"Qəbələ" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Sabah"la üz-üzə gəlib. Qarşılaşma Qəbələ təmsilçisinin 1:7 hesablı ağır məğlubiyyəti ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Baş məşqçi ağır məğlubiyyəti və komandasının əzmkar mübarizə aparmamasını kəskin şəkildə tənqid edib:
"Bu gün meydanda əsl fəlakətli hadisə baş verdi. Əlbəttə, belə hallarda baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm. Oyunu dərindən analiz edib, buraxılan səhvləri ortaya çıxarmalıyıq. Futbolçuların əksəriyyəti bugünkü qarşılaşmaya tam hazır deyildi. Çox sadə səhvlərdən qollar buraxdıq, rəqib isə yaranan boşluqlardan maksimum yararlandı. "Sabah" kimi keyfiyyətli komandaya qarşı bu qədər əks-hücum şansı vermək bağışlanılmazdır. Təhlillər aparmalıyıq, açığı, danışmağa çox söz qalmayıb".
Təcrübəli mütəxəssis həm çempionat, həm də kubokda eyni rəqiblə qarşılaşmağın çətinliyindən söz açıb:
"Hadisələrin bu məcrada inkişaf edəcəyini düşünməzdik. İki cəbhədə birdən mübarizə aparmaq, bir ay ərzində turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Sabah"a qarşı beş oyun keçirmək fiziki və psixoloji baxımdan çox çətindir. Kubok matçında hesabda 0:2 geri düşsək də, xarakter göstərə bilmişdik. Lakin bugünkü oyunda mənfi olan əsas məqam oyunçularda məhz həmin xarakterin çatışmaması idi".
Karyerasında ilk dəfə belə böyükhesablı məğlubiyyətlə üzləşdiyini etiraf edən Sxadadze futbolçuların mübarizə əzmini itirməsini faciə adlandırıb:
"Uşaqlara da bildirdim ki, bütün məşqçilik karyeram ərzində belə bir hesabla rastlaşmamışdım. Qismət imiş, bunu da yaşadıq. Futbolda məğlub olmaq olar, lakin əzmkarlıq göstərmədən bu cür uduzmaq əsl faciədir. Həyatda hər an mübarizə aparmaq vacibdir. Təəssüf ki, bu gün bəzi oyunçular meydanda döyüşmədilər".
Baş məşqçi klubların büdcə fərqi və heyət keyfiyyəti barədə verilən suala isə konkret cavab verib:
"Maliyyə fərqi barədə danışmaq istəməzdim. Bizim üçün bu gün ən vacib olan xarakter idi ki, o da görünmədi. İstənilən şəraitdə hər bir futbolçumuz xarakter nümayiş etdirməlidir. Məsələn, vaxtilə "Şerif"in "Real"a qalib gəldiyi oyunu xatırlayaq. Onlar arasında da böyük fərq var idi. Ona görə təkrar edirəm, bugünkü məğlubiyyətin əsas və ən böyük səbəbi xarakter çatışmazlığı idi".