“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının ciddi heyət problemləri ilə üzləşdiyini bildirib:
- Oyun çox ağır keçdi. Üç həftə idi ki, bu matça hazırlaşırdıq. Futbolçulara daim deyirdik ki, qarşılaşma gərgin və yorucu olacaq. Elə də oldu. Birinci hissə bizim üçün yaxşı keçdi, amma əlverişli epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaq məsafədən zərbə ilə qol vurdu. Buna qol epizodu demək də çətindir. Bundan sonra hesabı bərabərləşdirdik, yaxşı hücumlarımız oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik. Belə ciddi çətinliklər yaşadığımız dövrdə hətta bir xal qazanmaq da asan deyildi. Xoşbəxtlikdən, heç olmasa, bir xal əldə etdik.
– Premyer Liqada yaranan fasilə komandanızın xeyrinə oldumu?
– Fasilənin əsas faydası zədəli futbolçularımızla bağlı idi. Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla milli komandada zədə aldı. Quima da zədələndi. Giorgi Papunaşvilinin iki həftə qızdırması oldu. Problemlər bir-birinin üzərinə gəlir. Onlar haqqında nə qədər çox danışırıqsa, sanki sayı da bir o qədər artır.
Papunaşvili cəmi bir məşq keçirmişdi. Eren Aydın da elə. İmkanım olsaydı, onları meydana buraxmazdım. Leqbo üçün də bu, zədədən sonra ilk oyun idi. Meydana o mövqeyə buraxmağa futbolçumuz yox idi. Bu tendensiya davam edir. Qapımıza bir zərbə vuruldu və qol oldu. Belə hallarda qələbə qazanmaq çətindir.
– Futbolçularınızın bu qədər çox zədələnməsini nə ilə əlaqələndirirsiniz?
– Leqbonun çiynində problem yarandı. Papunaşvili iki həftə qızdırma ilə yataqda qaldı. İssanı Tovuzda 60-cı dəqiqədə əvəzləmişdim, çünki yorulmuşdu. Milli komandaya getdi və orada zədələndi. Ktataunun sümüyü sınıb. Çox qəribə hadisələr baş verir.
Quimanın bugünkü zədəsi də adi epizodda baş verdi. Ardıcıl dörd ağır oyun keçirmişik. Belə matçlardan sonra bu cür problemlərlə üzləşirsən. Ola bilsin, sıx oyun qrafikinə görə bunlar üst-üstə düşür.
Əlimizdən heç nə gəlmir. Qalan sağlam futbolçularla nəsə etməyə çalışacağıq. Məcburən oyun sistemini dəyişirik, başqa variantlar düşünürük. Leqbonu sol cinah müdafiəçisi, Bayere Lueni isə hücumçu kimi nəzərdən keçirirdik. Amma futbolçu çatışmazlığına görə Leqbonu irəli çəkməli olduq.
– “Zirə” 6 oyunda 10 xal toplayıb. Fasilədən sonra daha sabit nəticələr gözləmək olardı. “Şamaxı” ilə oyunda iki xal itirdiniz. Növbəti turda isə sizi Gəncəyə çətin səfər gözləyir…
– Doğrudur. Biz də ev oyunlarından maksimum nəticə ilə ayrılmaq istəyirik. Amma rəqib seçmək olmur. “Şamaxı” da bu matçda keyfiyyətini göstərdi. Gəncədə isə dolu tribunalar qarşısında bizi nəyin gözlədiyini bilirik.
Hazırda olmaq istədiyimiz vəziyyətdə deyilik. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşırdıq, indi isə tamam fərqli mənzərə ilə üzləşmişik. Heyətimizdə 8-9 zədəli futbolçu var.
– Qapıçı Anar Nəzirovun vəziyyəti necədir? Ondan istifadə etməyi planlaşdırırsınız?
– O, karyerasını başa vurmaq istəyirdi. Bu mövsüm üçüncü qapıçı statusundadır, eyni zamanda qapıçılara kömək edir.
– İssa Cibrillanın vəziyyəti necədir?
– Bu qədər zədə problemi adamı yorur. O da milli komandadan zədələndiyini yazanda artıq nə düşünəcəyini bilmirsən. Çox yaxşı futbolçudur, heyətimizdə görmək istədiyimiz oyunçulardandır. Görünür, 2-3 həftə bizimlə olmayacaq.
– Keçmiş qapıçınız Tyaqo Silvanın qərarını necə şərh edərdiniz? “Zirə” kimi iddialı komandada əsas qapıçı olduğu halda müqaviləsini yeniləmək istəmədi və sonda debütant “Şəfa”ya keçdi…
– Silva həm azarkeşlərin, həm də məşqçilər korpusunun sevdiyi futbolçulardan idi. Ötən mövsümün bitməsinə 1-2 ay qalmış ona yeni müqavilə də təklif etmişdik. Onun gedişinə qədər nə baş verdiyini dəqiq izah edə bilmirəm. Bir qədər də düşünmək istəyirdi. Biz isə avrokuboklara hazırlaşdığımızı və cəmi 2-3 həftə vaxtımız olduğunu bildirdik.Onu da başa düşürəm. Ola bilsin, daha yaxşı təklifləri var idi. Amma biz onun komandadan ayrılmasını istəmirdik. Yaxşı komandaya – “Şəfa”ya keçib. Ona uğurlar arzulayıram.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida