"Qarabağ"la tək rəqabət apara bilmərəm" - Samir Abasov

"Qarabağ"la tək rəqabət apara bilmərəm" - Samir Abasov
ÖLKƏ FUTBOLU 9 May 2022 / 23:00 4423
-  A +

"Bəlkə də birinci dəfə idi ki, təzyiqsiz oyuna başladıq. Çünki itirəcəyimiz, qazanacağımız bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox şey yoxdur. Yerimizi bərkitməyimiz bəlkə də futbolçularda boşalmağa səbəb ola bilərdi. Amma oyun başlayanda belə olduğu görünmədi. Fikirləşirdik ki, rəqib oyuna yüksək təzyiqlə başlayacaq. Təxminlərimiz düz çıxdı, ilk dəqiqədən çox istəkliydilər. Vaxt keçdikcə diqtə edən tərəf olduq. Əfsuslar olsun ki, “Qəbələ”nin cərimə meydançasına girə bilmədik. Komanda ikinci yeri tutub, buna görə futbolçularımı təbrik etdim. Bizim üçün ikinci yer də pis deyil. “Neftçi”ni təbrik edirəm".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan  Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, komandasının məğlubiyyətini şərh edib. 

- Çempion ola bilməməyiniz komandadaxili ab-havaya necə təsir edib? Mamadu Mbodjun əvəzlənərkən etdiyi hərəkət, azarkeşlərin istefa şüarları, bütün bunları necə şərh edərdiniz?

- Mbodj paltardəyişmə otağında da həmin vəziyyətdədir. Bu, əvəzetmə ilə bağlı olan bir şey deyildi. Buraxdığımız qola və düşdüyü vəziyyətə görə əsəbləşir. Onu sakitləşdirməyə çalışırıq. Sizi əmin edirəm ki, bu, onunla bağlı deyildi. Futbolçularım “Qarabağ”ın çempion olması ilə barışmışdı. Bilirdik ki, 12-14 xallıq fərqi aradan qaldıra bilməyəcəyik. İkinci pilləni tutmağımızda kapitan və təcrübəli futbolçularımızın əməyi danılmazdır.

İstefa məsələsinə gəldikdə, bunu cavablandırmağımı istəməyin. Çünki yaxşı tonda cavablandıra bilməyəcəm. Sadəcə olaraq, anormallıqdır. "Qarabağ"ın heyətində 300-500 minlik futbolçular var, səndə belə deyilsə, əmələ gəlməyəcək. Maliyyə tərəfi belədir. Bir də illərlə qurulmuş komandaya qarşı mübarizə aparmaq var. Vicdanla deyirəm ki, ikinci yer çox yaxşıdır. İstefa qışqırırlar, nə cavab verim, deyim ki, düzgündür, ya yox? Sırf bunu qışqırmaq üçün gəlmişdilər bura. Əgər əsas rəqibin olan “Qarabağ” azarkeşləri də bu sözlərlə ələ salırsa...Yadınıza gəlir, "Bakcell Arena"da onlar da istefa qışqırmağa başlamışdılar...Burada tək komanda deyil, ümumi “Neftçi” düzəlməlidir.

- Bundan sonra təzyiq altında işləmək necə olacaq?

- Ümumiyyətlə, bu təzyiq haqda fikirləşmirəm, fikirləşməyəcəm də. O vaxtı azarkeşlərlə futbolçular arasındakı münasibət o dərəcədə pozulmuşdu ki, futbolçular azarkeşlərə əl çalmağa da getmirdi. Münasibəti düzəldən insan mənəm. Azarkeşlərimlə futbolçularımı çağırmışdım ki, belə olmaz. Görünən odur ki, azarkeşlər də özləri parçalanmış şəkildədir. Bir nöqtəyə vuran azarkeşlərimizi hiss etmirik. Bu gün baş məşqçiyə qışqırırlarsa, demək ki, futbolçu ilə münasibətləri də yaxşı deyil. “Neftçi”də təzyiq həmişə olub, olacaq da. Təzyiqdən qorxub kənara çəkiləcəyiksə, biz inkişaf etməyəcəyik. Əsl inkişaf təzyiq altında olan inkişafdır. Bu günləri hər şeyi baş məşqçidən bilirlərsə...Ki, buna yozurlar. Deməli, bu futbolun zayı çıxıb.

