Şahin Diniyev: “Deməli, torbada pişik var”

Şahin Diniyev: “Deməli, torbada pişik var”
MÜSAHİBƏ 26 İyun 2012 / 14:29 3668
-  A +

Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- İlk növbədə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin rəqibi “Zestafoni” klubu haqda fikirlərinizi bilmək istərdim.

- Beş potensial rəqib içərisində ən güclüsü olmasa da, hər halda Gürcüstan çempionudur. Düzü, onları zəif hesab etmək düzgün olmazdı. “Neftçi”nin dişinə görə rəqibdir.  “Zestafoni”ni keçmək olar. Lakin bunun üçün gərək böyük qüvvə sərf edəsən. Əlbəttə, onları bir ayaqla oynamaqla keçmək mümkün deyil. Gürcü klubunun iki il ard-arda ölkə çempionluğunu yaşaması, onların oturuşmuş heyətə malik olmasından xəbər verir.

- Bir mütəxəssis kimi “Zestafoni”ni keçməyin yolunu nədə görürsünüz?

- İlk olaraq rəqibi bütünlüklə analiz etmək lazımdır. Onların bir çox oyunlarının video yazısını əldə edərək, təhlillər aparmaq gərəkdir. Bir sözlə, “Zestafoni” haqda bütün məlumatlar baş məşqçidə olmalıdır. Hətta komandanın futbolçuları barəsində ayrı-ayrılıqda bilgiyə sahib olmalıyıq. Bunu öhdəsindən gəlmək, qələbənin əlli faizini qazanmaq deməkdir.

- “Bakı” rəhbərliyi avrokuboklarda ən güclü rəqibin məhz onlara düşdüyündən gileylənib. Siz necə düşünürsünüz?

- Əgər, rəhbərlik söyləyirsə ki, bu səddi keçmək onlara asan başa gəlməyəcək, deməli, torbada pişik var. “Bakı” yoxlama oyununda bu rəqibinə qalib gəlmişdi. Amma unutmayaq ki, həmin komandayla görüş yalnız bir sparrinq qarşılaşması idi. Sloveniyalılar ikinci heyətlə meydana çıxıb yeni futbolçularını da sınaqdan çıxara  bilərdi. Bir sözlə, yoldaşlıq görüşündə qələbə qazanmaq hələ o demək deyil ki, “Bakı”nın “Mura” səddini keçəcək.

- Digər klublarımız “İnter” və “Xəzər Lənkəran” klubları haqda nə düşünürsünüz? Ümumiyyətlə, komandalarımızın mərhələ adlamaq şansları nə qədərdir?

- Bizim təmsilçilərimiz tam məsuliyyətlə, daha artıq güc sərf edib mübarizə aparmalıdır. Fikrimcə, “Neftçi” və “Bakı”nın rəqiblərindən fərqli olaraq, “İnter” və “Xəzər Lənkəran”a nisbətən münasib rəqiblər düşüb. Klub səviyyəsində estonlar Azərbaycan komandalarından üstün deyillər. Ona görə də, estonları məğlub etmək olar.

Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər