəfər legionerlə meydana çıxdığı halda. Rəqib "İmişli"nin 11-liyində isə 6 nəfər yerli oyunçu vardı.

A.Mircavadov bildirib: "Bölgə klublarının çempionluğa oynaması Azərbaycan futbolunun inkişafı baxımından müsbət haldır. Amma əfsuslar olsun ki, çempionluq uğrunda mübarizə aparan "Turan Tovuz"un buna layiq heyəti yoxdur. Bəli, Azərbaycan çempionatında rəqabət 4-5 il bundan əvvələ nisbətən artıb. Bu da legionerlərin sayına görədir. "Turan Tovuz" da sırf legionerlərlə oynayan komandalardandır. Amma mən istərdim ki, yerli futbolçular da öz sözlərini desinlər.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev çox təcrübəli bir mütəxəssisdir. Amma komandanın oyunu və futbolçuların keyfiyyəti başqa bir məna verir. Bildiyimə görə, komandanın şəraiti də yaxşıdır. Bakıda da yaxşı bazaları var. Tovuzdakı şərait də bölgələr içərisində ən yaxşılardandır". 

Ağasəlim Mircavadov

A.Mircavadov onu da qeyd edib ki, hədəfə çatmaq üçün təkcə şərait kifayət etmir: "Əgər klub Çempionlar Liqasında mübarizə aparmaq istəyirsə, bu, təqdirəlayiqdir. Sadəcə, belə hədəflər üçün heyət də uyğun şəkildə formalaşdırılmalıdır. Klubun qarşısına yüksək məqsədlər qoyması yaxşıdır. Bunun üçün müvafiq şərait, güclü heyət və məşqçi korpusu olmalıdır. Eşitdiyimə görə, “Turan Tovuz”un yaxşı şəraiti var. Son illərdə bölgələrdə stadion və məşq bazalarının yaradılması da sevindirici haldır. Yaxşı nəticələr əldə etmək üçün təkcə maliyyə imkanları deyil, digər amillər də nəzərə alınmalıdır".

Təcrübəli mütəxəssis "Turan Tovuz"un yerli futbolçulara ən az şans verən klublardan olduğunu da xatırladıb: "Hər klubun öz strategiyası var və mənim müdaxilə etmək niyyətim yoxdur. Amma azərbaycanlı futbolçulara da imkan verilməsinin tərəfdarıyam. “Turan Tovuz” tarixən Azərbaycan futboluna oyunçular yetişdirən klublardan biri olub. Bir vaxtlar orada çıxış edən yerli futbolçular milli komandaya qədər yüksəlirdilər. İndi də heyətdə yerli oyunçular var. Bir müddət əvvəl də əsas heyətdə oynayırdılar. Amma bu mövsüm onları görmürəm. Yerliləri matçın lap sonunda oyuna buraxırlar. Onlar oyuna niyə girir, başa düşmürəm. Oyunu dəyişmək üçün meydana çıxırsa, elə əvvəldən oynasın. Bunlar baş məşqçinin öz fikridir. Amma əcnəbi məşqçi düşünməlidir ki, işlədiyi ölkənin futbolçularına fikir vermək lazımdır. Azərbaycan futbolunun inkişafı da nəzərə alınmalıdır".

 A.Mircavadov "Belə şəraitə və legionerlərdən ibarət komandada yerli məşqçi də uğur qazana bilməzmi" sualını belə cavablandırıb:

"Hazırda ölkəmizdə yerli məşqçilər çoxdur. Onların əksəriyyətinin PRO dərəcəsi var. Aralarında işsizlər də az deyil. Bu məşqçilərin də işləmək və özlərini göstərmək imkanları olmalıdır. Hər klubun öz yolu və strategiyası var, amma yerli mütəxəssislərə də etimad göstərilməsi vacibdir. Dediyim məşqçilərin hər biri işləməyə layiqdir. Onlar çox keyfiyyətli iş görə bilərlər". 

A.Mircavadov "Turan Tovuz" azarkeşlərinin bəzi oyunlarda Kurban Berdıyevi istefaya səsləməsinə də münasibət bildirib: "Nəticə futbolun vacib hissəsidir. Amma baxımlı oyun və nəticə olmayanda azarkeşlərin narazılığını da başa düşmək lazımdır. Onlar da məəttəl qalıblar ki, komanda niyə belə gündədir. Azarkeşlər komandalarının daha yaxşı çıxış etməsini istəyirlər. “Turan Tovuz”un həm Tovuzda, həm də Bakıda azarkeşlərinin olduğunu görmüşəm. Nəticələr ürəkaçan olmayanda onların narazılıq etməsi normaldır".

Ramiq Ağaməmmədov


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner