"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov

"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 8 Mart 2026 / 22:59 3161
-  A +

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk növbədə illər sonra görüşdüyü müəlliməsi və xanım azarkeşlər barədə danışıb:

"Gecikdiyim üçün üzrlü sayın. Rayonda riyaziyyat müəlliməm olmuş Gülnaz müəlliməni bəlkə də 30 il idi görmürdüm. Sən demə, hər oyunumuza gəlirmiş, bu gün görüşdük. Həmçinin bu gün qadınların bayramıdır. Stadionda çoxlu qadın azarkeş var idi, onlara təşəkkür edirəm, hamısına xoşbəxtlik arzulayıram".

Q.Qurbanov komandasının nümayiş etdirdiyi oyundan və futbolçuların bərpa prosesindən razı qaldığını bildirib:

"Yaxşı oyun alındı, bol qollu matç izlədik. Məşqlərdə etdiklərimizi meydanda gördüm ki, bu da mənə inam verir. Futbolçular yavaş-yavaş yorğunluqdan çıxırlar, hərçənd hələ də narazı qaldığım bəzi epizodlar var. Oyundan sonra da futbolçulara bəzi iradları bildirdim ki, onu yaxşılaşdırmalıyıq. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək. "Araz-Naxçıvan" 3:0-dan sonra da öz oyunundan əl çəkmədi, sadəcə biz keyfiyyət hesabına epizodları dəyərləndirdik".

Qurban Qurbanov "Araz-Naxçıvan"la son qarşılaşmalardakı yüksək məhsuldarlığı rəqibin oyun üslubu və komandasının hazırlıq səviyyəsi ilə əlaqələndirib:

"Biz tam olaraq bu oyuna köklənmişdik. "Araz-Naxçıvan" həm indi, həm də əvvəllər, Elmar Baxşıyevin rəhbərliyi dövründə də həmişə baxımlı futbol oynamağa üstünlük verib. Ola bilsin ki, onlarla oyunlarımız bizim idman formamızın pik həddində olduğu vaxtlara təsadüf edir. Lakin bu, o demək deyil ki, onlar asan rəqibdir. Əksinə, "Araz-Naxçıvan" bizim üçün həmişə çətin rəqiblərdən biri olub. Bu gün bəlkə kənardan hər şey çox rahat görünürdü, amma futbolçularımız meydanda çox əziyyət çəkdilər və olduqca aktiv idilər. Əvvəlki oyunlarda vurduğumuz qolların sayı haqda isə ümumiyyətlə düşünməmişdik".

Hücumçu Musa Qurbanlının performansı və "Sabah"la olan rəqabət barədə sualları baş məşqçi belə cavablandırıb:

"Musanın ardıcıl qollar vurması sevindiricidir, o, yavaş-yavaş böyüyür. Hazırda ondan razıyam, amma daim mübarizə aparmalıdır. Dünya futboluna baxsaq, sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Xüsusilə də, rəqib müdafiədə sıx oynayırsa, belə oyunçulara ehtiyac olur.  "Sabah"la isə həm çempionatda, həm kubokda qarşılaşacağıq. Başqa-başqa turnirlərdir. Kubok başqa prestijdir. Həm bizim, həm də "Sabah" üçün, həm də avrokuboklar üçün yaxşı hazırlıq olacaq. Bundan sonra onlarla bu səviyyədə oyunların olması, hər iki tərəf üçün böyük faydası var. Biz heç kimə qisas gözü ilə baxmırıq. Belə fikrimiz yoxdur. İllərdir ki, "Sabah"la da, digər klublarla da oyunlarımızı oynayırıq. İl ərzində 3 və ya 5 oyun oynamaq lazımdırsa, oynayırıq".

Qurban Qurbanov "Qarabağ"ın qapıçılar üzrə məşqçilər korpusunda aparılan işlər və kadr yetişdirilməsi barədə sualı cavablandırarkən, bu sahədəki Elxan Həsənovun roluna xüsusi diqqət çəkib:

"Bizim qapıçıların baş məşqçisi hamımızın tanıdığı və hörmət etdiyi Elxan Həsənovdur. "Qarabağ"a gəldiyim ilk vaxtlardan bu sahəyə Nizami Sadıqov rəhbərlik edirdi. O, "Turan"a getdikdən sonra bu günə qədər Elxan müəllimlə çalışırıq. Hüseyn Seyidov isə hazırda onun köməkçisidir. Elxan bəy özü perspektivli bir gənc axtarırdı ki, həm ona kömək etsin, həm də gələcək üçün hazırlasın. Qapıçılarımızın sayı artır, hər məşqdə 4-5 qapıçı olur".

Baş məşqçi Hüseyn Seyidovun təcrübə toplamaq üçün xaricə göndərilməsinin də məhz Elxan Həsənovun təşəbbüsü olduğunu qeyd edib:

"Hüseyni "Qalatasaray"a və digər yerlərə təcrübəyə göndərməyi mənə Elxan müəllim təklif etdi ki, gənc məşqçi yavaş-yavaş tam hazır olsun. Hüseyn qabiliyyətli, bacarıqlı və daim axtarışda olan bir gəncdir. Onlar bütün günü Elxan müəllimlə birlikdə müzakirələr aparır, işləyirlər. Hər ikisinin fəaliyyətindən çox razıyam və bu sahədəki cavabdehlik məhz Elxan bəyin üzərindədir".

