AFFA-nın son əlacı “Neftçi”yə maliyyəni dayandırmaq oldu

AFFA-nın son əlacı “Neftçi”yə maliyyəni dayandırmaq oldu
YAZARLAR 18 Aprel 2023 / 10:23 5501
-  A +

Kasıb, kasıblamış klublar 3 milyon dərdi çəkir. Məğlubiyyət fonunda "Neftçi" rəhbərliyi daxil olmaqla baş məşqçi Rege deyir ki, gənc futbolçulara şans veririk, uduzsalar da, təcrübə toplayırlar.

Böyük, peşəkar futbolda "gənc futbolçu" anlayışı nisbidir. İstedad, bacarıq, hazırlıq, klub strategiyası, rəhbər/məşqçi qətiyyəti, inam, fiziki, psixoloji, taktiki gedişlər yerindədisə, vəhdət təşkil edilir və əsas heyətdə təcrübəli/yaşlı/gənclərin oynamasının fərqi olmur.

2014-cü ildir. Qarşıdan kubokun final oyunu gəlir. Rəqib "Qəbələ" ən təşkilatlanmış dövrünə qədəm qoyub, heç bir bir sıxıntıları yoxdur. Təsadüfi deyil. Qəbələlilər az sonra qrup yolunu gedəcəkdilər. “Neftçi"də isə daxili, kənar təzyiqlər isə pik həddə çatıb...

Klubun o vaxtkı rəhbərliyini, məşqçilərini uğursuzluğa düçar etmək üçün bütün planlar cızılmışdı. İdeoloq rolunda AFFA əsas sponsor SOCAR-a təsir edir, dəridən-qabıqdan çıxırdılar. Hər yola əl atılırdı. Proses artıq 2 ildi davam edirdi. Bacarmırdılar, "plan"ları istədikləri kimi baş tutmurdu. Tutmadığı qədər də azğınlaşırdılar. 

Son əlacları, müxtəlif bəhanələrlə kluba maliyyənin dayandırılması oldu. Aylardı maaşlar ödənilmirdi. Məqsəd - daxili narazılıq yaratmaq, futbolçuların etirazı, oynamaqdan imtina etməsini təmin etmək idi. O vaxt bunları dilə gətirmir, ictimailəşdirmirdik. Kənardan bəhanə kimi başa düşülə bilərdi. Bəhanə - bizim ruhumuza ziddir!

Sual oluna bilər ki, AFFA ideoloqları niyə bunu edirdi? Biz futbolu dağıdan "ideoloqların" komandasına daxil deyildik. "Neftçi"nin nəticələri, liderlik mövqeyi, sabit çıxışı AFFA-ya sərf etmirdi, planları pozulurdu. Xoflu canlarını qorxu almışdı, birdən federasiyaya gələrlər. Hədəfləri - "Neftçi"ni ələ keçirmək idi.

Təzyiqlər bir yana, kuboköncəsi heyətdə problemlərlə üzləşmişdik. Mahir Şükürov cəzalı, bəzi futbolçular zədəli. Üstəgəl, özümə də 10 oyunluq stadiona giriş qadağası, 20 min dollar da pul "cəza"sı kəsilib. "Neftçi"nin çökdürülməsi üçün hər şey edilir...

Daxilən klubdan gedəcəyimiz qərarını öncədən vermişik. Bir şərtlə ki, bütün süni maneələrə baxmayaraq, son titulumuzu, kuboku qazanıb qalib kimi "Neftçi"ni tərk edirik. Uğursuzluq bizlik deyil və heç kim də bunu edə bilməzdi.

Rəhbərlik, məşqçilər korpusu tam səfərbər olmuşuq. Maaşlar ödənilmir, sağ cinah da demək olar yoxdur. Gecə-gündüz bu haqda düşünülür. Klub prezidenti Sadıq Sadıqov, idman direktoru Güloğlan Cabbarov, baş məşqçimiz rəhmətlik Böyükağa Hacıyev...

Fiziki hazırlıq üzrə məşqçi Ruben Selesə təcrübəlilərlə yanaşı gənclərin tam hazır vəziyyətə gətirilməsi tapşırığı verilib, Bəxtiyar Musayev baş məşqçi ilə daimi futbolçulara nəzarət edirlər. Klubdakı mövcud durumla bağlı informasiyanın sızmaması üçün Gündüz Abbaszadəyə xüsusi tapşırıqlar verilib.

Sağ qanadın nizamlanması üçün Böyükağa Hacıyevlə hər gün məsləhətləşirik. Arada zarafatından qalmır, deyilr, "Ozümüz çıxıb oynayacağıq". Ən önəmlisi, heç kimdə təlaş, narahatlıq yoxdur, hamı qələbəyə köklənib.

Sağ tərəfdə hələ 20 yaşı tamam olmamış Məqsəd İsayevlə 19 yaşlı Samir Məsimov tandemini düşünürük. Gənc futbolçuların bundan xəbəri yoxdur. Vaxtından tez "yana" bilərlər, psixoloji olaraq pillə-pillə start heyətinə gətirilməlidilər...

Çoxsaylı digər gənclərlə birgə hər iki futbolçumuz oynamaq üçün alışıb-yanır. Finaldan 2-3 ay öncə "Sabahın ulduzları" yarışında gözümüzün önündə yetişmiş Məqsəd İsayev yanıma gəlmiş, oynamaq istədiyini bildirmiş, başqa klublara keçidi və ya icarəyə verilməsini xahiş etmişdi. "Özümüzə lazımsan"la yanaşı məşqlərdə daha fəal olmasını tövsiyyə etmişdim...

Samir Məsimov isə Moskva "Lokomotiv"indən "Neftçi"yə keçməmiş Yuri Syominli "Qəbələ"də baxışda olmuşdu. Rusiyalı mütəxəssisin “əvəzedicilərdə oynasın, sonra baxarıq” yanaşmasını gənc futbolçu qəbul etməyib oradan ayrılmışdı. Bunu mənə Samir "Neftçi"yə transfer olunanda danışmışdı...

Böyükağa müəllimlə hər iki gəncin əsas heyətə gətirilməsi ilə bağlı psixoloji hazırlıq planı cızdıq. Məqsədi "oynamaq istəyirdin"dən başlayaraq yavaş-yavaş finala yaxınlaşdırırdıq. Samiri isə "Syominə cavab vermək zamanın yetişib" psixoloji yanaşması ilə uşaqların oyuna hərtərəfli hazırlığını yoxlayırdıq. 

Final oyunu, bir qanadın tam gənclərə həvalə edilməsi böyük risk idi. Biz onsuz da qeyri-adi gedişləri, riski sevən insanlar idik. Gənclərin potensialını bilirdik, əsas, futbolçuları buna inandırmaq, dəstəklə birgə məsuliyyətin dərk edilməsi idi...

Problemlər bununla bitmirdi. Futbolçular aylardı maaş üzünə həsrət qalmışdı, finala görə mükafat da olmayacaqdı. Rəhbərlik olaraq qərara aldıq ki, futbolçular, əsasən də legionerlərlə ümumi toplantıda açıq söhbət edək...

Mövsümdən sonra klubu tərk edəcəyimizi bildirdik, təcrübəli futbolçuların həvəssiz meydana çıxmamalarını istədik. İnciklik də olmayacaqdı, vəziyyətin haradan qaynaqlandığını hər kəs bilirdi. Futbolçular bir qəpik mükafat olmadan da kuboku götürəcəklərinə söz verdilər.

Final günü... Məni - Tahir Süleymanovu qarabaqara izləyirlər, stadiona girişim qadağan edilib. 
Günahsız ola-ola 20 min dolların AFFA-ya ödənməsinə imkan vermirəm. Sadıq Sadıqov mənə görə stadiona getməyəcəyini bildirir. "Ya bir yerdə gedirik, ya da bazada qalırıq". Təkidimə baxmayaraq fikrindən dönmür.

Razılaşırıq ki, məşqçi, futbolçuların bundan xəbəri olmasın, oyunöncəsi komandaya psixoloji təsir etməsin. Tam heyəti bazadan stadiona yola salırıq. Möhtəşəm təşkil olunmuş final matçını tribunalardan 20 mindən çox azarkeş seyr edirdi.

Dramatik oyun alındı. Məqsəd İsayev, Samir Məsimov matçın ən yaxşılardan idi. Fantastik vurulan qol da sağ cinahdan təşkil edilmişdi.
Samir verdiyi sözü tutmuşdu, "Syominin qapısına qol vurmaq mənlikdi". Məqsəd isə son dəqiqələri ağır zədə alaraq şiddətli ağrılarla oynayırdı...

Təcrübəlilərlə gənclərin birlikdə əməyi, qələbə ruhu ilə kubok "Neftçi"nin bazasına gətirildi. Alqışlarla qızıl medalları boynumuzdan futbolçular asdı. Son qazandığımız nailiyyətlə digər titullarla birgə qalib olaraq "Neftçi" ilə sağollaşdıq. Yeni mövsümə klub artıq yeni rərhbəliklə başlayırdı...

Bu gün Məqsəd İsayev "Qəbələ"nin heyətində hər iki cinahda çıxış edərək "Neftçi"nin qapısına penalti qazandırır. O vaxtkı uşaqlar, hazırda təcrübəli futbolçular, o günləri unutmurlar. Məqsəd, Samir, digər dəyər bilənlər vaxtaşırı əlaqə saxlayır, telefon açırlar, yazırlar...

Məqsəd İsayev: "Çox gənc idik, dərk etmirdik, indi başa düşürük ki, bizim üçün nələr etmisiniz". 

Samir Məsimov: "Siz olsaydız bizim karyeramız başqa cür davam edəcəkdi".

"Neftçi", ümumilikdə futbol çökdürüldü, klublar dağıdıldı, neçə-neçə istedadlar məhv edildi. Hələ ki, bataqlığa sürükləməkdə davam edirlər. Məğlubiyyətlər girdabında gənclərə "şans" verilir, "yetişdirilir", uduzmağa alışdırılır...

Tahir Süleymanov

 (Feysbuk paylaşımından)


Son xəbərlər
03.11.24  01:15

"Beşiktaş" uduzdu