“Kəpəz” öz meydanında oynaya bilməyəcəkdisə, niyə yüksək liqaya çıxırdı?”

“Kəpəz” öz meydanında oynaya bilməyəcəkdisə, niyə yüksək liqaya çıxırdı?”
ÖLKƏ FUTBOLU 31 Avqust 2022 / 15:36 3281
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Premyer Liqasının geridə qalan 4 turunda komandaların çıxışları haqda danışıb.

Əməkdar məşqçi Qol.az-a açıqlamasında bildirib ki, hansı komandalar hazırlıqlıdırsa, onlar qələbə qazanırlar: “Sabah”ı qeyd edə bilərəm. Murad Musayev gələndən sonra komandada məşq prosesi dəyişilib. Onu alqışlayıram ki, orada cavan uşaqlar oynayırlar. İddialı klub həmişə təcrübəli qapıçıya üstünlük verir. Amma görürük ki, “Sabah”da gənc və yerli qapıçı çıxış edir. Komanda fiziki cəhətdən də yaxşıdır. Fikir verin, qolların çoxunu matçın sonunda vururlar. Çünki fiziki durumları yaxşıdır. 

“Qarabağ” 3 oyun keçirib və hamısını da udub. “Sumqayıt”la ağır oyunları oldu. Çünki meydana çıxan futbolçuların oyun təcrübəsi az idi. Qurban Qurbanov məcbur oldu ki, əsas oyunçuları meydana buraxsın. “Qarabağ” sakit halda oyunlara hazırlaşır. Həm çempionatın, həm də Avroliqanın kalendarını bilirlər. “Qarabağ” çox güclüdür. Bunu Avropadakı oyununa əsasən deyirəm. Yerli çempionatda o dərəcədə çıxış etməyə bilərlər. Çünki oyunçuların istirahət etməsi də lazımdır. “Qarabağ” üçün çətinlik olmayacaq. Məncə, çempionluğa yenə ən iddalı olan komanda “Qarabağ”dır”. 

“Qəbələ” çempionata yaxşı start verdi. Klubda əvvəlki istək qalıb. Komandada ruh görünür. Transferləri də çox yaxşı alındı. Lazım olan yerlərə transfer etdilər.

“Zirə” ilk oyunu uddu, amma sonra istənilən nəticəni qazana bilmir. Hiss olunur ki, “Zirə” həm heyət cəhətdən, həm də oyun sarıdan axtarışdadır. İnanıram ki, bir neçə turdan sonra komandadan fərqli nəticələr görəcəyik.

 “Şamaxı” yenidən qurulub. Onlara vaxt lazımdır. İki oyunlarına baxmışam. Futbolçular istəyirlər ki, xal qazansınlar. Mübarizə aparırlar, qələbəyə çalışırlar. Bunun olmağı yaxşı cəhətdir. Bunun sayəsində çox şey etmək olar. 

“Sumqayıt” məni çaşdırır. Komandanın oyunu yoxdur. Əvvəl biz görmüşdük ki, “Sumqayıt” hər iki hissəni eyni səviyyədə oynayır, ora kim səfər edirdisə, 1 xal qazananda sevinirdi. İndi komandada oyun yoxdur, heyət isə bərbad haldadır. Transferlər ediblər, amma keyfiyyətli futbolçu lazımdır. Pul verib futbolçu gətirirsənsə, gərək bizm oyunçulardan heç olmasa 15-20  faiz üstün olsun. Eyni səviyyədə futbolçunu niyə gətirirlər? Mən əcnəbi futbolçuya burada futbol öyrədəcəyəmsə, onu niyə gətirirəm? Bu suallara cavab tapmaq lazımdır. Baş məşqçi Aleksey Baqa ötən ildən komandanı çalışdırır. Bu mövsüm onun komandasından oturuşmuş oyun gözləyirdim. Amma bunda heç nə görünmür. 

Hələ “Neftçi” Konfrans Liqasında oynayanda demişdim ki, onların çempionatda da problemi olacaq. İndi bunu görürük. Bildiyimə görə, sol cinaha müdafiəçi axtarırlar. Bunu əvvəldən etmək lazım idi. “Neftçi” kimi klubda bir mövqeyə azı iki oyunçu lazımdır. Baş məşqçiləri çox gec gəldi. Avropada stabil çıxış etmədilər. Bunun təsiri qalıb. Komandada heyət hələ də tam deyil. Baş məqşçi hələ də axtarışdadır. Belə çox uzağa getmək olmaz. “Sabah”la oyunda da bunu gördük. “Neftçi” öz adına yaraşan oyunu göstərmir.

“Səbail”ə yeni baş məşqçi gəlib. Mahmud Qurbanov yüksək liqada işləməyə layiq idi. Çünki hazırlığı var. “Səabil” tamam dəyişilib. Ona görə də komandanın birinci növbədə oyunu olmalıdır Bunun üçün isə vaxt lazımdır. Hiss olunur ki, oyundan-oyuna artırırlar. Keyfiyyətli legionerləri də var. Yenə də necə olacağını zaman göstərəcək. Hazırda iş gedir, çalışırlar”. 

“Turan Tovuz” da istəklidir. Azarkeşlər oyunlarına böyük maraq göstərir. Əgər stadiona 5-10 min azarkeş gəlirsə, bu, alqışlanmalıdır. Təəssüf ki, Bakıda bəzən derbi oyunlarına çox az adam gəlir”. 

A.Mircavadov “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməməsini faciə adlandırıb: “İki klubumuz Premyer Liqaya çıxıb. Təəssüf ki, “Kəpəz” ev oyunlarını Gəncədə keçirmir. Bu, çox faciəvi haldır. Komanda öz meydanında oynaya bilməyəcəkdisə, onda klub niyə yüksək liqaya çıxırdı? Meydança əla vəziyyətdədir. Stadionun tribunası isə düzəlməlidir. Gəncə futbolunun tarixi, azarkeşi var. Ona görə də öz yerlərində oynamalıdırlar”. 

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
28.02.26  16:19

"Neftçi"də itki

topaz banner