Bülənt Qorxmaz: «Deyəndə ki, Vaqif orada oynaya bilməyəcək, Azərbaycan mətbuatı məni topa tuturdu»

Bülənt Qorxmaz: «Deyəndə ki, Vaqif orada oynaya bilməyəcək, Azərbaycan mətbuatı məni topa tuturdu»
MÜSAHİBƏ 18 Oktyabr 2010 / 16:45 4226
-  A +

«Bakı» klubunun türkiyəli sabiq baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına eksklüziv müsahibəsi

- Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədir?
- Şəhərinizə bu gün səhər gəlmişəm. Artıq bu axşam İstanbula dönürəm. Səfərimdə başlıca məqsəd «Bakı» klubunun prezidenti  Hafiz Məmmədovun anasının yas mərasimində iştirak etmək idi. Hafiz bəylə görüşüb ona başsağlığı verdim. Hafiz bəy mənim üçün çox dəyərli bir insandır. Onu çox sevirəm. Hafiz bəy Azərbaycan üçün də çox önəmli bir adamdır. Anasını itirdiyi üçün üzüldüyümü bildirdim.
- Son dəfə gördüyünüz Bakıyla indiki arasında dəyişiklik varmı?
- Düzü, şəhəri gəzməyə elə də çox vaxtım olmayıb. Yas mərasimində iştirak etdikdən sonra «Bakı»nın bazasına gəlmişəm. Burada görülən işləri izləyirəm.
- Futbolçularla görüşmüsünüzmü?
- Hələlik yox. Amma bir qədər sonra məşqləri olacaq. Yəqin o zaman görüşərəm.
- Bazanın özündə bir dəyişiklik varmı?
- Təbii. Burada yeni binalar tikilib. Düşünürəm ki, bir il sonra burada vəziyyət daha da yaxşılaşacaq.
- «Bakı»nın çempionatdakı çıxışlarından xəbəriniz var?
- Təbii ki, nəticələri izləyirəm. Amma oyunlarını seyr etmək imkanım olmayıb.
- Keçmiş komandanız elə də uğurlu çıxış etmir.
- Bunlar keçici şeylərdir. Hər şey düzələcək.
- Türkiyə - Azərbaycan oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Çox yaxşı mücadilə etdilər. Belə davam etsə, Azərbaycan futbolu inkişaf edəcək. 
- Azərbaycanın qələbəsi sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Mən daha öncədən də söyləmişdim, müasir futbolda hər cür nəticələr olur. Təbii ki, bu məğlubiyyət Türkiyə üçün çox pis və gözlənilməz oldu.
- Bu uğursuzluqdan sonra Türkiyənin «Avro-2012»nin final mərhələsinə qatılacağına inananların sayı xeyli dərəcədə azalıb.
- Mən belə düşünmürəm. Türkiyənin qrupda daha altı oyunu qalıb. Hələlik şanslarımız var.
- Neçə gündür, ölkənizdə Quus Hiddinki tənqid atəşinə tutublar. Siz bu tənqidlərlə həmrəysiniz?
- Mən bu haqda danışmaq istəmirəm.
- Bəs, fikrinizcə, belə oyun göstərərsə, Azərbaycan qrupunda neçənci yeri tuta bilər?
- Azərbaycanın da hələ xeyli matçı var. Düşünürəm ki, qrupda dördüncü yeri tutsanız, bu sizin üçün uğur sayılacaq. Siz inkişafın çox tez bir zamanda olmasını istəyirsiniz. Bu isə mümkün deyil. İnkişaf uzun zaman tələb edir. Hər şeydən öncə uşaq futboluna ciddi fikir vermək lazımdır.
- Bu oyundan əvvəl Türkiyədə bəzi futbol şərhçiləri Azərbaycanı çox asanlıqla məğlub edəcəyini deyirdi. Bu cür proqnozlara münasibətiniz necə idi?
- Oyuna qədər belə idi. Amma matçdan sonra Azərbaycan haqda çox gözəl şeylər söylədilər. Bəli, Azərbaycanın qələbəsi sürpriz oldu. Təbii ki, əgər Türkiyə ilə Azərbaycan bu gün də qarşılaşsa, favorit kimi bizim milli komanda göstəriləcək. Bir qələbə hər şeyi dəyişmir, sadəcə, inkişafa doğru addım atılır.
- Rəşad Sadıqovun Türkiyə ilə matçdakı çıxışı haqda nə deyə bilərsiniz? Onu Türkiyədə az qala qəhrəman kimi təqdim edirlər.
- Vallah, Rəşad həmin matçda yaxşı oynadı. «Eskişehirspor»la Türkiyə superliqasındakı matçda da özünü yaxşı tərəfdən göstərdi. Amma düşünürəm ki, Türkiyə ilə görüşdə Vaqif Cavadov Rəşaddan daha yaxşı oynadı. Vaqif fərqli bir oyunçudur. Hələ «Tvente»yə gedəndə mən demişdim ki, ilk mövsümdə o, Hollandiyada oynaya bilməyəcək. O zaman Azərbaycan mətbuatı məni topa tutdu. Amma heyif ki, mənim dediklərim oldu. Vaqif Cavadov Türkiyə superliqasında oynamaq səviyyəsində olan bir oyunçudur. Onun zamana ehtiyacı var.
- «Bakı»dan ayrıldıqdan sonra hələ heç bir klubla anlaşa bilməmisiniz.
- Müxtəlif ölkələrdən təkliflər gəlir. Onları dəyərləndirirəm.
- Azərbaycandan da təklif almısın?
- Yox.
- Sizi bir də nə vaxt hansısa bir klubun baş məşqçisi kimi görəcəyik?
- Əgər mənim şərtlərimi yerinə yetirən bir klub olsa, o zaman qəti qərar verəcəyəm.


 

Daha çox


Son xəbərlər