Qurban Qurbanov çempionatda 3-cü dövrənin başlaması ilə çempionluq yarışının daha kritik mərhələyə qədəm qoyduğunu təsdiqləsə də, futbolçuların üzərindəki böyük psixoloji və fiziki yükə diqqət çəkib:

"Bəli, artıq daha çox diqqət ayırırıq. Amma inanın ki, futbolçuların hələ də tam özünə gəlməsinə ehtiyac var. Bu il həqiqətən ən gərgin illərdən biri oldu. Çempionlar Liqası oyunları və artan gözləntilər komandaya əlavə yük gətirdi. Bəlkə də turnir cədvəlində xalımız az olsaydı, futbolçular daha rahat oynayardılar və tələb bu qədər çox olmazdı. Lakin hər qələbə gəldikcə məsuliyyət də artdı. Futbolçular bu gərginliyə son ana qədər dözdülər".

Mütəxəssis "Araz-Naxçıvan" üzərindəki böyükhesablı qələbəyə baxmayaraq çempionatın asan keçmədiyini və rəqabətin davam etdiyini vurğulayıb:

"Baxmayaraq ki, bu gün belə hesabla qalib gəldik, çempionat heç də asan keçmir. Hər oyunumuzda son saniyəyə qədər mübarizə aparırıq. İndi daha rahat hazırlaşmaq şansımız olsa da, təəssüf ki, iki oyundan sonra yaranacaq fasilə komandanın bir yerdə olmasına mane olacaq. "Sabah" yaxşı komanda formalaşdırıb və hazırda şansları çoxdur, lakin biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq daha da yaxşılaşdırmalıyıq".

Qurban Qurbanov "Sabah"la oyunda rəqib məşqçinin qeyri-etik jestinə cəza verilməməsi ilə bağlı sualı cavablandırarkən, məsələyə olduqca soyuqqanlı yanaşıb:

"Təəssüf hissim yalnız ona görə oldu ki, belə bir hal ümumiyyətlə baş verməməli idi. Lakin mən hadisədən sonra hansısa kartın göstərilməsinin və ya cəza verilməsinin tərəfdarı deyiləm. Belə qalmaqallar, əslində, futbolun gözəlliyinin və intriqasının bir hissəsidir. Bu cür hallar futbolun inkişafına, rəqabətin keyfiyyətinin artmasına xidmət edir və futbolçuların üzərinə daha çox məsuliyyət qoyur. Meydandan kənarda olan hadisə elə yerindəcə həll edildi və bitdi".

Baş məşqçi baş verənləri sırf idman emosiyası kimi dəyərləndirərək bu vəziyyəti səmimi bir nümunə ilə izah edib:

"Mənə elə gəlir ki, bu, daxildən gələn bir kindən deyil, sırf hamının qalib gəlmək istəyindən doğan emosiyalardır. Bəzən özümüz bazada məşqçilərlə 5-5-ə futbol oynayırıq, orada elə intriqa, dava-dalaş, hətta (gülərək) qışqır-bağır və söyüşlər olur ki... Amma oyun bitir və hər şey qaydasına düşür. Futbol emosiya oyunudur. Belə halların olmaması daha yaxşıdır, amma olması da futbolumuzun keyfiyyətinin və marağının artmasına gətirib çıxarır".

Sonda çempionatdakı komanda sayının artırılmasına toxunan mütəxəssis bunun bölgələrdə futbolun sevilməsi üçün vacib addım olduğunu vurğulayıb:

"Komanda artımının həmişə tərəfdarı olmuşam. Həmişə də o problemlərin olacağını öncədən düşünmüşəm. Əlbəttə ki, böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Bəzən tanınmış məşqçilər, böyük klublar belə, 0:7 məğlubiyyətdən sonra daha da böyüməyə başlayırlar. Bəli, hazırda bir neçə komandanın yaxşı meydançası yoxdur. Bəli, hansısa dəyişiklik etmək olar, olardı. Amma inanmıram ki, gələn il hansısa komandanın stadionla bağlı yenə problemi olsun. İstər yeni gəlsin, istərsə də liqada qalanlardan olsun. Ən azından, builki minuslara görə, vacib olan tərəflərdən düzəldilən məsələlər olacaq. Sadəcə birdən-birə də hər şey olmur. Artım belə olur. Sabah hansısa yeni gələn komandanın yeni sponsoru, o rayonun oğlu çıxar deyər ki, komandanı böyüdəcəm, nəticələri yaxşılaşdıracam. Futbol belə sevilir də. Bir il bir komanda belə formalaşır, iki il sonra başqa komanda formalaşır. Hər bölgədə bir neçə komanda olur. Get-gedə sayın artmasının həmişə tərəfdarıyam ki, bölgələrdə komandaların sayının çox olması, futbolun sevilməsi deməkdir".

Daha çox


Son xəbərlər
topaz banner