"Uşaq futbolunun inkişafı üçün məşqçilərimiz Avropada təcrübə yığmalıdır"

"Uşaq futbolunun inkişafı üçün məşqçilərimiz Avropada təcrübə yığmalıdır"
MEDİA 22 Fevral 2024 / 17:28 1757
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

"Nastik Taraqona" İspaniyanın ən böyük futbol akademiyalarından biridir. Bu akademiya həm məşqçiləri, həm infrastrukturu, həm də işə peşəkar yanaşması baxımından bütün dünyada tanınır.

Sevindirici haldır ki, "Nastik Taraqona" futbol akademiyasında təlim keçən, uşaq futbolunu daha dərindən öyrənən məşqçilərdən biri də azərbaycanlı mütəxəssis Samir Əbdürəhmanovdur. O, fevralın 3-dən 14-dək sözügedən futbol akademiyasının məşqçilər kursunda iştirak edib, uşaq futbolundakı yeniliklərlə tanış olub. Həmçinin sonda S.Əbdürəhmanova sertifikat da təqdim edilib.

Bugünkü həmsöhbətimiz də məhz uşaq futbolu mütəxəssisi Samir Əbdürəhmanov oldu. 

Məşqçi söhbətə əvvəlcə “Nastik Taroqona” Futbol Akademiyasına yollanmasından başladı: "2019-cu ildə, İspaniyanın Madrid şəhərində “Qazprom” şirkətinin məşqçilər kursu var idi. Orda mən də iştirak etmişdim. O müddətdə bir neçə skautlarla, uşaq futbol menecerləri ilə davamlı olaraq ünsiyyət qurdum. Bu yaxınlarda skautlardan biri dəvət göndərdi ki, İspaniyanın Barselona şəhərində “Nastik Taroqona” Futbol Akademiyasında məşqçilər kursu keçirələcək. Düşündüm ki, bu mənim üçün böyük bir təcrübə olar. Öz hesabıma məşqçilər kursuna qatıldım. Ayın 3-dən 14-ə kimi həmin akademiyanın düşərgəsində məşqçilər kursunda oldum. Mənimlə eyni akademiyanın bir neçə ölkənin məşqçiləri də iştirak edirdi. Bunu da vurğulayım ki, Qazaxstandan var idi, Litvadan və bir neçə Avropa ölkələrindən məşqçilər. Onu da qeyd edim ki, “Nastik Taroqona” Futbol Akademiyası İspaniyanın ən nəhəng akadmiyalarından biridir. Kataloniya bölgəsində yerləşir". 

O, S.Əbdürəhmanov bu kursa məşqçilik biliklərini artırmaq, uşaqlar üçün daha faydalı olmaq məqsədi ilə qatıldığını vurğulayıb: "Uşaq futbolu məşqçisi olduğum üçün təcrübəmi, biliyimi, savadımı artırmaq məqsədi ilə həmin akademiyanın düşərgəsinə yollanmışdım. Demək olar ki, bir məşqçi kimi 10 günlük bir məktəb keçdim. 9 yaşdan 19 yaşa kimi bütün yaş qruplarının məşqlərini izləyirdim. Özümdə qeydlərimi aparırdım". 

O, Barselonadakı uşaq futbolunun səviyyəsindən də danışıb: "Bilirik ki, İspaniya futbol ölkəsidir. Avropanın özəyidir. Mənim olduğum akademiyada dünyanın bütün nöqtələrindən uşaqlar var. Kolumbiyadan, Kubadan, Meksikadan, İrandan, Nigeriyadan, Qazaxstandan və Litvadan uşaqlar gördüm. Orada çox uşaq futbol sirrlərini öyrənir. Akademiyada olduğum müddətdə məşçilərlə fikir mübadiləsi aparırdım, onları izləyirdim. Akademiyalarının durumu təbii ki, çox yüksəkdir. Sistem var, ona uyğun bir iş qurulub. Bircə uşağın özündən asılıdır ki, çalışqan olsun, məqsədli olsun. Yəni sistemvari iş qurulub və artıq uşağın özündən asılıdır, hədəfə çatacaq, ya yox. Gördüklərim o idi ki, çox böyük bir akademiyadır. Uşaqlar təhsil alırlar, qidalanırlar, yaşayırlar. Məktəb həmin akademiyanın içində yerləşir, binası var. Böyük bir rezidensiyadır. Səhər saat 7-də uşaqları oyadırlar. Saat 7-dən 8-ə kimi səhər yeməyi olur və hamı orda yemək yeməlidir. Yeməkdən sonra hamı çantasını götürüb dərslərə yollanır. Saat 8-dən 9-a kimi dərslərdə olurlar. 9-da dərsdən çıxırlar, geyimlərini dəyişib meydançaya çıxırlar. Saat 10-da məşqdən çıxandan sonra yenə dərsə gedirlər. Dərsdən saat 2-nin yarısı çıxırlar. Nahar yeməyi yeyirlər, istirahət edirlər. Məşq varsa məşqə, oyun varsa, oyuna gedirlər. Onlarda lövhədə gündəlik məşq proqramı asılır. Hamı bilir ki, məşq neçədədir, dərs neçədədir. Hamı onda uyğun hərəkət edir. Hər bir yaş qruplarının uşaqları məşqlərinin saatlarını və sayını bilirlər".

S. Əbdürəhmanov “Nastik Taroqona”da öyəndiklərindən, həmçinin uşaq futbolu baxımından  Azərbaycan və İspaniya arasındakı fərqlərdən də danışıb: "Orada olduğum müddətdə həqiqətən də bir məktəb keçdim. Mənimlə birlikdə orada olan məşqçilərlə fikir mübadiləsi aparırdıq. Asudə vaxtda məşqçilərlə uşaq futbolunun müzakirə edirdik. Onlar məndən soruşanda bizdə uşaq futbolu necədir, deyirdim bizdə də inkişaf edir. Yəni, bizdə də sistem var və daha da yaxşılaşdırmaq üçün öyrənib tətbiq etməliyik. Çalışmalıyıq ki, uşaqlarımız Avropaya çıxsınlar. Uşaq futbolunda onlar disiplin tələb edirlər, oxumağa çox önəm verirlər. Orda uşaqların dərslərinə, yeməklərinə cavabdeh olan işçilər, məşqçilər, koordinatorlar var. Hər kəs öz işinə peşəkar yanaşır. Sistem qurulub və hamı sistemə uyğun öz işini görür. “Nastik Taroqona” böyük bir akademiyadır. İçəridə həm yataqxanası, yeməkxanası, məktəbi var, 6-7 futbol meydanı var. İki-üç süni, 3-4 təbii ot örtüklü meydan var idi. Oyunlarını da izləyirdim. “Nastik Taroqona” futbol akademiyasının əsas komandası da var. Hal-hazırda 3-cü liqda mübarizə aparırlar və cədvəldə 1-ci yerdədirlər. Həmin komandanın da oyunlarını izlədim. İspaniyada klubların, komandaların sayı çoxdur orda. Sırf Kataloniya bölgəsində 10 min nəfərə yaxın uşaq futbol sirlərini öyrənir". 

O, bunu da vurğulayıb ki, Azərbaycanda uşaq futbolunun inkişaf etməsi üçün yerli mütəxəssislər Avropadakı futbol akademiyalarında təcrübə qazanmalıdırlar: "Azərbaycanda da uşaq futboluna son illər diqqət və qayğı çoxalıb. Daha da yaxşılaşdırmaq üçün, daha da keyfiyyətli iş görmək üçün bizim məşqçilərimiz Avropada təcrübə toplamalıdırlar. Məşqçilərimiz nə qədər təcrübəli olsalar, bir o qədər də uşaqlarımız düzgün futbol oynayarlar". 

S. Əbdürəhmanov “Nastik Taroqona”da uşaqların akademiyaya cəlb edilməsi, seçilməsi qaydalarından da söz açıb: "Orada seçimlər ildə 2 dəfə olur - yayda və qışda. Uşaq akademiyaya valideyn tərəfindən və ya menecer vasitəsilə gətirilirsə, artıq onu bu akademiyaya təhvil vermiş olurlar. Ondan sonra ancaq uşağın məşqlərini seyr edirlər. Hər yaş qrupunun öz koordinatoru olur. 10 gün ərzində uşaq məşq düşərgəsində iştirak edir. Orada A, B, C, D qrupları var. Əvvəlcə uşaq D qrupunda yer alır. D qrupunun məşqində özünü layiqincə göstərsə, C qrupuna keçir. Bunu da qeyd edim ki, hər qrupun məşqçiləri ayrıdır. C qrupunu məşqçilər izləyir, görəndə ki, uşaq bu qrupda da hamıdan güclüdür, göndərirlər B qrupuna. O biri gün B qrupunda şans verilir və B qrupun keçdisə, o qrupun məşqçisi koordinatora hesabat verir. Bildirir ki,  bu uşaq ya zəifdir, C qrupuna düşməlidir, ya da güclüdür, A qrupuna keçməlidir. 10-cu gün ərzində bütün məşqçilər hər bir uşaq haqda koordinatora hesabat verirlər. Koordinat daha sonra meneceri və ya valideyni dəvət edir. Uşağın hesabatını şifahi və yazılı şəkildə valideynə və skauta verirlər. Ondan sonra hər kateqoriyaya uyğun şərtlər olur. Əgər razıdırsa, klubla valideyn arasında şərtlər müzakirə olunur. Bizdə də son zamanlar uşaq futbolunda inkişaf müşahidə olunur. İstəyirik ki, futbolumuz daha da inkişaf etsin. Bizim uşaqlar nə qədər Avropaya çıxsalar, o qədər də Azərbaycan futbolu inkişaf edəcək".

Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə