“Premyer Liqada oynayan ən gənc futbolçular bizim akademiyanın üzvləridir”

“Premyer Liqada oynayan ən gənc futbolçular bizim akademiyanın üzvləridir”
MEDİA 29 İyun 2024 / 14:40 1749
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal oldu. Artıq 5 ildir “Sumqayıt”da çalışan türk əsilli mütəxəssis Almaniyanın bir neçə klubunda aşağı yaş qrupları üzrə komandalarda işləyib. Almaniyda son olaraq “Frankfurt”un U-19 komandasını çalışdıran mütəxəssis müsahibəsində bir çox məqamlara toxunub. 

- Hakan bəy, artıq 5 ildir "Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsindəsiniz. Bu müddət ərzində akademiyada hansı işlər görülüb, hansı dəyişikliklər baş verib? Hazırda klubun akademiyasının durumunu necə qiymətləndirərsiniz?

- Mən 5 il əvvəl gələndə akademiyanın işçi sayı, yəni məşqçilər, həkimlər az idi. Hər komandaya iki məşqçi təyin etdik, qapıçı məşqçilərin, həkimlərin saylarını artırdıq. Bununla oyunçu sayı da artdı.  4 yaşdan başlayaraq balaca yaş qrupları yaratdıq. “Sumqayıt Futbol Məktəbi” adı ilə təməl qoyduq. Videoanalizçilər, proqramistlər yetişdirdik. Daha çox individuallaşmaya getdik. Fərdi proqramlar yazıldı. 5 il tam deməyək, çünki pandemiya araya girdi. 3 ildən bir az çox vaxta üç qızıl medal götürdük, iki gümüş, bir bürünc medal. Bir tərəfdən də milli komandalara daha çox oyunçu verməyə başladıq. U-19 millisinin son toplanışına 7 oyunçumuz gedib. 

- “Sumqayıt”a “Frankfurt”dan gəlmisiniz. Almaniyadan, ümumən Avropa futbolundan buraya nələri gətirə bildiniz və nələri gətirmək olmur?

- Bəli, məşqçi kimi Almaniyada yetişmişəm və Almaniyanın akademiya sistemini burada təşkil etməyə çalışmışıq. Amma əlbəttə ki, heç vaxt heç bir şeyi tam şəkildə təkrarlamaq olmur. Çünki Azərbaycan fərqli ölkədir, fərqli mədəniyyətdir. Sadəcə Almaniya deyil, digər Avropa ölkələrindən də topladığım təcrübələri bizə uyğun olan şəkildə strukturlaşmaya gətirdik. Yaş qrupları üzrə nələrin və hansı şəkildə olması lazımdır, onları həyata keçirdik. Nələri gətirmək olmur? Təəssüf ki, Azərbaycanda müəyyən mütəxəssislər çatmır. Videoanalizçilər, fiziki hazırlıq məşqçisi Avropa akademiyalarının hər komandasında olur. Biz isə bunları ümumi akademiyaya tapmaqda əziyyət çəkirik. Onları təlimlərə göndərərək özümüz yetişdiririk. Yəni hələ Avropanın akademiya strukturunu burada yaratmaq çətindir. Avropada daha çox texnologiya ilə futbolu birləşdirirlər. Onu da burda yavaş-yavaş həyata keçirməyə çalışırıq. Yeni kamera sistemləri, invertarlar almışıq. 

- Növbəti illər üçün akademiyanın qarşısına qoyduğu konkret hədəflər hasılardır? Qısamüddətli və uzunmüddətli planlardan danışa biləsinizmi? 

- Hədəflər əsas komanda üçün daha çox oyunçu yetişdirmək, milli komandalara daha çox oyunçu verməkdir. Premyer Liqada oynayan ən gənc futbolçular bizim akademiyanın üzvləri olub. Onların sayı hələ ki 3-dür. İnşallah, gələcək illərdə oyunçu sayımız artar. Bu il bizim U-17 komandamız çempion oldu. Ümumiyyətlə, bu futbolçuları Azərbaycan futbolu üçün yetişdiririk. Qısa müddətli planlarımız ondan ibarətdir ki, texnoloji inkişafa daha çox yatırım edək, bunların da arasında analitik proqramlar, fərqli məşq inventarları almaqdır. Uzunmüddətli planlarımız isə lazımlı akademiya strukturu yaradıb gələcək illərdə daha çox Avropaya çıxmaq, oradakı turnirlərə qatılmaqdır.

- Akademiya məşqçilərinin inkişafı üçün hansı işlər görülür? 

- Özümüz hər həftənin ikinci günləri iclaslar keçiririk. Orda futbol üzrə müxtəlif mövzulardan danışırıq. Hazırlıq dövründə də məşqçilərə təlim-toplanışı kimi dərslər keçirik. Bundan əlavə, istəyirəm ki, gələcək mövsümlərdə sadəcə komandaların turnirə getməsi yox, məşqçilərin də xaricə gedib, oradakı akademiyaların işləri ilə tanış olub, öz işlərini inkişaf etdirsinlər. Dediyim kimi, sadəcə futbolçu yox, məşqçi də yetişdiririk. Kateqoriyaya gedən məşqçilərimiz artır. A, B kateqoriyalı məşqçilərimiz çoxalıb. Onlar da nəzərə alınır. Çünki UEFA lisenziyalaşdırmada konkret şərtlər qoyub ki, hansı yaş qrupunda hansı kateqoriyalı məşqçi olmalıdır. Bu üzrə də işlərimiz davam edir. 

- Xarici klubların akademiyaları ilə əməkdaşlıq aparmaq planınız var?

- Biz özümüzü o səviyyəyə qaldıranda Almaniya və ya digər Avropa klubları ilə iş birlikləri etmək fikrimiz var. Onları da dediyim kimi, uzunmüddətli plan kimi nəzərdə saxlamışıq. Xarici klublarda iş birlikləri etmək, bizim oyunçuların ora getməsi, onların bura gəlməsi, matçların, turnirlərin təşkil olunması kimi fikirlərimiz var. 

- İnfrastruktur baxımından hansısa dəyişikliklərin edilməsi planlaşdırılır?

- Bu, Azərbaycanda böyük bir problemdir. Amma Sumqayıt şəhəri olaraq dəyişiklik planda yoxdur. Onsuz da stadionumuz da yeni tikilib, yetərincə meydançalarımız var. Amma meydança sayı biraz daha çox olsa, yaxşı olardı. Almaniyada belə bir deyim var ki, bir meydança bir zavoddur. Nə qədər çox meydança varsa, o qədər çox oyunçu yetişdirə bilirsən. Nəzərə alsaq ki, qız komandası, əvəzedici və azyaşlı komandaların oyunçuları artır. Sumqayıtdakı digər komandalar da bizim meydançalardan istifadə edir. Meydança sayımız azdır. Daha bir meydançamız olsa idi, yaxşı olardı. 
 
- Əsas komandanın baş məşqçisi Samir Abasovla əlaqəniz necədir?

- Əlaqəmiz çox yaxşıdır. O da ondan irəli gəlir ki, bizim infrastruktur yaxşıdır. Yəni bütün yaş qruplarımız, A və B komandaları Sumqayıtdakı bazada olur. Samir müəllimdən Allah razı olsun, akademiya üzərində çox diqqəti var. Məşqlərə, matçlara baxır. Bu yaxınlarda akademiya iclasına qatılıb öz təcrübələrindən danışdı. Əlaqəmiz çox yaxındır, yaxşıdır. İnşallah, belə də davam edər. 

- Uşaqların futbolla məşğul olarkən təhsildən yayınmamaqları üçün hansı addımlar atılır? 

- Biz oyunçularımıza sadəcə futbol karyerası yox, eyni vaxtda təhsildə də kömək edirik. Kömək edirik dediyimiz nəzərətdə saxlamaqdır. Yəni bildiyimiz kimi, futbol həyatı qısa da ola bilər, Allah qorusun, zədə də ola bilər, ondan sonra futbol oynaya bilməz. Həm valideyn, həm uşaq nəzərə almalıdır ki, ikitərəfli təhsil çox önəmlidir. Futbol və eyni vaxtda məktəbdə yaxşı nəticələr vermək lazımdır. Onsuz da müasir futbol elə şeyləri tələb edir ki, ona biraz təhsil də lazımdır. Hələ futbolçuların xaricə getdiyi halda oranın dilini bilməsi lazımdır. Ən azından bir az mədəniyyət tərəfdən də biliyi olmalıdır. Yəni ümumi akademiya olaraq həm məşqçi, həm koordinatorlar tərəfindən uşaqların məktəb nəticələrini izləyirik. 

- Akademiyada uşaqların qidalanmasına, həyat tərzinə necə nəzarət edilir?

- Oyunçuların bazada qalmaq üçün yeri olmadığına görə qidalanma ilə bağlı çətinlik çəkirik. Bilirik ki, oyunçular üçün çox vacib bir məsələdir. Akademiya tərəfindən çalışırıq ki, iclaslarda onlara həftəlik qida tövsiyələrimizi verək: nə yemək lazımdır, matçdan öncə, məşq günləri nə qədər kalori qəbul etmək lazımdır. Buna diqqətlə yanaşırıq, amma 100 faiz nəzərdə saxlamaq bizim üçün çox çətindir. Onu da qeyd edə bilərəm ki, uşaqlara akademiya tərəfindən ən azından məşqlərdən sonra, həftədə 2-3 dəfə meyvə verilir. Ən azından təşkil edirik ki, məşqdən çıxandan sonra uşaqlar banan, alma yeyə bilsin. Bu, matç günlərində də keçərlidir. 

- U-17 komandanız bir neçə gün əvvəl ölkə çempionu oldu. O komandada perspektivli futbolçular nə qədərdir? Hansı ki, yaxın gələcəkdə əsas komandaya cəlb oluna bilərlər.

- Bəli, 2007-ci il təvəllüdlü komandamız, yəni U-17 mövsümü qızıl medallarla bitirdi. Onlar əvvəlki illərdə də nəticə göstərib. Həqiqətən onlar bizim qızıl yaş qrupumuzdur. Orada U-19 milli komandasına çağırılan oyunçularımız da var. Onlardan bəziləri əsas komanda ilə məşqə çıxır, əvəzedicidə oynayır. İnanıram ki, bu futbolçular təkcə bizim komanda üçün yox, bütün Azərbaycan futboluna xeyir verəcəklər. Və həmin komandadan 5-6 oyunçunu Premyer Liqada görəcəyik.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər