Kaxa Kaladze: “Azərbaycan futbolunda yaxşı məşqçi çatışmır”

Kaxa Kaladze: “Azərbaycan futbolunda yaxşı məşqçi çatışmır”
MÜSAHİBƏ 16 Noyabr 2008 / 21:38 7308
-  A +

İtaliyanın «Milan» klubunun futbolçusu, Gürcüstan yığma komandasının üzvü Kaxa Kaladzenin Qol.Az saytına eksklüziv müsahibəsi

 

 

- Ötən il siz Gürcüstanın ən yaxşı futbolçusu seçildiniz. Bu mükafata sizinlə yanaşı Almaniyanın «Şalke-04» klubunun yarımmüdafiəçisi Levan Kobiaşvili və «Karlsrue»nin hucümçusu Aleksandr İaşvili də iddialıydı. Amma üstünlük sizə verildi. Bunu necə şərh edərdiniz?

 

- Yəqin ki, bu, mənim Çempionlar liqasını iki dəfə qazanan yegənə gürcü futbolçusu olmağımla əlaqədardır (gülür)..

 

- Bir az keçmiş barədə danışaq. Sənin çıxış etdiyin ilk tanınmış ciddi klub Tiflis «Dinamo»su olub. Orda topladığın təcrübən barədə nə deyə bilərsən?

 

- «Dinamo»da dörd il oynadım. Amma orda oynadığım dövrdən yadımda nəsə qalmayıb. Kiyev «Dinamo»su barədə isə xatirələrim çoxdur. Mən orda çox az çıxış elədim. Lakin fəxr edirəm ki, bu qısa müddətdə mənim Valerii Vasilyeviç Lobanovski kimi məşqçim oldu. Mən «Dinamo»da Avropada oynamaq üçün təkcə təcrübə toplamadım, həm də dostlar qazandım. Xüsusilə, Şevanın adını çəkmək istərdim.

 

- Şevçenkoyla münasibətlərin indi də davam edir?

 

- Hə. İlk dəfə onunla «Dinamo»ya gələndə tanış oldum, «Milan»da isə münasibətlərimiz daha da istiləşdi.

 

- «Dinamo»dan «Milan»a transfer olunan ilk vaxtlarda sənin üçün çətin idi?

 

- Əlbəttə. Axı, mən italyan dilini bilmirdim.

 

- Meydançada sənin yanında tərcüməçi də qaçırdı?

 

- (gülür) Əlbəttə, yox. İngilis dili köməyimə çatırdı. Mən Milana Kiyev kimi şəhərdən gəlmişdim. Milana baxıb fikirləşirdim ki, mən hara düşmüşəm? Sonra öyrəşdim, indi buranı çox bəyənirəm. Xüsusilə, İtaliya mətbəxi çox dadlı və yüngüldür. Ola bilər ki, gələcəkdə burda restoran açdım.

 

- Ulduz kimi üzərinə hansı vəzifələr düşür?

 

- Ulduz kimi yox, bir futbolçu olaraq məsuliyyətimi dərk edirəm. Futbolçunun meydanı çıxması müğənninin «La Skala»nın səhnəsinə çıxması kimi bir şeydi. Əgər səhnədə soyunsan, səni bağışlamayacaqlar. Ona görə də mən hər matçdan əvvəl kilsədə dua edirəm ki, Tanrı mənə uğur göndərsin. Ola bilər ki, indi ulduzam, amma bununla fəxr eləməyə dəyməz. Heç vaxt sabah nə olacağını bilmirsən. Ən əsası yaxşı insan olmaqdır.

 

- Sizə elə gəlmirmi ki, bu gün futbolda hər şeyi pul həll edir?

 

- Yox. Düzdür, uğurlar hamısı göydən düşmür. Çoxlarına elə gələ bilər ki, mən bu mərhələyə asanlıqla gəlmişəm. Amma əslində bunun üçün geniş və çətin yol qət etmişəm. Fikrimcə, dünya futbolunda ulduz olmaq üçün inadkar xarakterin olmalıdır. Yeri gəlmişkən, azərbaycanlı futbolçular da belə xarakterə malikdirlər. Bu mənada, hesab edirəm ki, onların şansı çoxdur.

 

- Futbolçular çox şeyi karyeralarına qurban verir?

 

- İndi yox, amma əvvəl mən bir çox şeyi qurban verməli oldum, o cümlədən dostlarımla bir yerdə oturmağı da.

 

- Bu, bir gürcü üçün əsl faciədir.

 

- Doğrudur. Qızla çox vaxt diskotekaya getmək istəmişəm. Amma o dəqiqə fikirləşmişəm ki, mən ya futbolu, ya da əyləncəni seçməliyəm.

 

- Fikrincə, Azərbaycan futbolunun uğur qazanması üçün nə çatmır?

 

- Dediyim kimi, azərbaycanlı futboçuların xarakterı və temperamentı futbolda böyük zirvələr fəth etməyə imkan verir. Mənə elə gəlir ki, Azərbaycan futbolunda yaxşı məşqçi çatışmır. Əgər milli komandanın üzvlərini ayrı-ayrılıqda götürsək görərik ki, onların qələbə üçün hər şeyləri var - texnikası, təcrübəsi, inadkarlığı, xarakteri… Amma fərdi mənada heç nə etmək olmur. Yalnız güclü, peşəkar məşqçi bu oyunçularla yüksək səviyyəli komanda yarada bilər.

 

- İndi Azərbaycan milli komandasına Berti Foqts rəhbərlik edir. O, bu vəzifəyə bir müddət əvvəl təyin olunub. Fikrincə, Foqts komandanı yüksək səviyyəyə çıxara biləcəkmi?

 

- Yalnız bir şeyi deyə bilərəm - yaşayırıq, görərik. İnanmaq istərdım ki, o, komandada istənilən nəticəni qazanmaq üçün tələb olunan mühiti yarada biləcək. Amma bunun üçün vaxt lazımdır.

 

- Azərbaycanlı azarkeşlər arasında belə fikir var ki, oyunçuların pul mükafatları artırılsa, futbol yüksək səviyyəyə qalxa bilər. Bu barədə nə deyə bilərsən?

 

- Səhv fikirdir.

 

- Azərbaycanlı futbolçular arasında tanışların var?

 

- Təəssüf ki, yoxdu. Amma bunu düzəltməyə hazırlaşıram.

 

- Boş vaxtlarında nə işlə məşğul olursan?

 

- Dostlarımla görüşürəm. Vaxtımın çoxunu onlarla keçirməyə çalışıram. Həmçinin kinoteatra gedirəm və öz xobbimlə - maşınlarla məşğul oluram. Maşın və futbol - mənim həyatımdır. Düzdür, Gürcüstanda bank açdıqdan sonra həm də bizneslə məşğulam.

 

- Futbolçu karyeranı bitirdikdən sonra məşqçiliyə başlamaq niyyətin var?

 

- Mənim müqaviləm hələ 2011-ci ildə başa çatacaq. Yalnız bundan sonra ciddi olaraq bu barədə fikirləşə bilərəm. Amma indidən artıq gələcək planlarımı tutmuşam - tələbə olacam (gülür). Və əlbəttə evlənəcəm, hələlik isə qız axtarışındayam.

 

- Həyat yoldaşın kimi italiyalını, yoxsa gürcünü görürsən?

 

- Yox…. Onu Ukraynada axtaracam. Amma düzü, hələ azərbaycanlı xanımlarla tanış deyiləm (gülür).

 

- Azərbaycan futboluna nə arzulayardın?

 

- Çoxlu qələbə və çoxlu azarkeş. Azarkeşsiz futbol yoxdu.

 

Anastasiya ŞEXOVSOVA,

 

xüsusi olaraq Qol.Az saytı üçün

 

 

 

 

 

Daha çox


Son xəbərlər