"Bəlkə də ən razı qaldığım oyun oldu" - Qurban Qurbanov

"Bəlkə də ən razı qaldığım oyun oldu"  - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2022 / 23:40 6979
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Olimpiakos"la matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

- Çox istəyirdik ki, qalib gələk. Amma sona kimi çox gərgin oyun getdi. Rəqib də istəkli idi. Oyundan razı qaldım. Minimum məğlub olmamaq yaxşı nəticə oldu. Ancaq hər bir halda bu matçdan ümumən narahat idim. Çünki futbolçularımda yorğunluq var idi. Bunu əvvəlcədən bilirdim. Sağ olsunlar, sona qədər çox yaxşı mübarizə apardılar, oyun intizamını qorudular. Futbolçularımı təbrik edirəm. "Olimpiakos"a da qarşıdakı matçlarda uğurlar arzulayıram.

- Kadi Borgesin zədəsi nə yerdədir?

- Sabah dəqiq bilinəcək. İlk hissədən sonra ağrıları var idi. Amma dedi ki, oynaya bilərəm. İkinci hissədə gördük ki, əziyyət çəkir və ona görə dəyişdik.

- 22-23 dəqiqə ərzində qol epizodları oldu. Sonradan rəqib beşli müdafiədən dördlü müdafiəyə keçdi və "Qarabağ"a qol epizodu vermədi. Buna qarşı heç nə fikirləşməmişdiniz? 

- 30-cu dəqiqədən sonra dəyişiklik etdilər. Bir az çətinliyimiz oldu. Amma ikinci hissə oyunu tam ələ ala bildik. Bu rəqibin futbolçuları elədir ki, istənilən sistemdə özlərini çox təcrübəli aparırlar. Müəyyən müddət gərginlik oldu. Rəqibdəki futbolçular öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar.

- "Olimpiakos" bir xala oynayırdı və buna çox sevindilər. Bu gün iki xal itirdiniz demək olar?

- Rəqib haqda fikir bildirə bilmərəm. Bir xal qazandıq. Çünki minimum Konfrans Liqasının play-off mərhələsini təmin etdik. Məğlub olsaydıq, tam fərqli göstərici olardı. Qarşımızdakı rəqib bura qələbə üçün gəlmişdi. Çünki xalları yox idi. İlk xallarını qazandılar. O dərəcədə sevindiklərini görmədim. Amma bir xal onların gələcək planları üçün böyük əhəmiyyət kəsb edirdi. Həmişə qazandığımız hər xala şükür etmişəm. Bu gün bir xal əldə etdik və nəticədən razıyam.

- Matçın gedişində Fransadakı "Nant"- "Frayburq" görüşünün nəticəsindən xəbərdar idiniz? Bir xalın qənaətbəxş olması Fransadakı nəticəyə görədir?

- Qətiyyən yox. Oyunun gedişatında heç bir məlumatım yox idi. Öz nəticəmizi daha çox düşünürdük. Bəlkə də oyundan 10 dəqiqə sonra bildim ki, "Nant" uduzub.

- "Olimpiakos"la Bakıdakı oyuna görə hər kəs narahat idi. Sizcə, nəyə görə?

- Hər oyundan öncə narahatlığımız olur. Rəqibin gücünü bilirdik. Kənardan fərqli görünür. Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatlıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam.

- Çərçivəyə zərbə olmadı. Bu barədə fikriniz necədir?

- Olmamış, olmaz. Rəsmi statistika səhv verə bilər (gülür). Ona baxmaq lazımdır. Qapıçıları top çıxardı. Çərçivəyə gedən toplar oldu. Hər oyun, hər zərbə istədiyin kimi alınsa, məncə, maraqsız olar. Qarşıdakı oyunlarda olar.

 - Komandanızın oyununda nədən narazı qaldınız?

- Narazı qaldığım məqamlar haqda həmən fikir bildirə bilməyəcəyəm. Mən həmişə belə oyunlarda hər epizoda real yanaşmaq istəyirəm. Çünki qarşımızda rəqib, istədiklərimizin qarşısını alan canlı qüvvə var. Belə olan halda rəqibi də nəzərə almaq lazımdır. Bəli, reallaşdırmalarda narazılıq var idi. Bu da texniki səhvlər idi.

- Standart vəziyyətlərdə reallaşdırma istənilən durumda deyil. Kornerlərdən sonra təhlükəli vəziyyət yaşanmadı...

- İnanın ki, bəlkə də ən razı qaldığım oyun oldu. 15-16 nəfər olan yerdə, düşündüyümüz, hazırlaşdığımız kombinasiyaları həyata keçirdik. Çox asan epizodlar yaratmadıq. Rəqib bilə-bilə də bunun qarşısını ala bilmədi. Reallaşdırmada problem oldu. Bu da normaldır. Hər düşündüyümüz alınsa, futbol oynamağa nə var idi ki?

Daha çox


Son xəbərlər