Xaqani Məmmədov: “Onun finalı idarə edəcəyi hələ aprelin 28-dən məlum idi”

Xaqani Məmmədov: “Onun finalı idarə edəcəyi hələ aprelin 28-dən məlum idi”
MÜSAHİBƏ 18 May 2012 / 15:07 2475
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-a müsahibə verib

- Dünən keçirilən ölkə kubokunun final matçı ilə mövsümə yekun vuruldu. Başlayaq, elə finaldakı hakim idarəçiliyindən...

- Öncə onu deyim ki, bu oyunu kimin idarə edəcəyi ilə bağlı mətbuatda və bir sıra saytlarda müxtəlif fikirlər getdi. Ancaq onu demək istəyirəm ki, məhz Əliyar Ağayevin kubokun finalını idarə edəcəyi aprelin 28-dən məlum idi. Bir qədər diqqətli araşdırma aparsanız, özünüz də görərsiniz ki, həmin tarixdən sonra Əliyar “Neftçi” və “Bakı”nın iştirakı iləkeçirilən oyunlara təyinat almayıb. O ki qaldı onun idarəçiliyinə, dünyada hələ belə şey olmayıb ki, ölkə kubokunun finalı 24 yaşlı gəncə həvalə olunsun. Ağayev oyunu çox yüksək səviyyədə idarə etdi və işinin öhdəsindən layiqincə gəldi. Mən ilk dəfə olaraq, onun aldığı qiyməti də açıqlamaq istəyirəm. Əliyarın idarəçiliyi 8.4 balla qiymətləndirilib. 

- Maraqlıdır, əgər təyinat aprelin 28-dən məlum idisə, niyə onu oyunun startına bir neçə saat qalmış açıqladınız?

- Bu, həmişə belə olub. Düzdür, bu dəfə hakimləri hansısa otelə toplamamışdıq. Ancaq özləri bilirdilər ki, kim təyinat alıb.

- Ağayevin rəqibi var idi, yoxsa o, yeganə namizədiniz olub?

- Açığı, ilk namizəd Anar Salmanov idi. Lakin o, son turlarada idarə etdiyi oyunlarda xətalar etdiyindən üstünlüyü Əliyara verdik. Düşünürəm ki, bu addımı atmaqda heç də səhv iş görmədik.

- “Neftçi” futbolçusu Denis Silvanın qırmızı vərəqə aldığı epizodda hakimə ciddi etirazını bildirdi. Həmin epizodu siz necə şərh edərdiniz?

- Hakim həmin epizodda tamamilə haqlı qərar qəbul etdi. Denis Silva təhlükəli hücumun qarşısını kəsdi ki, bu da sarı vərəqə deməkdir. Onun daha öncə də bir sarı vərəqəsi olduğunu nəzərə alsaq, verilən qırmızı vərəqə də tam məntiqli idi. Düzdür, adətən, final oyunlarında hakimlər çalışırlar bacardıqları qədər say tərkibini qorusunlar. Məsələn, son dünya çempionatının İspaniya - Hollandiya finalını xatırlayın. Həmin oyunda hakim hollanların ən azı 4 futbolçusunu meydançadan qovmalıydı amma, güzəşt elədi. Lakin elə şeylər də var ki, güzəşt etmək olmur. Əgər hakim Denisi meydançadan qovmasaydı və “Neftçi” sonradan qələbə qazansaydı, necə olacaqdı? Onda “Bakı”nın etirazına necə cavab verəcəkdik?

- Geridə qalan mövsümü necə dəyərləndirərdiniz? Qış fasiləsinə kimi hakim səhvlərinin sayı xeyli çox olsa da, fasilədən sonra nəzərəçarpacaq azalmalar oldu...

- Təlim-məşq toplanışları da məhz bundan ötrü təşkil olunur ki, buraxılan səhvlər aradan qaldırılsın. Həqiqətən də qış fasiləsinə qədər ciddi hakim səhvləri olmuşdu. Ancaq deməzdim ki, onların sayı həddən artıq çox idi. Hardasa 3-4 səhvi qeyd edə bilərəm. İndi bir müqayisə aparacağam, yenə başqa cür başa düşəcəklər. Ancaq fakt var ki, son Rusiya Premyer Liqasında keçirilən 44 oyunda hakimin birbaşa nəticəyə təsir edən səhvi aşkarlanıb. Mən özüm də bu məlumata oxuyanda dəhşətə gəldim.

- Deyəsən, tədricən hakimlərin sırasında  gəncləşmə prosesi  artır...

- Elədir, biz də ona çalışırıq ki, bu prosesi ildən ilə artıraq. Bu gün Əliyar Ağayev ölkənin ən yaxşı hakimi sayıla bilər. Amma, biz istəmirik ki, o, tək olsun. Orxan Məmmədovu da xüsusi qeyd edərdim. Biz ona baş hakim kimi təyinat verəndə çoxları deyirdi ki, o, elə yan xətt hakimi kimi qalsa yaxşıdır. Ancaq indi fikirlər tamam dəyişib. 2 ay bundan qabaq onu baş hakim kimi “Kəpəz” - “Simurq” matçına təyin elədik və inanın ki, oyundan sonra Gəncə azarkeşləri onu alqışladı. Baxmayaraq ki, “Kəpəz” uduzmuşdu. Digər gənc hakimlərimizə də böyük ümidlərimiz var və tezliklə siz də bunun şahidi olacaqsınız. Əsas məqsədlərimizdən biri də bölgələrdən perspektivli hakimlərin tapılıb üzə çıxarılmasıdır. Mən hələ 2008-ci ildən bu məsələni gündəmə gətirmişəm və bu gün də bunun üzərində gərgin iş gedir.

- Bu yay hakimlərin təlim-məşq toplanışını harada keçirməyi düşünürsünüz?

- İki variant var - Polşa və Sloveniya. Polşada bizə təklif olunan şərait superdi. Ancaq məsələnin pis tərəfi odur ki, orada oyun sayı çox azdır. Bizə isə daha çox oyun idarə etmək lazımdır. Sloveniyada isə oyun sayı çox olsa da, bəzi problemlər ortaya çıxıb. Ümid edirəm ki, həmin problemi aradan qaldırmaq mümkün olacaq. Səfərə 36-38 nəfər hakim aparacağıq.

Anar XANLAROV

Daha çox


Son xəbərlər