"100 faiz Şamaxıdan futbolçu çıxacaq” - Vəli Qasımov

"100 faiz Şamaxıdan futbolçu çıxacaq” - Vəli Qasımov
ÖLKƏ FUTBOLU 21 Aprel 2022 / 15:59 3377
-  A +

“Üç aydan çoxdur burdayam. Çətin də olsa, iş gedir. Burada futbol və güləşə maraq olub. Bu gün də futbola olan maraq artıb. Əvvəl region səviyyəsində olub. Hər məşq zamanı yeni uşaqlar qoşulur. Artıq 150-dən çox uşaq məşq keçir. Onlara baxmaq da çətindir. Amma iş gedir. Balacalar artırır, orta yaş qruplarında bir az əziyyət çəkirlər. Amma 100 faiz Şamaxıdan futbolçu çıxacaq”. 

Qol.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.
 
O deyib ki, əsas məqsəd futbola marağı artırmaqdır: "Rayonda futbola marağın necə olması "Şamaxı"nın "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu Premyer Liqa matçından göründü. Hamı gəlib oyuna baxmaq istəyirdi. Növbəti oyunlarda da stadion dolacaq. Əhali futbolu çox sevir.  Burda futbol çox sevilir. Yaş qruplarına gəlincə, 5-6 yaşından 13 yaşadək oyunçular var. Hələ onları qruplara bölməmişik. Maraq böyük olduğundan hər məşqə çox sayda uşaq gəlir. Məktəblərdə seleksiya işi aparmışıq, turnirlər keçirmişik. Orda fərqlənən uşaqları məşqlərə cəlb edirik. Bu gün burada 6 yaşdan 13 yaşadək olan oyunçuları məşq etdirməliyəm. Sabah barədə deyə bilmərəm. Əvvəlki “Keşlə”nin aşağı yaş qruplarından olan uşaqların necə olacağını orda çalışanlar  bilər”. 

V.Qasımov Şamaxı şəhər stadionunun süni örtüyündə uşaqların futbol oynamalarına da münasibət bildirib: "Mən cavan və uşaq vaxtı asfalt, taxta meydança görmüşəm. Hər yerdə oynamışam, bizdə belə şərait yox idi. Hazırkı dönəmdə uşaq məktəbi üçün süni meydança çox yaxşıdır. Ötürmə öyrətmək, rəqibi aldatmağı başa salmaq  xalçanın üstündə çox rahatdır. Yəqin ki, çox eşidirsiniz ki, süni örtükdə məşq edəndə çoxlu zədə olur. Amma zədələr bununla deyil, çox yüklənmə ilə əlaqədardır. Hər yaş qrupunun məşq üçün öz vaxtı var. Ona riayət etsən, zədələr olmayacaq. Yüklənmə deyəndə nəyi nəzərdə tuturam? Məsələn, idmançını 20 kq-ı qaldırmağı məcbur etmək mümkündür, amma ikinci məşqdə o, zədə ala bilər. Çünki şişən əzələlər qaçanda cırılacaq. Bundan əlavə, 1,5 saatdan çox məşq etmək olmaz. Belə hallarda da zədələr gəlir. Bu səbəbdən, yüklənmələrə diqqət etmək lazımdır. Bu gün hər şey topladır. Sürəti topla, topsuz da qaldırmaq olar. İndi az futbolçular var ki, 30-40 metr qaçsın. 3-4 metr qaçıb sağa, sola, arxaya, qabağa ötürmə verirlər. 4-5 yaş qrupu üzrə təxminən 150 uşaq var. Kiçiklər daha çoxdur. 14-15 yaşlı uşaqlar da gəlir, lakin onları qəbul etmirik. Hərdən şərait yaradırıq ki, gəlib oynasınlar. Rayon üçün yaxşı olan 14-15 yaşlılar var ki, bəzilərini çağırıb məşq etdiririk. Bu gün planda yoxdur ki, onları komandaya götürüb məşq keçək. Futbolu gərək sevəsən. Mən uşaqlıqdan xəstəsi olmuşam".

V.Qasımov bu gün Azərbaycan futbolunda böyük problemlər olduğunu söyləyib: "Bu rayonlara və kiçik uşaqlara aiddir. İstəyirəm ki, uşaq futbolu qalxsın və gələcəkdə yaxşı futbolçular olsun. Hələlik seleksiya işi yalnız Şamaxı ilə bağlıdır. Lakin gələcəkdə planda var ki, yaxın rayonları da əhatə etsin”.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner