“Neftçi”nin sabiq futbolçusu Bahodir Nasimov QOL.az saytına müsahibə verib.
38 yaşlı özbəkistanlı hücumçu Azərbycanın futbol ictimaiyyəti, xüsusilə “Neftçi” azarkeşləri üçün yaxşı tanışdır. 2010-2011 mövsümü, 2011-2014-cü illərdə paytaxt klubunda çıxış etmiş hücumçu qol duyumu ilə seçilən oyunçu idi. 2011-2012 mövsümündə 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan və ən yaxşı oyunçusu seçilən Özbəkistan millisinin sabiq üzvü “ağ-qaralar”da 3 mövsümdə hamıdan çox qol vurub. O, “Neftçi” ilə 2 dəfə Azərbaycan çempionu və eyni sayda kubokun qalibi olub.
Hazırda Özbəkistan Premyer Liqa təmsilçisi Səmərqənd “Dinamo”sunda çıxış edən 38 yaşlı forvardın müsahibəsini təqdim edirik.
- Bahodir, işləriniz necə gedir?
- Hər şey qaydasındadır, işlərim yaxşıdır. Demək olar ki, müntəzəm oynayıram. Hazırda biz Daşkənddə təlim-məşq toplanışındayıq. Sabah (müsahibə ötən gün alınıb – red.) toplanışın ikinci hissəsi üçün Dubaya yollanacağıq.
- Əvvəlcə Özbəkistan futbolu haqda danışaq. Sizdə son illərdə idman, eləcə də futbol inkişafdadır. Özbəkistanlı futbolçuların Avropa klublarına getdiyini görürük. Abdukodir Xusanovun “Mançester Siti”yə keçidi isə daha səs-küylü oldu.
- Bəli, son illər bizim futbolçuların Avropaya çıxışı daha da artıb. Xusanov özünü milli komandada yaxşı tərəfdən göstərdi. Sonra Belarusun “Energetik” klubunda və ardından “Lans”da (Fransa) baxımlı oyunu ilə seçildi. Onun inanılmaz sürəti var. Meydanda çəkinmir, sərt oynayır. İngiltərədə də belə futbola üstünlük verilir. Ona görə də onun Premyer Liqada çıxışı uğurlu olacaq.
- Özbəkistan futbolu üçün hazırda hansı məqsədlər əsasdır?
- İndi əsas məqsəd millinin DÇ-2026-ya vəsiqə qazanmasıdır. Bizim millimiz heç vaxt dünya çempionatında iştirak etməyib. İndi isə bunun üçün yaxşı şansımız var. Allah eləsin ki, bunu bacaraq.
- Bakının “Sabah” klubu isə ötən ay 21 yaşlı özbəkistanlı futbolçu Umarali Raxmonaliyevi heyətinə cəlb etdi. Onun haqqında nə deyə bilərsiniz?
- “Sabah”da fizioterapevt Əziz Salmanov var. Mən “Neftçi”də çıxış edəndə bizim komandamızda idi. Əziz Umarali ilə söhbət edəndə deyib ki, “aka”nı (Nasimov özünü nəzərdə tutur- - red) tanıyırsan? (gülür) O da deyib ki, bəli, tanıyıram. Ondan sonra mən Umarali ilə də danışdım. O, gənc olsa da, istedadlı, perspektivlidir. Gənclərdən ibarət milli komandanın kapitanı olub. İnanıram ki, özünü göstərəcək və daha da irəli gedəcək.
- Daha hansı özbək futbolçuları Azərbaycan klublarına tövsiyə edə bilərsiniz?
- Bizdə yaxşı futbolçular çoxdur. Sadəcə, hazırda onlar burda yaxşı maaş alırlar. Ona görə də düşünmürəm ki, bu futbolçular Azərbaycana gedərlər.
- Yəni sizdə Azərbaycan klublarından daha çox maaş verirlər?
- Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Sabah”da futbolçuya çox pul verirlər. Xüsusilə də “Qarabağ” fərqlənir. Düzdür, bizdə “Qarabağ” qədər maaş vermirlər, amma digər klubların verdiyi pulu burda da ala bilirlər. Demək istəyirəm ki, eyni pulu Özbəkistanda da qazanırlar.
- Özbəkistan futbolunda bizdən fərqli nələr var ki, bunun sayəsində siz DÇ-2026-ya düşməyə ümidlisiniz?
- Bizim milli komandamızda səhv etmirəmsə, legioner həyatı yaşayan 10 futbolçu var. Onlar həm yaxşı komandaların üzvləridir, həm də bütün oyunlarda meydanda olurlar. Yəni ehtiyatda oturmurlar. Eləcə də Özbəkistanda çıxış edənlər, hamısı öz klublarında əsas heyət üzvləridir. Sizdə isə legioner limiti ləğv edildi. Bildiyimə görə, klublar növbəti mövsümdən hətta 11 legionerlə meydana çıxa bilərlər. Düşünürəm ki, bu, düzgün deyil. Çünki oyun təcrübəsi olmayan futbolçunun millidə yaxşı nəticə göstərməsi çox çətindir.
- Özbəkistanda legioner limiti necədir?
- Bizdə 6+5 sistemi var. Yəni meydandan ən çoxu 5 legioner ola bilər. Məncə, bu, normaldır. Meydana 11 legioner çıxsa, yerli futbolçu harda və vaxt oynayacaq? Belə olanda sonra milli komanda üçün yerli oyunçu tapmaq çox çətin olur.
- Düşünürsünüz ki, legioner limitinin ləğvi milliyə çətinlik yaradacaq?
- Əgər yerli oyunçu oynamırsa, əlbəttə, mənfi nəticə verəcək. Hamı bilir ki, legionerlərə yerlilərdən qat-qat çox maaş verirlər. Azərbaycanlı futbolçular nə qədər meydanda çox olsalar, milli komanda üçün o qədər faydalı olacaq.
- “Neftçi”də kimlərlə əlaqə saxlayırsınız?
- O vaxt klub prezidenti olan Sadıq Sadıqovla hərdən Feysbukda danışıram. Tahir Süleymanov, Mirhüseyn Seyidov və başqa bir çox futbolçu ilə danışırıq.
- “Neftçi”nin oyunlarına baxırsınız?
- Mən Azərbaycan futbolunu, xüsusilə də “Neftçi”ni izləyirəm. Ümumilikdə Azərbaycan çempionatının oyunlarına baxıram. “Neftçi”nin Premyer Liqanın son iki oyununda qalib gəldiyini gördüm.
- Deməli, komandanın hazırda 6-cı yerdə olduğunu da bilirsiniz. Əvvəlki illərdə, eləcə də siz oynayan dövrdə “Neftçi” həmişə çempionluğu hədəfləyirdi.
- Əlbəttə bilirəm. Komanda 8-ci yerdə idi. İndi tədricən oyunlarında inkişaf var. Bizdə Azərbaycan Premyer Liqasının oyunlarına canlı yayımla baxmaq mümkündür. Ona görə də “Neftçi”nin oyunlarının hamısına baxıram.
- Azərbaycanda keçirdiyiniz illəri karyeranızın ən yaxşı dövrü adlandırmaq olar?
- Düşünürəm ki, Azərbaycan karyeram super oldu. Mənə hamı deyir ki, sən ən yaxşı oyununu Azərbaycanda oynamısan. Mən özüm də belə düşünürəm. “Neftçi”də çox yaxşı oyunlarım olub və uğurlar qazanmışıq.
- “Keşlə” karyeranız isə uğursuz oldu.
- Orda ümumiyyətlə, meydana çıxmırdım. Əgər oynamayacaqsansa, təbii ki, nəsə edə bilməzsən. Əgər meydana çıxmırsansa, hamı deyəcək ki, sən pis futbolçusan.
- Oynamamağınızın səbəbi nə idi?
- Bilmirəm. Bəlkə də, baş məşqçinin (Tərlan Əhmədov – red.) oyun taktikasına uyğun deyildim. Əslində hər bir futbolçu uğursuluğun günahını özündə axtarmalıdır.
- Özbəksitan mətbuatına verdiyiniz müsahibədə “Keşlə”nin o vaxtı prezidenti Zaur Axundovun baş məşqçinin işinə qarışdığını, hətta meydana çıxan oyunçuları da onun müəyyənləşdirdiyini demişdiniz.
- Bəli, bəzən belə də olurdu. Amma bilmirəm, bunun mənim oynamamağıma təsir oldu, yoxsa yox.
- Azərbaycanda gedəndən sonra ölkəmizdən hər hansı bir təklif aldıniz?
- Yox, təkliflər olmayıb. Azərbaycandan ayrıldıqdan sonra İranda və Cənubi Koreyada oynadım. İndi isə 38 yaşım var. Bu yaşda çətin ki, Azərbaycan Premyer Liqasında oynayan futbolçu olsun (gülür).
- “Neftçi”nin hazırda uğursuz çıxışının səbəbini nədə görürsünüz?
- Komandaya 12-13 yeni oyunçu gətirirlər və bir mövsüm oynayandan sonra onlar göndərilir, yenə eyni sayda futbolçu transfer edilir. Buna görə də nəticə olmayacaq. Klub düzgün idarə olunmalıdır. Məsələn, “Qarabağ” 2-3 oyunçu göndərir və eyni sayda da futbolçu transfer edir. Ona görə komandada hamı bir-birini yaxşı başa düşür. Əgər sən 12 futbolçunu göndərirsənsə və bu, hər il təkrarlanırsa, heç vaxt inkişaf olmayacaq. Lap orda Ronaldo ilə Messi oynasa da, uğur gözləməyə dəyməz. Futbol komanda oyunudur. Ona görə də futbolçular hamısı bir-birini yaxşı başa düşməlidir. Bunu çoxları başa düşmür. Üstəlik baş məşqçini də tez-tez dəyişirirlər. Bunlar çox pisdir.
- Uzun illərdir çempionluğu sıralayan “Qarabağ” haqda nə deyə bilərsiniz?
- Azərbaycanda hazırda ən güclü komanda “Qarabağ”dır. Onlar Avropada da yaxşı komanda olduqlarını sübut ediblər.
- “Neftçi”də ən yadda qalan oyununuz hansı olub?
- “Xəzər Lənkəran”la oyunlarımızı heç vaxt unutmuram. Həqiqətən derbi oyunu olurdu. Həmin qarşılaşma “böyük futbol” adlanırdı. Mən istəyirəm ki, belə oyunlar indi də Azərbaycanda olsun. Çox möhtəşəm oyunlar idi. Bunları özüm üçün deyirəm. “Neftçi”nin Avropa Liqasında unudulmaz matçları oldu. Təəssüf ki, mən zədəli oldum. “İnter”də İtaliyadakı oyunda (2:2) son dəqiqələrdə meydana çıxa bilərdim, amma məşqçilər risk etmədilər. Buna görə də mən “Xəzər Lənkəran”la oyunlarımızı qeyd etdim.
- “Neftçi”dən gedişiniz necə oldu?
- Məndə zədə var idi. Bəlkə də buna görə yeni müqavilə təklif etmədilər və mən getdim. Amma mən həmişə “Neftçi”ni xoş xatirələrlə yada salıram. O zaman klubda çalışanlara bir daha minnətdarlıq edirəm. Çünki biz gözəl bir ailə kimi idik.
- 38 yaşınız var və bu ilin dekabrında klubunuzla müqaviləniz başa çatır. Gələcək planınız nədir?
- Əslində mən ötən il karyeramı bitirmək istəyirdim. Baş məşqçimiz dedi ki, bir il də oyna, fiziki forman buna imkan verir. Ona görə də müqaviləmi daha bir il uzatdım. Bu ilin dekabrında müqaviləm başa çatacaq və yəqin ki, karyeramı bitirəcəm. Sonrasına da baxarıq. Hazırda məşqçi kursları keçirəm. Artıq C v B dərəcələrim var. Tezliklə A dərəcəsi üçün də kurslara başlayacam.
- Azərbaycana məşqçi kimi qayıtmaq istəyərsiniz? Bu suala özbək dilində cavab verməyini istəyirəm. Çünki özbək dili də türk dil ailəsinə daxildir və anlaya bilirik.
- Blimadim, lekin uzimam xoşlardim kup mehtat qlıb iş kere yaxşi trenir bulib boşqa mamlakata işlamak ucun.( Bilmirəm, amma bunun üçün çox oxumaq, yaxşı klubda işləmək, sonra başqa ölkədə çalışmaq istəyərdim). Başa düşdün, qardaş?
- Əlbəttə.
- Özbəkistandan Azərbaycana, “Neftçi” azarkeşlərinə salamlar, “Neftçi”yə uğurlar. (Azərbaycan dilində deyir – red.) Azərbaycan millisinə də uğurlar arzulayıram. Arzu edirəm ki, yaxşı nəticələr göstərsinlər.
Ramiq Ağaməmmədov
5 qol, kobrasayağı sevinc və Kadinin əla dönüşü - Şəkillər
"Mançester Siti" azarkeşlərindən "Real"la matç üçün pankart
“Qarabağ”dan 16 dəqiqəyə 5 qol - Video
Kadi "Qarabağ"a qolla qayıtdı - Video
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Real" onunla danışıqlara başladı
"Qarabağ" - "Səbail" matçı üçün - Heyətlər
"Qəbələ" onu Premyer Liqa klubundan transfer etdi - Rəsmi
Millimizin baş məşqçisi: "Hazırlığımız yaxşı keçir"
“Qarabağ” onunla yolları ayırdı
"Olimpiakos"dan "Başakşehir"ə - Rəsmi
İngiltərə kubokunda 1/8 final cütləri
"Real" yayda onu göndərəcək
"Qalatasaray"dan yeni transfer
ÇL-in oyunlarını yayımlayacaq kanallar
"Qarabağ" mənə qalmağı təklif etdi, amma..." - Andrey Lunyov