Fuad Musayev: "Xodukin, sənin işin nədən ibarətdir?"

Fuad Musayev: "Xodukin, sənin işin nədən ibarətdir?"
MÜSAHİBƏ 27 Noyabr 2008 / 20:58 5785
-  A +

AFFA-nın keçmiş prezidenti Fuad Musayev Qol.Az saytına müsahibə verib. F.Musayev ilk əvvəl milli çempionatın gedişi ilə bağlı fikirlərini açıqlayıb:

 

- "İnter"in Premyer-liqanın lideri olmasına qətiyyən sevinmirəm. Çünki bu, Azərbaycan futboluna heç nə vermir. "İnter" daha çox legionerlərdən ibarət komandadır. Yerli futbolçulara üstünlük verilməlidir. Deyirlər ki, Mahmud Qurbanov formada deyil. Bu, baş məşqçi Xodukinin günahıdır. Bəs, sənin işin nədən ibarətdir? Məgər Belkeviç formadadır?! Çox sevinirəm ki, "Qarabağ" və "Karvan"ın rəhbərliyi daha çox bizim futbolçulardan istifadə edir. Həmin komandalar xoş təsir bağışlayır. Ötən mövsüm "Olimpik" yerli futbolçuların köməyi sayəsində uğur qazandı. Neçə vaxtdır ki, bizim mütəxəssislər əcnəbi məşqçilərdən güclü olduqlarını sübut ediblər. Xaricdən gələn çalışdırıcılar legionerlərlə yerli futbolçular arasında fərq qoyurlar.

- Milli komanda haqda fikrinizi bilmək istərdik.

- Bir gün FİFA və UEFA-ya şikayət edəcəyəm. Məsələni belə qoyacağam ki, Azərbaycan milli komandasında ölkə vətəndaşları oynamırlar. Mən yığmada çıxış edən əcnəbiləri "lipa" adlandırardım. Nə Subaşiç, nə də Çertoqanov Azərbaycan vətəndaşıdırlar. Neçə illərdir bu haqda danışırıq, buna baxmırlar. Yazın ki, mən xəbərdarlıq edirəm. Foqts yenə də "milliləşdirilən" legionerləri yığmaya çağırır. Əgər onları yerli futbolçularla əvəzləməsələr, FİFA-ya mütləq məktub yazacağam.

- Bu addımınıza reaksiya verilə bilərmi?

- Bunu deyə bilmərəm. Mən öz fikrimi çatdıracağam. Deyəcəyəm ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməyiblər, pasport veriblər. Bunlar Serbiya, Braziliya vətəndaşlarıdır. Onlar iki pasportla yaşayırlar.

- Siz belə hərəkət etsəniz, Azərbaycan futboluna zərbəsi dəyə bilərmi?

- Axı, nə qədər demək olar?! Xaricdən məşqçi gəlir, milli komandanı "lipalaşdırır". Bu, nə biabırçılıqdır.

- Sizcə, legionerlərin heç bir faydası olmayıb?

- Bu komanda neyləyiblər ki? Hansı qələbəni qazanıb, nəticəni göstərib ki, faydası olsun? Dünya çempionatının seçmə mərhələsinin qrup turnirində yığma cəmi 1 xal toplaya bilib. Əvvəlki mərhələlərdə də uğursuzluqlar olub. Yenə də Sokolovu və başqalarını çağırırlar. Olmaz belə. Bizim uşaqlar oynamasalar, "batacaqlar". Aftandil Hacıyev niyə millidə oynamır? O, kimdən əskikdir? 5 il əvvəl Aftandil yığmada oynayırdı, indi onun 24-25 yaşı var. Niyə Emin Quliyevi komandaya çağırmırlar?

- Foqtsa başqa məsləhətləriniz varmı?

- Mən həmişə tövsiyələrimi verirəm. Mətbuatda bildirmişəm ki, ildə iki dəfə təlim-məşq toplanışı keçirmək vacibdir. Bunu oxuyub əməl edir. Məsləhət görürəm ki, azərbaycanlı futbolçuları milli komandaya dəvət etsin. Görürəm də, Subaşiç necə oynayır. O, qaralar bizim uşaqlardan yaxşı oynayır?

- Vaxtilə bir yerdə çalışdığınız Çingiz İsmayılov deyir ki, Foqts Tərlan Əhmədovu da yığmaya çağırmalıdır.

- Deməklə deyil axı. Çingiz İsmayılovla fikirlərimiz üst-üstə düşür. Tərlan Əhmədov yaşlı olsa da, 2-3 ildir hamısından yaxşı oynayır. Tərlan insanlıq, kapitanlıq keyfiyyəti ilə seçilir. Onun oynadığı komandada həmişə yüksək əhval-ruhiyyə, birlik olur. Onu həmişə yığmada saxlayırdım ki, böyük faydası dəysin. Milli komandaya Tərlan kimi kapitan lazımdır.

Anar CƏFƏRSOY

Daha çox


Son xəbərlər