"İndiyədək futbolçuları belə əhval-ruhiyyədə görməmişdim" - Ayxan Abbasov

"İndiyədək futbolçuları belə əhval-ruhiyyədə görməmişdim" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 26 Mart 2026 / 19:25 955
-  A +

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu il ilk toplanışımızdır. Millətlər Liqasına qədər 2 toplanışımız olacaq. Bundan maksimum istifadə etmək istəyirik ki, hazır olaq. Sevindirici hal odur ki, bu gün milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Bu da bizi sevindirir. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Çox vaxtımız olmayacaq. Rəqiblər bəllidir. Bizim üçün yad komandalar olsa da, çalışdıq ki, futbolçularımıza məlumat verək. İnanıram ki, hər iki oyunda meydanda maksimum nəticə qazanacağıq. Futbolçular əllərindən gələni edəcəklər.

- Keçən illə müqayisədə millidə dəyişən nəsə var?

- Milli komandamız keçən il çox çətin qrupda mübarizə aparırdı. Rəqiblər bizdən qat-qat üstün idi. Amma biz həmin millilərlə mübarizə apardıq. Futbolçularımızın istəyi göz önündə idi. İndi nəticə də istəyirik. Əsas məqsədimiz düşdüyümüz D Liqasından C Liqasına çıxmaqdır. Hazır olmaq üçün bu oyunlar vacibdir. Millinin toplanışı, bir yerdə olması çox baş vermir. Toplanışdan-toplanışa daha yaxşı olmaq üçün əlimizdən gələni edəcəyik.

- Niyə millidə Yusif İmanov yoxdur? Onu yoxlamaq olardı.. 

- Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verərəm ki, niyə olmalıdır? Bizim üçün hər futbolçu önəmlidir. Yusifin legioner karyerası uğurlu alınmadı, "Kəpəz"ə qayıtdı. Bir neçə oyunda əsas heyətdə yerini itirmişdi. Son matçlarda yaxşı performans göstərdi. Qapıçı mövqeyi bizim üçün çətin mövqedir. Çünki çempionatımızda komandalar legionerlərə üstünlük verir. Rəqabət var. Hər dəfə millinin heyəti açıqlananda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emreli Fransa ilə oynayanda məni çox qınadılar. Ondan sonra Mahirə öz klubunda fikirlər dəyişdi. Qol vurdu və hamı onun fotosunu paylaşıb təbrik etdi. Biz 3 qapıçı çağırmışıq. Dördüncü qapıçımşız Şahruddindir. Həkimlərlə danışdıq, o, məşqlərə hazır idi. O, zədəni Fransa ilə görüşdə almışdı. Kapitanlarımızdandır. Dünya praktikasında da var ki, liderlik keyfiyyəti olan futbolçular zədəli olsa da, toplanışa dəvət edilir. Məşqlərdə çox əzmkardır. Biz bu günə baxmırıq, gələcəkdə Yusif və digərləri də çağırılacaq. Əvvəl deyirdilər ki, niyə Kamran İbrahimov və Mehdi Cənətov dəvət edilmir? Ola bilər ki, qarşıdakı toplanışda Yusif də olsun.

- 11-ci yerdə gedən komandadan iki qapıçı dəvət etməyiniz də birmənalı qarşılanmayıb. Olmazdı ki, daha gənc qapıçı dəvət edəsiz...

- Özüm də cavab verə bilmirəm. Azərbaycan çempionatında hansı komandalarda yerli qapıçılar dayanır? 

- Eldar Tağızadə, İslam İmamov...

- Hansı liqada çıxış edirlər?

- 2-ci Liqada...

- Sloveniya II Liqasını Premyer Liqamızdan üstün tuturuq. SKA-dakı qolkiperə də baxmışıq. Bizim qapıçılardan üstün deyil. Bu gün Səlahət Ağayev, Rza Cəfərov və Yusif İmanov stabil olaraq qapıda dayanır. Gənc qapıçı Xəyal Fərzullayev var. U-21 yığmamız da vacib oyunlara çıxır. Seçimləri azdır. Xəyalın da performansına baxırıq. Bu oyunlara hazırdır? O da yolu keçmək üçün böyük matçlar oynamalıdır. Yoxlanış üçün, turnirə hazırlaşmaq üçün vaxtımız yoxdur. İki toplanışımız olacaq. Heyətimizi bəlli etməliyik, futbolçular bir-birinə öyrəşməlidir. Sabah hansısa bizdən də güclü liqalarda qapıçı olarsa, birinci özümüz maraqlanacağıq.

- Syerre-Leona daha güclü komandadır. Bizim futbolçulara üç gündən bir oynamaq çətin olur. Sabah eksperimental heyət buraxmaq fikriniz var?

- Biz bu turnirə hazırlaşırıqsa, iki gündən bir oyunlara hazır olmalıyıq. Eksperimental heyət yoxdur. Dəvət edilənlərin hamısı əsas heyət üzvləridir. Bəzi dəyişikliklər olacaq. Rəqiblər fərqli komandalardır.

- Bu mövsüm ən böyük çətinliyiniz nə idi? Klubda və millidə işləmək çətin deyil?

- Premyer Liqada çətinliyi arxada qoyduq. Mövsümün əvvəlində qarşıya qoyulan ilk məqsəd Premyer Liqada qalmaq idi. Bilirdik ki, mövsüm çətin keçəcək. Klubda problem yoxdur. Millidə Ukrayna ilə matçda bir xal qazandıq. Adlar bizə bəlkə rahatlıq verir, Litva və Lixtenşteyn. Amma oyunlara baxanda, böyük fərqimiz yoxdur. 

- Uzun müddət millidə qalası olsanız, bu mövzu da sizi maraqlandıra bilər. U-19 yığması Litvaya uduzdu. Gələcək nəsildən gözləntiniz nədir?

- Səhərə qədər bu problemlərdən danışa bilərik. Gəlin realist və səmimi olaq. Bəlkə də problemlərdən danışıram deyə kimlərinsə xoşlarına gəlmir. Realist olsaq, gələcək üçün vəziyyət çətinləşir. Bugünkü mərkəz müdafiəçilərimizin yaş dövrünü götürsək, orta yaşdan yuxarıdır. U-21 yığmamızın baş məşqçisi ilə danışıram, ən çox çətinlik çəkdiyi mövqe stoper mövqeyidir. Bu, 1-2 ildən sonra əsas milliyə təsir edəcək. Geniş mövzudur, üzücüdür. Nəyimiz çatmadı ki, birdən belə düşdük. Bu, bir ilin səhvi deyil. U-16, U-17 yığmalarında da var idi o uşaqlar. Hər kəs problemi bilir, işə başlamalı, azarkeşlərə bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar. Aşağı yaş qrupları işləyəcək, düzələcək. Bu da klublardan gəlməlidir, klubların akademiyalarında futbolçular yetişir. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə, bizi sevindirir. "Neftçi", "Sabah", "Qarabağ", " Zirə"dən gələnlər ən yaxşı formadadır. Liqada da yaxşı performans göstərirlər. Bu da millinin matçlarına təsir edəcək. Aşağı yaş qruplarındakı problemlər... Uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna baxışı dəyişməyib. Nəticə, rəqabət, intriqa...Təəssüf. Bu da yığma komandalarımıza təsir edir.

- "Qarabağ" və "Sabah" çempionluq mübarizəsi aparır, digərləri avrokuboklar uğrunda oynayır. Futbolçuların fikri orada ola-ola onları milli oyunlarına necə fokuslandırmaq olar? 

- 4-cü toplanışımızdır, milli futbolçuların əhval-ruhiyyəsini bu cür görməmişdim. Bəzi futbolçuların xırda zədələri var idi. Həkimlər xahiş etmişdi ki, istirahət etsinlər, amma onlar milliyə gəlmək istədilər. Onlar üçün də xoş deyil ki, 1 ildir qalib gələ bilmirik. Azərbaycanın adı var. Bu qələbələri qazanmalıyıq ki, azarkeşləri sevindirək. Məşqlər o qədər maraqlı keçdi ki, bəzi futbolçular yorulduqlarını dedilər. Çünki intensiv hazırlıq keçdi. İstək var. Futbolda hər bir nəticəyə hazır olmaq lazımdır. Ümidimiz böyükdür. Çalışacağıq ki, bu durumdan birlikdə çıxaq. (sportal.az)

Daha çox


Son xəbərlər
topaz banner