- Açıqlamalarınız onlar tərəfindən birmənalı qarşılanmayacaq...

- Bilirsiniz, sırf bunu qışqırmağa gəlmək anormallıqdır. Qışda Türkiyədə  açıqlama vermişdim və demişdim ki, azarkeşlərimiz nəticə azarkeşidir. Bunun üstündə də dayanıram. Qəbələyə gəlmisənsə, gözlə komandan udsun, ya uduzsun da. Məqam olan kimi, qışqırmağa başlayırlarsa, demək ki, planlaşdırılmış bir şeydir. Buna normal yanaşa bilmərəm. Heyətimizi görürsüz. “Qarabağ”dan sonra ikinci yerdəyik də. Müqayisə etmirlər. Bəs reallıq?

- Azarkeşlər reallığı qəbul etmir...

- Reallığı sən, mən qəbul etdirməliyik. Yaxşı onlara reallıq maraqlı deyil, bəs həmin “Forza Neftçi” idi də, yanıma gələndə demişdilər ki, “bilirik ki, çempion ola bilməyəcəyik, çünki “Qarabağ” bizdən güclüdür". Elə bu qışqıranları deyirəm. Deyirdilər, istəyimiz odur ki, komandamız ürəklə, loqo üçün oynasın. Həmin il çempion olduq, komandaya həmin ruhun verən də mən idim, çempion edən də. “Qarabağ” hər şeyinə görə çempiondur. Biz də ikinci yerdəyik də. Bundan artığını nə edə bilərdik?

- Bəlkə bugünkü istefa tək sizə yox, həm də klub rəhbərliyinə idi?

- Bu vaxta qədər baş məşqçini və ya klub rəhbərliyini işindən çıxaran azarkeş görməmişəm. Klub rəhbərliyi üçün də qışqırıbsa, mən cavabdeh ola bilmərəm. İkinci yeri tutmuşuq? Vəssalam.

- Büdcə və transfer məsələsində rəhbərliklə üst-üstə düşməyən fikirləriniz olduğu görünür. Deyə bilməzdiz ki, əsas problem nədədir?

- İnanın, demək istəsəm, burada deyəcəm. Yarımçıq deməyəcəm, ya da kiməsə nəyisə eşitdirməyəcəm. Biz ən azından bu klubda işləyirik, bütün söhbətlərin də klubdan çölə çıxması normal deyil. Büdcəni ayıran insan da mən deyiləm. Halbuki büdcənin ayrılmamasına, büdcənin "Qarabağ"a çatmamasına görə günahlandırılan da baş məşqçi olur. Görün hansı hala gəlib çıxmışıq. Deyirlər, filankəs niyə alınmadı? Bu sual baş məşqçiyə verilirsə, mən də bunu axarına buraxmışam. Əlimdə olan komanda ilə üçüncü yeri də tuta bilərdik. O da mənim üçün pis olmayacaqdı. Komandanın içində baş verənləri burada deməyəcəm. Ən asan yolu seçmişik. Bir nəfəri götürək, elə ona deyək nələrsə. Deyin də axıra qədər, görək nə olacaq?

- Ötənilki "Qarabağ"la builki arasında hansı fərqlər var?

- "Qarabağ"lın illərlə çempion olması, məni əlimdə olan gücümə görə məni narahat edir. "Qarabağ"la oyuna çıxıram, meydanda canımı qoyuram ki, qalib gələm. Yox, bu da olmursa, demək ki, mənim gücümdə deyil. "Qarabağ"la tək rəqabət apara bilmərəm. Təkəbbürdən uzaq olmuşam. Amma biz buradayıq deyə, "Qarabağ" təmiz dəyişilib. O boyda strukturu, büdcəsi, oyunçuları var. Edə bilmirəm, mən kiməmki burada? (sportal.az)

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq