Robert Prosineçkinin BÖYÜKAĞAlığı

Robert Prosineçkinin BÖYÜKAĞAlığı
ÖLKƏ FUTBOLU 13 Noyabr 2016 / 11:06 8953
-  A +

Seçmə mərhələyə “Niyə də yox” şüarı ilə başlayan milli komandamızın məğlubedilməzliyi və qapısının toxunulmazlığı seriyasına Şimali İrlandiya tərəfindən Belfastda biabırcasına son qoyuldu. Sizə milyonlarla azarkeşin dünya çempionatının final mərhələsi ilə bağlı ümidlərini öldürən, xəyallarını puç edən oyun və bu oyunun baş oyunçuları haqqında danışmaq istəyirəm.

YENƏ HEYƏT SEÇİMİ SƏHVİ

Şimali İrlandiya ilə oyunqabağı milliyə çağrılanların adları açıqlananda gözüm Əfran İsmayılovın adını axtardı. “Qarabağ”da əsas heyətə düşməyə çətinlik çəksə belə, Prosineçskinin sevimlisinin milliyə çağırılağacına, hətta ilk 11-likdə olacağına şübhəm yox idi. San-Marino ilə oyunda əsas heyətdə olan və “güclü” rəqibə qarşı yeganə qolun asistlyini edən Əfran zədə ucbatından Norveç və Çexiya oyunlarında iştirak etməmişdi. Prosineçskinin məşqçiliyi dövründə millinin ardıcıl ən yaxşı 2 matçı həmin oyunlar olub. Cünki yığmanın əsan üstünlüyü sayılan qısa ötürmələrin əksər hallarda SON ÜNVANI olan Əfran axırıncı matçda iştirak etməmişdi. Şimali İrlandiya ilə oyunda da adət pozulmadı. Əksər ötürmələr  Əfrana çatdıqdan sonra ya növbəti ötürmə ləngiyirdi, ya da  2-3 rəqibin içərisinə soxulan yarımmüdafiəçimiz topu asanlıqla itirirdi.  90 dəqiqə meydanda olan yarımmüdafiəçinin bərbad oyununa matçdan sonra baş məqçimiz özünəməxsus şəkildə bəraət qazandırmağa çalışdı: “Əfran elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. Əfranın Dəniz Yılmaza olan ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı”.
Maraqlıdır ki, Şimali İrlandiya ilə oyunda 90 dəqiqə meydanda qalmasına baxmayaq, cəmi bir normal ötürməsi ilə yadda qalan Əfranı bu qədər tərifləyiriksə, onda gərək azarkeşlərimiz “Qarabağ”ın Almeydası, Kintanasına hər Avroliqa oyunundakı ötürmələrinə görə heykəl qoysunlar.
İlk 11 seçimindəki səhvlər təkcə Əfranla kifayətlənsəydi, nə dərdimiz vardı ki... Sən demə, Proseniçkinin özünəməxsus kəşfləri var imiş....

VƏ PROSİNEÇSKİNİN BÖYÜKAĞASAYAĞI “KƏŞF”İ

2012-ci ildə “Neftçi” Avroliqanın qrup mərhələsinə çıxmanda azərkeşlərimizlərin sevincinin həddi-hüdudu və elə ümidləri də indiki milli ilə bağlı ajiotajda olduğu kimi idi. Qrup mərhələsinin ilk oyunda Serbiya “Partizan”ı ilə səfərdə heç-heçə nəticəsində alınan xaldan sonra hamı Avroliqada play-off-u düşünməyə başlayırdı “Niyə də yox” şüarı olmasa da, ab-hava təxminən belə idi. İkinci oyun Bakıda İtaliyanın adlı-sanlı “İnter” klubu ilə idi. Stadionu bütünlüklə dolduran azərkeşlərimiz ancaq qələbə haqqında düşünürdü. Bu zaman o dövrün ulduz məşqçisi, “Neftçi”nin uğurlarının memarı kimi təqdim edilən Böyükağa Hacıyev oyun başlayanda hamını şoka çalacaq addım atdı... Sən demə, Böyükağa müəllimin də özünəməxsus kəşfi var imiş. Azərkeşlərin (bəlkə də futbolçuların da) tanımadığı Kamil Nurəhmədov ilk 11-də oyuna başladı. İlk hissədə ayağına 1-2 dəfə top dəyən oyunçu ilə bağlı səhvini başa düşən məşqçi ikinci hissə başlayanda onu vəz etsə də, artıq gec idi, “İnter” oyunun taleyini həll etmişdi. Oyundan sonra isə bu futbolçu demək olar ki, bir daha meydanlarda görsənmədi.

Nə sirdisə, Prosineçski də Böyükağa müəllim kimi supriz xəstəliyinə mübtəla olubmuş. Əvvəlki oyunlarda meydanda olmayan, məxsus olduğu “Boavişta” klubunda debüt belə etməyən Emin Mahmudov Şimali İrlandiya ilə oyunda ilk “11”də yer aldı. Əvəzində milidə hər oyunda keyfiyyətli oyunu ilə fərqlənən Dmirti Nazarov ehtiyatda qaldı. Baş məşqçi Prosinesçkinin bu kəşfi öz təsirini az gözlətmədi. Oyun zamanı heç bir hərəkəti ilə yadda qalmayan Emin Mahmudov üstəlik qapızımıza vurulan 2-ci qola səbəb olan cərimə zərbəsinin baiskarı oldu. Elə burda Prosineçskiyə məşhur kinomuzda deyildiyi kimi, “Əmi, sənə bir 5, əntiqə plan qurmuşdun” söyləmək düşür...

YENƏ QIRILAN ÜMİDLƏR, YENƏ DƏ SONU KƏDƏRLİ BİTƏN NAĞILLAR

Ötənilki seçmə mərhələnin sonunda 3-cü olmaq şansı ilə başlayan və 1-2 oyundan sonra bitən nağıl, indi cari qrup mərhələsində ilk oyunlarda təkrar elədi və təəssüf ki, hər ikisi “Happy end”lə bitmədi. Maraqlıdır ki, millinin baş məşqçisi Şimali İrlandiyaya 0-4 hesablı ağır məğlubiyyətə görə, nəinki azarkeşlərdən üzr istədi, hətta özünə bəraət qazanmağa çalışaraq, rəqibimi hədələməkdən belə qalmadı: “Şimali İrlandiya da Bakıya gələcək”. Növbəti oyunun gələn ilin martında olduğundan Prosineçski bu açıqlaması ilə dolayısı ilə azarkeşləri şirin xəyallar qurmağa səsləyir.

Bir dəfə də yazmışdım ki, post-neft dövründə milyonlarla dolları foqtslara, proseniçskilərə xərcləmək əvəzinə, ölkəmizdə yetərincə uğurlu nəticəsi olan Qurban Qurbanova milllinin sükanını təklif etməyin vaxtıdır. Qurban müəllim “Qarabağ”ı 3 il dalbadal Avroliqanın qrup mərhələsinə çıxarıb və hazırda komandası 7 xalla play-offa çıxmağa ən güclü namizədlərdən biridir. Qurban Qurbanov bundan artıq nə etməlidir ki, millinin başbilənlərinin gözünə girsin?!  İddia etmirəm ki, Qurban Qurbanov millinin baş məşqçisi olan kimi, komandamız Avropa və ya Dünya çempionatlarının final mərhələsinə çıxacaq, yox, amma əminəm ki, indiki əncəbi məşqçilərdən daha yaxşı nəticələr əldə edəcək. Hələ gec deyil, hələ hər şey itilməyib. Ancaq belə görürəm ki, AFFA rəhbərliyi tərsliyindən vaz keçib daşı ətəyindən tökməsə, futbol ictimaiyyətinin, o məşhur filmimizdə deyildi kimi, gedib AFFA-nin elçi daşında oturmaqdan başqa yolu qalmayacaq.

Anar BAYRAMOV
Qol.az saytı üçün

P.S. Belfastdakı ağır məğlubiyyətindən sonra, millimizi ölkəmizə qaytaracaq təyyarədə texniki problemlər olduğundan uzunmüddətli ləngimə baş verib. Bu xəbərlə bağlı sosial şəbəkələrdə azərkeşlərin biri maraqlı, zarafatyana status paylaşıb ki, pilotumuz millimizi geri qaytarmaqla şöyüş yiyəsi olmaq istəməyib... Bəlkə bu hadisə də, arifə bir işarədir...

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu