"Uşaq futbolu, uşaq futbolu...”
Azərbaycan futbolunda dillərdən düşməyən ifadə...
Futbola böyük maliyyə axını başlayandan, 2004/05 mövsümündən bu günə kimi ölkə çempionatının yüksək liqasında 30-a yaxın komanda iştirak edib. Zaman keçdikcə 18 komandalı çempionat tədricən 8 komandalı açıq "Bakı birinciliyi"nə çevrilib.
Azərbaycan futbolunda təhlillər, ümumi problemlərin köklü müzakirələri çox az aparılır. Üzdənyanaşmalar, layiq olmadıqları vəzifə davaları, AFFA-ya, milliyə kim(lər) gələcək müzakirələri... Və "uşaq futbolu yoxdur" fəryadı...
Müasir futbolda komandaları legionerlərsiz təsəvvür etmək çətindir. Az sayda bacarıqlı legionerlərin yanında yerli istedadlar püxtələşir, daha tez inkişaf edirlər. Azərbaycan futbolunu nəinki Avropanın "böyük 5-lik”, Türkiyə, Rusiya, Ukrayna, Niderland kimi futbol ölkələri ilə də müqayisə etmək doğru olmaz. Futbolun ümumi səviyyəsi, maliyyə yatırımları müqayisəolunmazdır.
Futbol Avropada iqtisadiyyatı özündə birləşdirən böyük industriyaya çevrilib. Teleyayım, sponsor, reklam, "oyun günü" gəlirləri klubların sabitliyini, gəlirlərini, ayaqda qalmalarını təmin edir. Digər önəmli məqam: Avropa İttifaqı vətəndaşlıq, sərhədsizlik, valyuta mübadiləsi baxımından keçmiş SSRİ kimidir, 30 yaxın ölkədə bir-birinə münasibətdə futbol limiti anlayışı yoxdur.
Azərbaycanda bunların 90 faizi mümkün deyil, futbol daha çox sosial layihədir. Klublarımız ancaq qruplarda oynamaqla UEFA xətti ilə milyonlar əldə edə bilərlər. Digər uyğun gələn məsələ isə çox çətin, əziyyətli yoldur. Ciddi layihələr ortaya qoyularaq istedadlar üzə çıxarıla, yetişdirilib xaricə çıxışları təmin edilə bilər...
Ölkə futbolunun "yağ-bal" dövründən bu yana, komandaların sifariş vərəqindən yuxarı-aşağı toplam 2000 (!) legioner futbolçu adı qeydiyyatdan keçib. Hər bir futbolçu komandada saxlanılırsa, növbəti mövsüm üçün yenidən sifariş edilir. Bu illər ərzində onlardan ən yaxşı halda 50-100 futbolçu Azərbaycan futboluna faydalı olub...
Sifariş edilən 2000 əcnəbi futbolçunun ortalama ümumi qiyməti 250-300 milyon dollardır. Günümüzdə manat kursuyla - yarım milyard (!) deməkdir. Azərbaycan şərtlərinə görə fantastik vəsaitdir. Bu rəqəm millilərdə, klublarda milliləşdirilən, nənəsi-babası azərbaycanlı çıxan "yerli" futbolçulara aid deyil. Onlar da əlavə edilsə, daha qorxunc mənzərə alınar...
Son 10 mövsümdə "Neftçi" və "Qarabağ"ın liderliyi onu göstərir ki, heyətdə maksimum 10-12 səviyyəli legionerlə yerli futbolçuların vəhdəti, doğru işlərin görülməsi çempionluqları, qrupları təmin edir. Vaxtilə limit sayı aşağı olduğu illərdə "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "İnter" 7-8/12 legionerlə də çempionluqları qazanıblar.
Belə olduğu halda Azərbaycan çempionatında futbol səviyyəsi ilə seçilməyən bu qədər legioner necə tüğyan edə bilərdi?
Minlərlə legionerin ölkə futboluna gətirilməsinin nə anlamı var? Səbəblər nədir? Bəlli limit həddi qoyulduğu halda niyə klublarımızın heyətində mövsümə 15-20, bəzi hallarda 25 futbolçu çıxış edib?
Azərbaycan klubları arasında çempionatda ümumi legioner sifarişinə görə mütləq rekordçu "İnter"/"Keşlə"dir. Ardıcıl qruplar qazanmış "Qəbələ" ikincidir... Bununla yanaşı, bu klublarla birgə çoxsaylı transferlər etmiş "Bakı" klubu infrastruktura, akademiyalarına, uşaq futboluna ciddi diqqət ayırırdılar.
Çempionluğa oynayan aparıcı klublar bir yana, ortabablar, autsayder komandalar elə mövsümlər olub ki, 15-18 (!) legionerlə çıxış ediblər. Hər zaman Azərbaycan futboluna istedadlar bəxş etmiş Gəncə, Tovuz, Zaqatala, İmişli,Qusar, Masallı, Salyan futbolunun onlarla legionerə nə ehtiyacı var idi?! Hətta MOİK-in heyətində belə əcnəbi futbolçular çıxış edib.
Sifariş vərəqində ümumi say limitinin tətbiq olunması məsələsini AFFA qarşısında dəfələrlə qaldırmışam, rəhbərlik səviyyəsində görüşlərim olub. Təəssüf ki, indiyə kimi problem çözülməyib. O klublarda ki, strategiya düzgün qurulurdu, ciddi problem yaşanmırdı, klub daxilində məsələlər limitə uyğun tənzimlənir, futbolçular yetişdirilir və ya yerli istedadlar komandaya cəlb edilirdi. Paralel olaraq bir çox klublar isə futbol qanunlarındakı boşluqlardan istifadə edirdilər.
2015-ci ildə futbolda maliyyə böhranı yaşandı, iddialı komandalar tarixin yaddaşına köçdü. Klublar "borc" içində bata-bata yaxın keçmişin səhvlərindən dərs çıxarmadılar. 2000 legioner sifarişindən 650-700 futbolçu son 7 mövsümdə komandaların heyətində çıxış edib. Buraya "Sumqayıt"ın, digər bir-iki klubun "yerli" əcnəbiləri daxil deyil.
8 komandalı çempionatda zaman-zaman sonuncu pillələrdə qərarlaşmış "Neftçi", "Qəbələ", "Keşlə" 13-16(!) legionerlə çıxış edib. "Zirə" iki il öncə 15 legioner, "Sabah" son mövsümlər 14 əcnəbi... Çempionat finişə yaxınlaşır, sabahın komandası yeni legionerlərini təqdim etməkdən yorulmur. Adı da olur növbəti mövsümə hazırlıq. "Xəzər Lənkəran", "Bakı" kimi klubların dağılmasının əsas səbəblərindən biri heyətə həddindən artıq legionerlərin cəlb olunması, maliyyə yükünün artması idi.
Əcnəbi futbolçular milliləşdirilib yığmaya cəlb edilir. Daha acınacaqlısı isə eddilərin Azərbaycana gətirilməsidir. İndi də nazarovlar müzakirə edilir. Onlar xaricdə oynadıqları üçün milliləşdirilmişdilər. Şeydayev özümüzünkü olsa da, Azərbaycana gətirilməsi və karyerasına zərbə vurulması dərs olmadı. Belə yanaşma, strategiya ilə Azərbaycan futbolunun dirçəlməsi çətin görünür...
Dünənə kimi klubların çoxu müstəqil idi. Bir tərəfdən AFFA inkişafı təmin edəcək qərarlar qəbul etmirdi, digər tərəfdən də yerli mentalitetə uyğun oliqarxlarla, vəzifədə olanlarla danışmaq, futbolu izah etmək də çətin olurdu. Pulları varsa, deməli, futbolu hamıdan yaxşı bilirlər təfəkkürü bu gün də beyinlərdə kök salıb, davam etməkdədir...
İmkanlı klublar tarixin yaddaşına köçüb, artıq komandaların çoxu AFFA xətti ilə maliyyələşir. Hətta "Qəbələ"nin büdcəsinin 70 faizindən çoxu federasiyadan ödənilir. Az-çox müstəqilliyini qoruyan bəzi klublar da dağılmış komandaların yolu ilə gedirlər...
Ümumi futbol strategiyası olmadığı, nəzarət edilmədiyinə görə "Neftçi"dən limitin aradan götürülməsi təklif-tələbi irəli sürülür, futbolçu yetişdirmək əvəzinə digər klublarla birgə milliləşdirilmişlərin arxasınca qaçılır. "Keşlə" legionerləri əlcək kimi dəyişir, "Səbail"də ümumi legioner istifadəsi 40-a yaxınlaşır, "Sumqayıt" popoviçlərlə ikinci dövrəsini vurur. Quzanlı stadionu da "Qarabağ"ın uşaq futbol akademiyasının yolunu gözləyir...
"Klublar futbolçu yetişdirməlidir...” Belə münasibətlə, milliləşdirilənlərlə, hər mövsüm 10-15 legioner transfer etməklə klublarda futbolçu yetişməz! Bu qədər əcnəbi ilə hədəf qruplar olmalıdır. Olmursa, olmayacaqsa, bu, milyonların çölə atılması deməkdir.
Uşaq-gənclər futboluna üzdən yanaşıb 8 komandalı çempionatda 10-15 legionerlə boş tribunalar önündə 2-7-ci yerləri bölüşdürmək Azərbaycan futbolu adına nə xeyir verir? Bu azmış kimi, düşüncələrdə xaricdə futbolun "Sinqapur layihələri" axtarılır....
15 il öncə "Sabahın ulduzları" layihəsini ərsəyə gətirdik, 2006-cı ildə turnir nümunəvi yarış olaraq UEFA-nın xüsusi diplomu ilə təltif edildi.
"Bakı", "Neftçi", "İnter" klubları, "Neftçi" İK, "Vətən" cəmiyyətləri, cəfakeş, imkansız uşaq məşqçilərimizlə, medianın təmənnasız dəstəyi ilə möhtəşəm işlər görüldü. Bu gün üzdə olan istedadlı futbolçuların əksəriyyəti o yarışdan çıxıb...
Azərbaycan futbolunda üzdə olan futbol adamlarının hamısı "Sabahın ulduzları" yarışlarının təltifetmə mərasimlərində, oyunlarında sevə-sevə iştirak ediblər. Bəzi veteranlarımızın övladları bu yarışda ilk addımlarını atıb, yetişiblər, milliyə kimi gedib çıxıblar, öz klublarının liderləri, aparıcı futbolçılarıdırlar.
Təəssüf ki, indi bir çoxu yarışın adını çəkməyə belə ehtiyat edir, birdən kimlərinsə xoşuna gəlməz. Süleymanovların layihəsi olduğu üçün digərlərinin də gələcək futbol "strategiyalarına" uyğun gəlmir. Eynilə yetişdirdikləri futbolçularına görə "Bakı", "Xəzər Lənkəran", "MKT-Araz" yaddan çıxdığı kimi...
Belə münasibətə görə ölkə futbolunda minimal şərtlərlə ərsəyə gətirilmiş, ən uğurlu, özünü sübut etmiş uşaq futbol layihəsi diqqətsiz qaldı. Neçə-neçə mahirlər, coşqunlar, bəhlullar, rahillər, emillər, məqsədlər, musalar üzə çıxa bilərdi... Çıxacaqdı da...
"Klublar futbolçu yetişdirməlidir". Əlbəttə yetişdirməlidir! Əgər futbola münasibət dəyişərsə.... Hələ ki, uşaqlar top, forma, şərait, səviyyəli yarışlar, futbol, ən azı insani münasibət üzünə həsrətdirlər. 300-500 manat maaş üzünə həsrət qalan fədakar uşaq məşqçilərimiz kimi...
Futbolda kabinet, vəzifə, millinin baş məşqçi savaşları davam edir. Futbolun "Sinqapur modeli" layihəsi üzərində baş sındırılır. Yarım milyard (!) manatın futbolun "sabahına", legionerlərə xərclənildiyi kimi. "Azərbaycanda futbolçu yetişmir", "uşaq futbolu yoxdur" deməklə futbolçu yetişmir. İllər itirilsə də, futbolda qəti, strateji addımların atılması zamanıdır... Əgər futbolun gələcəyi düşünülürsə...
Hələ ki, gec deyil...
Tahir Süleymanov
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Haaland buzlu suya girdi - Şəkillər
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...
Endrik üçün Premyer Liqadan təklif
Xuan Mata MLS klubunun ortaq sahibi oldu
Rodri: "Messi tarixin ən yaxşısıdır"
"Barselona"nın futbolçusu: "Ronaldo mənim kumirimdir"
"Real"a "yox" dedi, "Siti"ni seçdi
La Liqada ən yaxşı məşqçi adına üç namizəd
"Qəbələ" 20:0 hesablı qələbə qazanıb
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”