Medianın İnkişaf Agentliyinin layihəsi
Sentyabrın 4-də Azərbaycanda futbol üzrə 2-ci liqa start götürəcək. Ölkəmizdə ilk dəfə keçiriləcək bu yarışda iştirak edən komandalardan biri də "Ağdaş" olacaq.
Bəs görəsən, bölgə təmsilçimiz yeni mövsümə hazırdırmı? Komandanın təlim-məşq toplanışı necə keçib? Klubun maliyyə baxımından sıxıntıları varmı? Bu kimi suallara cavab tapmaq üçün "Ağdaş" Futbol Klubunun prezidenti Rəhman Əliyevlə söhbətləşdik.
- Rəhman bəy, yeni mövsümə hazırsınızmı?
- Demək olar ki, mövsümə hazırıq. Bəzi çatışmazlıqlarımız var. İstəyirik ki, onları da qısa müddət ərzində aradan qaldıraq. Bunun üçün əlimizdən gələni edirik.
- Komandanın hazırlıq prosesi harada oldu? Ümumilikdə təlim-məşq toplanışı necə keçdi?
- Hazırlıq prosesi Ağdaş və Qəbələ şəhərlərində oldu. Orada məşqlər etdik, yoxlama oyunları keçirdik. Fikrimcə, təlim-məşq toplanışı uğurlu alındı. Çünki bizim komandamızın böyük hissəsi gənc oyunçulardan ibarətdir. Onlar da istəyirlər ki, özlərini göstərsinlər və karyera baxımından uğur qazana bilsinlər.
- Bəs klubun maliyyə durumu necədir? Yeni sponsorların cəlb olunması üçün hansı işlər görülür?
- Yeni sponsorların cəlb olunması üçün Ağdaşda iş adamlarına müraciət etmişik. Məsələn, Ağdaş Çörək Zavodunun rəhbəri Vüqar Hacıyev bizə forma almaqda dəstək olub. Ağdaş Tikinti Materialarının satışını edən Cavad Əliyev ve Ceyhun Əliyev stadionun təmiri üçün köməklik göstəriblər. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Azər Paşayev də müəyyən işlərdə dəstək olub. Mən inanıram ki, Ağdaşa böyük futbolun qayıtması ilə bizə sponsorluq etmək istəyən iş adamlarının sayı artacaq və daha ciddi işlər görə biləcəyik.
- Ümumiyyətlə, futbolumuzda iş adamlarının sponsorluq maraqlarını necə qiymətləndirirsiniz?
- Azərbaycanda iş adamları yatırım etdikləri yerlərdən haqlı olaraq qazanc da əldə etmək istəyirlər. Ancaq Azərbaycanda futbola yatırım edərək qazanc götürmək çox çətin və zaman tələb edən bir prosesdir. Xaricdə klublar bilet, forma, yayım və reklamdan böyük məbləğlər qazanırlar. Bizdə isə heç Premyer Liqa klubları saydığım işlərdən pul qazana bilmirlər. Futbol Azərbaycanda sosial layihə kimidir. Dövlətimiz futbola böyük dəstək göstərir. Baxın, əsas liqadakı, 1-ci liqadakı və 2-ci liqadakı komandalara, uşaq liqalarına... Dövlət dəstəyi olmasa, komandalarımız dağılar. Çünki demək olar ki, 90 faiz klublarımız dövlət dəstəyi ilə fəaliyyətini davam etdirir. Gələcəkdə iş adamlarını hansısa güzəştlərlə futbola cəlb etmək olar. Vergi güzəştlərini misal göstərmək olar. Xaricdə klubları sponsorlar saxlayır. Türkiyədə bələdiyyələr neçə-neçə kluba sponsorluq edirlər.
- Futbol İnkişafı Fondu artıq bir neçə klubumuza sponsor tapılmasında köməklik edib. Bəs siz bu mövzuda sözügedən fonddan yardım almağı düşünürsünüz?
- Futbolun İnkişafı Fondu əlindəki imkanlara görə çox böyük işlər görür. Biz də gələcəkdə onlara müraciət edə bilərik.
- Əksər bölgələrimizdə azarkeşlərin futbola marağı yüksək səviyyədədir. Bəs Ağdaşda necədir? Azarkeşləri toplamağı bacaracağınızı düşünürsünüzmü?
- Ağdaşda hansı çayxanaya getsəniz, mütləq orada futboldan söhbət getdiyinin şahidi olacaqsınız. Ağdaşda futbol sevilir. Əvvəlki illərdə Region Liqasındakı, Həvəskarlar Liqasındakı oyunlarımızda stadionda çox sayda azarkeş olurdu. Azarkeşləri stadiona toplamaq üçün qələbə mütləqdir. Hər kəs kimi biz də istəyirik ki, hər oyunda qələbə qazanaq. İnsanlarımız tək qələbə zamanı yox, hər zaman komandaya dəstək olmağı öyrənməlidirlər. Futbol mədəniyyəti bunu tələb edir. Biri var tamaşaçı, biri də var azarkeş olmaq.
- Futbolçuların motivasiyası necədir?
- Futbolçularımız gənclərdir və ona görə də istəklidirlər. Özlərini sübut etmək istəyirlər. Buna görə də motivasiya yaxşıdır.
- Yeni transferlər edəcəksinizmi?
- Bəli, transferlərimiz davam edəcək. Komandaya 50-yə yaxın oyunçu dəvət etmişik. Eləsi oldu ki, oyunu bizi qane etmədi. Oyununu bəyəndiyimiz futbolçuları komandaya cəlb etdik. Bəziləri də yüksək maaş istədilər. Onlarla anlaşa bilmədik. Əlimizdəki imkanlarla ən yaxşı heyəti qurmağa çalışdıq.
- 2-ci liqada əcnəbi futbolçunun oynamasına icazə yoxdur. Bəs icazə olsaydı, sizin legioner transfer etməyə gücünüz çatacaqdımı?
- İcazə olsaydı da, biz legioner almazdıq. İllərdir ki, uşaq futbolunun inkişafı üçün işlər görürük. Məqsədimiz uşaq futbolunu inkişaf etdirərək uzunömürlü komanda qurmaqdır. Azərbaycan futboluna yeni simalar qazandırmaq üçün çalışırıq. İnanırıq ki, bunu nəticəsini 7-8 ilə görəcəyik.
- Qarşıya hansı hədəflər qoyulub?
- Ümumilikdə biz 2-ci liqaya rəng qatmaq istəyirik. Peşəkar Futbol Liqası bu turnirin yaxşı alınması üçün çox işlər görür. 2-ci liqa bölgələrimizdə futbolun inkişafına böyük kömək ola bilər. Biz də həmin inkişaf edən klublardan olmaq istəyirik.
- İlk oyunda "Şahdağ Qusar"la qarşılaşacaqsınız. Bu matç haqqında fikirləriniz necədir?
- Qusar şəhəri keçmişdə də futbol şəhəri olub. Oradan hər zaman istedadlı uşaqlar çıxıb. Rəqibimiz güclüdür. Ancaq biz hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Kim güclüdürsə, o da qalib gəlsin.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video