"Bu gün xal qazanmamaq fəlakətə bərabər olardı" - Samir Abasov

"Bu gün xal qazanmamaq fəlakətə bərabər olardı" - Samir Abasov
ÖLKƏ FUTBOLU 16 Aprel 2023 / 18:42 2932
-  A +

“Matçın startından gərginlik hiss edilirdi. Bu gün xal qazanmamaq fəlakətə bərabər ola bilərdi. Ona görə də hər iki komanda səhv etməkdən qorxurdu”.

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 30-cu turunda “Şamaxı”ya qarşı keçirilən oyundan (0:0) sonra deyib. 

Təcrübəli mütəxəssis bildirib ki, əksər komandalar Şamaxı səfərində çətinliklə üzləşir: “Bizdən daha yaxşı komandaların Şamaxıda hansı çətinliklərlə üzləşdiyini hamımız görmüşük. Meydança, eləcə də hava amili buna təsir edir. Bu gün pis çıxış etmədik. Bəzi məqamlarda üstünlük bizim tərəfimizdə idi. Düşünürəm ki, daha qətiyyətli olsaydıq, meydanı qələbə ilə tərk edə bilərdik. Amma heç-heçəyə görə çox heyifsilənmirik. Mübarizə davam edir”. 

Abasov komandasının ikinci hissədə daha çox hücum etməsinin səbəbini belə izah edib: “Birinci hissədə rəqib daha çox qapanmışdı. Amma ikinci hissədə "Şamaxı" da irəliyə atıldı. Ona görə daha çox hücumlar təşkil edə bildik. Həm də dəqiqələr keçdikcə futbolçular açılışır. Təəssüf ki, son nöqtəni qoya bilmədik”.

“Sumqayıt”ın çalışdırıcısı qapıçı mövqeyi ilə bağlı sualı belə cavablandırıb: “Aydın Bayramov zədədən yeni qayıdıb. Cəmi 3 gündür komanda ilə birgə məşq edir. İndiki məqamda İlnurun, yaxud Aydının birinci qapıçı olduğunu deyə bilmərəm. Kim hazırdırsa, qapıda o da duracaq”.

Mütəxəssis qarşıdakı 6 turla bağlı gözləntilərini də bölüşüb: “Ən əsası odur ki, öz meydanımızda keçirəcəyimiz oyunlarda qalib gələk. Bu halda məqsədə çatmaq üçün şansımız daha çox olacaq. Eləcə də səfərdə "Kəpəz"lə qarşılaşma vacibdir. Həmin görüşdə məğlub olmasaq, ümid etmək olar”.

Sonda Samir Abasov hər hansı klubun Premyer Liqanı tərk etməməsini istədiyini bildirib: “Mən bu fikri hələ bir ay əvvəl səsləndirmişdim. İndi də deyirəm - heç bir klubun Premyer Liqanı tərk etməyini istəmirəm. Bu fikrimi hərə bir cür başa düşür. Hətta özümə görə dediyimi iddia edənlər də var. "Sumqayıt" 12 ildi yaranıb. Bizim yaxşı akademiyamız var. Yenidən komanda qurmaq çox çətindir. Çoxları deyir ki, idman prinsipləri pozulur. Amma mən belə düşünmürəm. Hansısa komandanın Premyer Liqanı tərk etməsi həmin şəhərin futboluna təsir edəcək. Klub sayı artsa, daha yaxşı olar”.

Daha çox


Son xəbərlər
topaz banner