"VAR dünyada ən bərbad halda Azərbaycanda tətbiq olunur"

"VAR dünyada ən bərbad halda Azərbaycanda tətbiq olunur"
ÖLKƏ FUTBOLU 23 Avqust 2022 / 08:38 3533
-  A +

"VAR sisteminin tətbiqi müəyyən ölçüdə obyektivliyin təmin olunmasına kömək edir. Bu, birmənalıdır. Avropanın aparıcı çempionatlarında, avrokubok oyunlarında VAR sistemi ilə bağlı böyük təcrübə qazanılıb. Təkmilləşdirmə davam edir. Azərbaycan Premyer Liqası üçün nümunələr, sistemin həyata keçirilməsi asan olmalıdır. Görünən isə odur ki, sanki VAR dünyada ilk dəfə Azərbaycanda tətbiq olunur, özü də bəzi oyunlarda ən bərbad halda..."

Bu sözləri Qol.az saytına açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib. O, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Premyer Liqamızın 3-cü turunda "Sumqayıt"la matçdan (0:0) sonra VAR hakimləri ilə bağlı narazılığına münasibət bildirib:

“VAR matçların dinamikasına, baxımlılığına xələl gətirməməlidir. Onsuz da çempionatımızda sürət, oyun səviyyəsi baxımından böyük problemlər var. VAR sistemi psixoloji olaraq kompüter qarşısında "PlayStation" oyununa, kabinetdə oturanlara əyləncə kimi görünür. Baş hakimlə sinxron əlaqə, qərarların müzakirəsi, operativlik ən üst səviyyədə olmalıdır. Asan epizodlarda oyun dayanmamalı, çətin görünən qərarlar maksimum 1-2 dəqiqə ərzində verilməlidir. Hətta bəzi Avropa ölkələrində epizodların VAR sistemində müzakirəsinə 30-40 saniyə vaxtın verilməsi gündəmdədir. Əks-halda referinin oyunun gedişindəki qərarı, səhv və ya doğru olmasına baxmayaraq, qüvvədə saxlanılacaq. Bu, matçlara xələl gətirilməməsini, tempin aşağı düşməməsini təmin edir. 

Ötən tur iki görüşün VAR sistemi adına paralelliyini aparsaq, bütün suallara tam aydınlıq gətirilər. "Sabah" - "Neftçi" qarşılaşmasında 3 penalti təyin edildi və heç bir narazılıq, etiraz yaşanmadı. Bu, baş hakimlə VAR-n əla işbirliyinin, obyektivliyinin göstəricisi idi. Hətta qapısına penaltilər təyin olunmasına baxmayaraq, məğlub olan komandanın baş məşqçisi də mətbuat konfransında hakimliyi deyil, öz komandasının bərbad oyununu vurğuladı. "Zirə" - "Sumqayıt" matçında adi epizod böyük narazılığa, matçın dayanmasına, referi-VAR kabineti müzakirələrinə səbəb oldu. VAR sistemindən öncə xüsusi vurğulanmalıdır ki, cərimə meydanında sıradan bir qayda pozuntusunu, hücumçunun müdafiəçiyə qarşı oyununu baş hakim görmür. 4-5 futbolçu bir yerə toplaşmayıb, sıradan bir epizoddur. Qayda pozuntusu anında qeyd edilsəydi, nə penalti epizodu yaranacaq, nə VAR-ın müdaxiləsinə ehtiyac olacaq, nə də görüş 6 dəqiqə dayanacaq, narazılıqlar baş verəcəkdi. Komandaları, məşqçi, futbolçuları emosional həddə çatdıran sıradan bir epizodda baş hakimin epizodu diqqətdən qaçırması oldu. Olayı şərh edən Hakimlər Komitəsinin sədri Barış Şimşekin epizoda verdiyi qiymət, oyunun 6 dəqiqə dayandırılmasının yolverməz olduğunu vurğulaması təqdirəlayiqdir. Referinin səhvini də qeyd etsəydi, tam obyektiv olardı. Vəziyyəti bu həddə nə komandalar, nə də baş məşqçi Rəşad Sadıqov, texniki zonada olanlar gətirdi. Hakimlər briqadasının özü bu şəraiti yaratdı. İstənilən halda sonda "günahkar" olmamaq üçün məşqçi/futbolçular təmkinli davranmalıdırlar. Digər tərəfdən, zəif idarəçiliyə çılğın reaksiya göstərilməsəydi, daha bir səhv edilib penalti də təyin edilə bilərdi. Bir daha vurğulayıram, bir oyunda 3 penalti göstərilir, heç bir mübahisə, etiraz yaşanmır, digərində sıradan bir epizod qalmaqala səbəb olur.  Bunun günahkarları ilk öncə hakimlərin özləridir. Barış Şimşekin də dolayısı bunları etiraf etməsi, klublarla əlaqələrin genişləndirilməsi, hakimlər arasında VAR sisteminin tətdiqinin təkmilləşdirilməsi yöndə işlərin daha sürətlə aparılacağı fikirləri sabah olan inamı nisbətən artırır. Qarşıdakı turlar bunu əyani göstərəcək...”

T.Süleymanov deyib ki, VAR sistemində 5-6 dəqiqəlik "iclasların" aparılması tək futbol adına deyil, futbolçuların sağlamlığına da xələl gətirir: “Orqanizm tonusdan düşür, əzələlər soyuyur, ciddi zədələrə yol açır. Belə davam etsə, payız, qış aylarında fəsadlar daha kəskin ola bilər. "Toplantı"ların aparılması futbol oynamayan, gün keçirən komandalara daha sərfəlidir, oyunlarda temp aşağı düşür, vaxt "öldürülür". Artıq futbolçuların özlərini yerə sərməyə, vaxtı uzatmağa, nəfəs dərməyə ehtiyac yoxdur, VAR kabineti bu missiyanı öz üzərinə götürüb. Belə davam edərsə, məşqçilər də məşq prosesinə korrektələr etməlidirlər. Futbolçuları 90 deyil, hər dəfə 110-115 dəqiqəlik oyunlara hazırlamalıdırlar. 

Çempionatın startından VAR sisteminin önəmli epizodlarda köməyi dəyib, obyektivlik təmin edilib. Bununla yanaşı, sistemdə müzakirə "passivliyi"nə son qoyulmalıdır. VAR otaqları əyləncə məkanı, 5-10 dəqiqəlik "çay süfrəsi" ətrafında söhbət, mübahisə yeri deyil. Sonda da baş hakim bütün futbolçuları, texniki heyəti başına toplayıb meydanda monitor qarşısında davamını gətirməməlidir. Belə məntiqlə, növbəti matçlarda VAR-da müzakirələr gedə-gedə stadionda 10-15 dəqiqəlik epizodların müzakirəsi üçün xüsusi "studiya"lar da təşkil edib, verilişlər də hazırlamaq olar. Təbii ki, belə hallara son qoyulmalıdır. Nə qədər yeni sistem, təcrübəsizlik olsa da, problemin həlli artan trayektoriya ilə davam etməli, dəqiqələr saniyələrə çevrilməlidir. Görünən odur ki, əksi baş verir, "iclas"ların vaxtı oyundan-oyuna artır. Müasir futbolda saniyələr ərzində pressinq edilib top rəqibdən alınmalıdır, hücumlar təşkil edilməlidir. Hər dəfə futbolçuları tonusdan salıb, oyundan qoparıb 5-6 dəqiqəlik pauzalarla bunları etmək mümkünsüzə çevrilir. Çempionat yeni start götürüb, gərgin, prinsipial görüşlər qabaqdadır. Komandalarda, məşqçi, futbolçularda getdikcə VAR sisteminə, hakimlər briqadasına inamsızlıq yaranır. Buna yol verilməməlidir!"

Daha çox


Son xəbərlər
topaz banner