Xaqani Məmmədov: “Hakim səhvlərinin çoxu “Xəzər Lənkəran”ın xeyrinə idi”

Xaqani Məmmədov: “Hakim səhvlərinin çoxu “Xəzər Lənkəran”ın xeyrinə idi”
MÜSAHİBƏ 22 Sentyabr 2012 / 12:06 3614
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az saytına müsahibə verib.

- Bir müddət idi ölkə xaricində idiniz. Burada olmadığınız zaman vəzifənizi kim icra edirdi?

- Hakimlər Komitəsində kifayət qədər əməkdaş var. Həm də çempionat oyunlarına da fasilə verilmişdi və mən də məhz bundan istifadə edib ölkə xaricinə yollanmışdım. Amma telefon vasitəsilə əlaqə saxlayırdıq, yoxlama görüşlərində gənc hakimlərə daha çoxşans verirdik. Bir sözlə, iş öz axarı ilə gedirdi.

- “Xəzər Lənkəran” - “Simurq” oyununu  canlı izlədiniz. Elçin Məmmədovun başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyini necə dəyərləndirərdiniz?

- “Xəzər Lənkəran” ötən tur “Neftçi”yə məğlub olduğundan yalnız qələbə üçün meydançaya çıxmışdı. “Simurq” isə hazırda yüksəlişdədir və turnir cədvəlində zirvəyə yüksəlməklə, bunun təsadüfi olmadığını sübut etdi. Oyunun gərgin keçəcəyini düşünüb təcrübəli hakim təyin etmişdik. Ancaq açığını deyim, elə də gərgin oyun olmadı. “Simurq” çox ağıllı müdafiə olundu və əks hücumlarda qollarını vuraraq, qələbəsini qazandı.

- Hakim bir sıra vərəqələr göstərdi. Sizcə, o, bütün hallarda haqlı idi?

- Hesab edirəm ki, bütün vərəqələr düzgün idi. Sadəcə, bizim futbolun bəlasıdır ki, futbolçular heç nədən vərəqə alırlar. Lazım olmayan anda gah rəqibi tutub saxlayırlar, gah yersiz qayda pozuntusu edirlər, gah hakimlə mübahisəyə girişirlər. Bugünkü oyunda da alınan vərəqələrin çoxu futbolçuların oyun qaydalarını yaxşı bilməməkdən irəli gəlir.

- Ötən tur oynanılan “Neftçi”-“Xəzər Lənkəran” matçından sonra lənkəranlılar Fariz Yusifovun idarəçiliyindən narazı qalmışdılar. Əsas narazılqı da onun tez-tez oyunu saxlaması idi. Həqiqətən də biz də belə epizodların şahidi olduq ki, “Xəzər Lənkəran” hücumda olmasına baxmayaraq, hakim qayda pozuntusuna görə oyunu saxlayıb cərimə zərbəsi təyin edirdi...

- Bəli, belə epizod oldu. Oyunun 5-ci dəqiqəsində “Neftçi”nin oyunçuları kobud oynadılar və özü də sarı vərəqəlik kobudluq idi. Ancaq bu zaman “Xəzər Lənkəran” hücumda olduğundan oyunu saxlamamaq da olardı. Lakin hakim saxladı və perspektivli hücumun qabağını aldı. Halbuki o, “davam” işarəsi verib hücum başa çatandan sonra sarı vərəqəni göstərə bilərdi. O ki qaldı digər epizodlara, mən elə həmin görüşdən bəzi görüntüləri Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirova da təqdim elədim və orda da görünür ki, hakimin buraxdığı səhvlərin çoxu “Xəzər Lənkəran”ın xeyrinə oldu. Məsələn, sonuncu dəqiqədə Adrian Pit simulyasiyaya görə meydandan qovulmalı idi.

- Növbəti turlarda oyunlar daha çox gənc hakimlərə veriləcək, yoxsa təcrübəli?

- İlk növbədə gənc hakimlərə. Çünki mən deyərdim ki, artıq həmin gənclər kifayət qədər təcrübə toplayıblar və daha məsuliyyətli oyunların ağırlığını daşıycaq səviyyəyə çatıblar.

Daha çox


Son xəbərlər