Yuri Vernidub: “1 xal da bizi qane edir”

Yuri Vernidub: “1 xal da bizi qane edir”
PREMYER LİQA 9 Oktyabr 2026 / 22:55 692
-  A +

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”la keçirilən heç-heçə (0:0) barədə danışıb.

QOL.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis görüşdən sonra mətbuat konfransında jurnaslistlərin suallarını cavablandırıb: 

– Qol imkanlarını dəyərləndirə bilməməyiniz nə ilə bağlıdır: bəxtsizliklə, yoxsa texniki çatışmazlıqlarla?

– Hər iki komandanın oyunu çox xoşuma gəldi. Kiminlə qarşılaşacağımızı bilirdik. Qarşımızda çempion, Çempionlar Liqasında çıxış edən komanda var idi. Çempionlar Liqasının ilk oyununda “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmasına baxmayaraq, “Sabah” yaxşı futbol nümayiş etdirdi. Komanda xarakter göstərdi. Bu gün də bərabər səviyyəli oyun izlədik. Fürsətlərimizi dəyərləndirə bilmədik. Səhv etmirəmsə, “Sabah” altı oyunda cəmi bir qol buraxıb. Bu da onların çox yaxşı müdafiəyə malik olduğunu göstərir.

Futbolçularıma yüksək tempi qoruduqları üçün təşəkkür edirəm. Mübarizədə rəqibdən geri qalmadılar. Əlbəttə, qol vura bilməməyimiz təəssüf doğurur. Bəyənmədiyimiz yeganə məqam bu oldu. Amma futbol belədir və çempiona qarşı oynadığımızı nəzərə almalıyıq. Bu bir xal da bizi qane edir, çünki irəliləməyimizə imkan verir.

Həmçinin nəzərə almaq lazımdır ki, hər iki komandanın futbolçuları milli komandalara yollanmışdılar. Bizim səkkiz, onların isə on futbolçusu milliyə getmişdi. Denzel Jubitana yalnız dünən qayıdıb, Sessi D'Almeyda isə komandaya qoşula bilməyib. Həm mənim, həm də həmkarımın milli komandaların heyətində çıxış edən futbolçularının olması yaxşı haldır. Azərbaycan millisinin Millətlər Liqasındakı qrupunda birinci yeri tutmaq şansı var.

– Sizcə, bu gün bir xal itirdiniz, yoxsa iki xal qazandınız?

– Mən baş məşqçiyəm və baş məşqçi üçün bu, iki xal itirmək deməkdir. Həmişə üç xal qazanmaq istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas da eyni fikirdədir və iki xal itirdiyini düşünür. Qarşımızda hansı komandanın olmasının fərqi yoxdur. Baş məşqçi başqa cür düşünərsə, komanda da buna uyğun oynayacaq.

– Hakimin rəqib futbolçuya Emil Səfərova qarşı kobudluğa görə sarı vərəqə göstərməsi qərarını necə qiymətləndirirsiniz?

– Hakimlik barədə danışmaq istəmirəm. Oyun zamanı emosional oluram, bəzən qışqıra da bilirəm, amma tez sakitləşirəm. Hakimlərin işini qiymətləndirməli olan başqa insanlar var. Matç normal keçdi, hakim hər iki komandaya eyni münasibət göstərdi. Qeyri-adi heç nə görmədim.

– Qarşıda “Qarabağ” və “Turan Tovuz”la oynayacaqsınız. Bu matçlarda neçə xal qazanmaq sizi qane edər?

– Bir daha təkrar edirəm: həmişə qalib gəlmək istəyirəm. Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Çempion olmaq istəyiriksə, çempionlar kimi oynamalıyıq.

– Qustavo Klisman ikinci hissənin əvvəlində zədələndi. Müdafiə ilə hücum arasında əlaqə yaratmaq üçün Emin Mahmudovu son 15-20 dəqiqədə meydana buraxmaq olmazdımı?

– Matçdan əvvəl kimin kimi əvəzləyəcəyini müzakirə edir və qərarlarımızı əvvəlcədən veririk. Meydana Emil Səfərov çıxdı və oyunun intensivliyini qorumağımız lazım idi. O, gənc futbolçudur və yüksək tempi saxlamağa çalışırdı. Bu gün belə qərar verdik. Növbəti matçda hər şey fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, amma hamısını meydana buraxa bilmərəm.

Bu gün dörd əvəzetmə etdik. Qustavo meydandan çıxarkən gecikmə səbəbindən bir dəqiqəlik fasilə yarandı. Həmin vaxt daha bir, yoxsa iki əvəzetmə hüququmuzun qaldığını tam anlamadım. Matçdan sonra hakim daha iki futbolçunu da əvəzləyə biləcəyimizi dedi. Açığı, sonradan qaydaları pozduğumuz barədə sözlər eşitmək istəmirdim. Buna görə də dörd əvəzetmə ilə kifayətləndik.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner